Xədicə İsmayılova: "Hökmü qərəzli hesab edirəm"

Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Xədicə İsmayılın cəzasını 3 il 6 aydan 2 il 3 aya endirib
Şəklin alt yazısı, Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Xədicə İsmayılın cəzasını 3 il 6 aydan 2 il 3 aya endirib

Araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın barəsində qanunsuz sahibkarlıq maddəsiylə başlanan işin icrasına xitam verilməsi haqda şikayəti Bakı Ağır Cinayətlər Məhkəməsində təmin olunmayıb.

Lakin məhkəmə, onun barəsində cəzanın müddətini 2 il 3 aya qədər azaldıb.

Məhkəmənin qərarını "qərəzli" adlandıran xanım İsmayılova apellyasiya şikayəti verəcəyini deyir.

"Hökmü qərəzli hesab edirəm. Təsəvvür edin ki, qanunun qulağını dartıb əyirlər. Qanunun yeni redaksiyasında onu elə tövsif etmək mümkün deyildi , amma onlar yenə də elə etdilər," İsmayılova BBC Azərbaycancaya müsahibəsində deyib.

Jurnalistin vəkili Fariz Namazlının sözlərinə görə, Xədicə İsmayılovaya qarşı irəli sürülən, Xarici İşlər Nazirliyində qeydiyyatdan keçmədən fəaliyyət göstərmə "artıq cinayət əməli sayılmasa da məhkəmə yenə də bunu cinayət sayıb".

2014-cü il dekabrın 5-də həbs olunan araşdırmaçı-jurnalist, Xədicə İsmayılova 2015-ci ilin sentyabr ayında vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Bu ilin may ayında isə Ali Məhkəmənin qərarı ilə ona, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə bəraət verib və o, 5 il sınaq müddəti qalmaqla 3 il 6 ay şərti cəza ilə <link type="page"><caption> azadlığa buraxılıb</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/05/160525_khadija_reax" platform="highweb"/></link>.

"Qərəz"

Vəkil Fariz Namazlı deyir ki, cinayət məcəlləsinin yeni redaksiyasına əsasən vergi orqanında qeydiyyatdan keçməyənlər qanunsuz sahibkarlıqla məşğul olan insan sayılır.

"Ona qarşı irəli sürülən 79 min gəlir yeni dəyişikliyə görə külli deyil, xeyli miqdarda gəlir hesab olunur. Belə olduqda o [ittiham] qanunsuz sahibkarlıq, xeyli miqdarda maddəsinə tövsif olundu və həmin maddə üzrə 4 ay cəza təyin olundu", vəkil bu cəzanın vergi ödəməkdən yayınma maddəsində nəzərdə tutulan cəza ilə toplanaraq 2 il 3 ay hesablandığını deyir.

Vəkil Fariz Namazlı deyir ki, məhkəmə jurnalist barədə çıxardığı hökmü əsaslandırmayıb

Şəklin mənbəyi, Emin Bebirov

Şəklin alt yazısı, Vəkil Fariz Namazlı deyir ki, məhkəmə jurnalist barədə çıxardığı hökmü əsaslandırmayıb

Vəkilin dediyinə görə, məhkəmə maddəni bu cür tövsif edərək belə bir hökm çıxarmasını əsaslandırmayıb. Cənab Namazlı məhkəmənin bu əsaslandırmanı qərarda yazıb-yazmayacaqlarından da "əmin deyil".

"Bəlkə heç yazmayacaqlar", hüquqşünas deyir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən jurnalist barəsində verilən 5 il sınaq müddəti də dəyişdirilməyib, cənab Namazlı vurğulayır.

Buna görə də jurnalist Xədicə İsmayılova deyir ki, yeni hökm onun vəziyyətində "heç nəyi dəyişməyib".

"Əslində bu maddə götürülsəydi məndə qalacaqdı ancaq 213-cü [vergi ödəməkdən yayınma] maddə. O da tək qalanda amnistiyaya düşəcəkdi. Onlar da bunu etmədilər və qanunsuz olaraq etmədilər", deyə Xədicə ismayılova əvvəlki hökmü də qanunsuz hesab etdiyini vurğulayır.

Xanım İsmayılova deyir ki, məhkəmə hökmündən verəcəyi apellyasiya şikayəti təmin olunmasa Ali məhkəməyə, sonra da Avropa məhkəməsinə müraciət edəcək.

"Çünki bu, açıq-aydın qərəz nümayiş etdirir məhkəmə", Xədicə İsmayılova fikrini əsaslandırır.