Xədicə İsmayıl şantaj edilib

Xədicə İsmayıl

Azadlıq radiosunun müxbiri Xədicə İsmayıl təhdid və şantaj xarakterli məktub alıb. Bu barədə o, Facebook səhifəsində yazdığı bəyanatında bildirib.

"Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Mənə, özümü yığışdırmasam, rüsvay olacağımı yazırlar" - Xədicə İsmayıl bəyanatında qeyd edir.

O düşünür ki, bu təhdid sürpriz deyil. "Uzun müddətdir, jurnalist araşdırmaları aparıram. O cümlədən, prezident İlham Əliyevin ailə üzvlərinin gizli bizneslərini araşdırmışam, ən yüksək səviyyədə korrupsiya ilə bağlı faktlar üzə çıxarmışam, hakim ailənin üzvlərinin ofşor biznesləri barədə gizlinləri açmışam".

Jurnalist yazır ki, o hazırda ciddi araşdırma mövzuları üzərində işləyir. "Birbaşa hakim ailəyə aidiyyatı olan şirkətlərlə bağlı rəsmi orqanlara sorğular göndərmişəm".

O düşünür ki, jurnalist fəaliyyəti hökuməti "çoxdan narahat edir".

Jurnalist hökumət qəzetlərində əleyhinə yazılar dərc edildiyini, haqqında böhtanlar yayıldığını bildirib. "İndiyə qədər ünvanıma erməni qohum-əqrəba, xarici kəşfiyyatla əməkdaşlıq kimi absurd ittihamlar səsləndirilib".

O özünə qarşı "çirkin şantaj metodlarından" istifadə ediləcəyini gözlədiyini yazır və indiyədək həmkarlarına qarşı artıq belə üsullardan istifadə olunduğunu qeyd edir. "Bunu göz altına almışdım və buna hazır idim".

Ancaq jurnalist işini davam etdirməkdə israrlıdır. "Çünki öz peşəsinə hörmət edən jurnalist başqa cür edə bilməz".

Xədicə İsmayıl hesab edir ki, bu kampaniyanın motivi "danışan insanları susdurmaq" istəyidir. "Bu iyrənc əməllərin arxasında böyük cinayətlər durur".

O bundan sonra özünə qarşı "daha iyrənc və daha təhlükəli addımlar" atıla biləcəyini istisna etmir.

"Hökumətin borcu bu hadisələri araşdırmaqdır. İndiyə kimi apardığım araşdırmaların xarakteri və indiyə qədər ünvanıma səslənən tənqid və ittihamların mənbəyini nəzərə alaraq, hər hansı bir hadisənin, eləcə də təhlükəsizliyimin təmin olunmasının məsuliyyətini prezidentin daşıyacağına ümid edirəm".