Xədicə İsmayılovanın azadlığa buraxılmasına beynəlxalq reaksiyalar

Şəklin mənbəyi, AP
Xədicə İsmayılovanın 5 il şərti azadlığa buraxılmasını bütün dünyadan jurnalistilər, qurumlar və təşkilatlar şərh edir.
Onu məhkəmənin və evinin qarşısında onlarla adam qarşılayıb. Onlayn məkanda isə onun azadlığa buraxılması ilə bağlı yüzlərlə şərh gəlib, onların çoxu rəsmi hesablardandır.
Avropa Parlamentinin prezidenti Martin Schulz-un fikrincə, tam bəraət verilməsi insan haqları və mətbuat azadlığı üçün “daha da yaxşı əlamət” olardı.
Amnesty International insan haqları təşkilatı məhkəmənin qərarını alqışladığını bildirsə də, əllavə edib ki, Xədicə İsmayılovanın barəsində ittihamlar ləğv edilməyincə o, ədalətə qovuşmayacaq.
Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia xəbəri “fantastik” adlandırıb. “Xədicə İsmayıl 5 il şərti azadlığa buraxılıb! 40 yaşı tamam olandan 1 gün əvvəl!”
AŞPA prezidenti Pedro Agramunt həmçinin araşdırmaçı jurnalistin işilə bağlı Azərbaycan Ali Məhkəməsinin qərarını alqışlayıb.
English PEN və Index on Censorhip kimi söz azadlığını dəstəkləyən təşkilatlar isə tvitləyiblər ki, qərarı qeyd etmək və “onun tam azad edilməsinə çağırmaq üçün” bu cümə günü toplantı keçirəcəklər.
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic və həmin qurumun DTİHB ofisinin rəhbəri Michael Georg Link adından yayılan birgə bəyanatda da onlar bu addımı alqışlayıblar. Lakin eyni zamanda onlar Xədicə İsmayılovaya qarşı irəli sürülən bütün ittihamların ləğv olunmasına çağırıb.
Transparency International təşkilatı bu günü “möhtəşəm gün” adlandırıb. “Xədicə həbsdən buraxıldı, amma bu, onun həbsinin haqsızlığını aradan qaldırmır”, Transparency International @anticorruption Twitter hesabında yazıb.
Bu yaxınlarda Xədicə İsmayılovaya mükafat verən UNESCO, həmçinin jurnalistin şərti azadlığa buraxılmasını müsbət dəyərləndirib. Bu ayın əvvəlində Xədicə İsmayılova UNESCO-nun Guillermo Cano Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb.
Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Nils Muiznieks də bu xəbərə sevindiyini qeyd edib. “İndi isə [Xədicə] heç bir maneə olmadan işinə davam edə bilməlidir”, cənab Muiznieks deyib.
“İsmayılovanın həbsi düzgün deyildi və o, çoxdan azadlığa buraxılmalı idi”, deyə İnsan Haqları komissarı əlavə edib.
Vəkil Cavad Cavadov bu gün jurnalistlərə deyib ki, Ali Məhkəmə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə bəraət verərək cinayət işinin icraatına xitam verib.




