Azərbaycan: Xaricdə Təhsil Dövlət Proqramına fasilə verilməsi tənqid edilir

Şəklin mənbəyi, Getty
Azərbaycanda bu həftə minlərlə gəncin xaricdə təhsil almasına imkan yaratmış Xaricdə Təhsil Dövlət Proqramına fasilə verildiyi elan edilib.
Bu xəbərdən sonra sosial şəbəkələrdə azərbaycanlılar proqram haqqında fikirlərini və xatirələrini paylaşıb.
Fasiləyə səbəb, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının icrası başa çatmasıdır.
Təhsil Nazirliyi bildirib ki, 1 illik fasilə dövründə Proqramın nəticələrini təhlil edərək, əlavə prioritetlər barədə yeni məsləhətləşmələr aparılacaq.
"Yeni proqramda iki istiqamət nəzərdə tutulub. Bunlardan biri xaricdə təhsil - magistr və doktorantura prioritet götürüləcək", APA nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq əlaqələr sektorunun müdiri Nicat Musayevdən sitat gətirib.
Proqram uğurlu idimi?
Təhsil üzrə təhlilçi Nabatəli Qulamov BBC Azərbaycancaya deyib ki, o, islahatlara skeptik yanaşır.
"Proqram özü uğurlu olsaydı, onun nəticələri bugünki Azərbaycanın əmək bazarında öz müsbət nəticələrini göstərərdi. Səbəblər çoxdur - xaricə təhsil üçün seçimlərdə gənclərin bilikləri yox, ictimai-siyasi mövqeyi əsas götürülürdü."
Cənab Qulamov deyir ki, hökümətin və cəmiyyətin təhsilə münasibəti dəyişməz qalarsa, o zaman islahatların da xeyri olmayacaq.
Proqramı "uğurlu" hesab edən Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Asim Mollazadə isə seçimlərdə ictimai-siyasi mövqeyin deyil, hazırlıq və xarici dil biliklərinin əsas götürüldüyünü deyir.
"Xaricdə təhsil proqramına böyük ehtiyac var, fasilə maliyyə ilə əlaqəlidir yəqin, ümidvaram ki, indi proqram müvəqqəti dayanıb və gələcəkdə davam edəcək."
Cənab Mollazadə əlavə edir ki, fasiləyə həmçinin, proqramın strukturlaşdırılması və dövlətin prioritet sahələri yenidən nəzərdən keçirməsi də səbəb ola bilər.
"Xaricdə bakalavr təhsilinin ləğvinə gəldikdə isə, bəzi yerli universitetlər artıq bu sahədə müəyyən irəliləyişlər əldə edib", deyən deputat ADA, Xarici Dillər və digər universitetlərini nəzərdə tutur.
Cənab Mollazadə deyir ki, xaricdə təhsil almış gənclərin ölkəyə qayıdaraq, universitetlərdə çalışmasına, Azərbaycan təhsilini dünya təhsil sisteminə uyğunlaşdırmasına və universitetlərin inkişaf etdirilməsinə "böyük ehtiyac var".
Sosial şəbəkə istifadəçiləri tənqid edir
BBC Azərbaycancanın gördüyü yüzlərlə tvit və postlardan bəlli olur ki, bir çox istifadəçilər proqramın başa çatmasına heyfslənib.
Bəzi istifadəçilər proqramın ləğvinə görə, ABŞ təhsilli təhsil nazirini qınayıb.

@UlviyyaAli: "Mikayıl Cabbarov xaricdə təhsil alıb deyə, ondan islahatlar gözləyənlər var idi. Çox ciddi islahat elədi, nuş edin."
"Xaricdə təhsil alıb, təhsil naziri olub "Xaricdə Təhsil Dövlət Proqramı"nı ləğv etdirən adama ("qoruqçuya") Mikayıl Cabbarov deyilir. Kimlər idi onun təhsil naziri olmağını irəliyə doğru bir addım hesab edənlər?", Ulvi Hasanli adlı istifadəçi bildirib.
Parviz Hashimli isə ona cavab olaraq "teşebbüs onun deyil ki...." bildirib.
"xaricdə təhsil proqramını dayandıran bir ölkədən nə gözləyəsən", @natig_huseynov deyib.
@elanvital21 deyib ki, "xaricdə təhsil programını dayandırmayın e xaricdə şirkət programını dayandırın."
Bir qrup isə proqramın başa çatmasını ölkədə keçirilən idman yarışları ilə əlaqələndirib.
""Şilləvuran" idmançılara vəzifə verirlər. Xaricdə bakalavr təhsil proqramını da dayandırırlar", @umahmudzade qeyd edib.
Ən çox paylaşılan şərhlərdən biri isə @Dermidor adlı istifadəçinin ironik postu olub. "Ümumiyyətlə, İdman yarışları Xaricdə təhsil üzrə dövlət proqramından daha vacibdi. Azərbaycana güləşçilər lazımdı, elm adamları yox."
@haciseferov isə paylaşıb ki, ""bu mənə gələcəkdə kömək olacaq" ümidiylə avropa oyunlarında könüllü olanların ən böyük ümidi xaricdə təhsil AO'ya [Bakı-2015 Avropa Oyunları] görə dayandırıldı."
@gnijat: "Xaricdə Təhsil üzrə Dövlət Proqramının məzunu kimi deyirəm ki, proqram bu formatda tamamən mənasız və səmərəsiz idi."
@fuad_mammdzadeh-in postu isə ittiham edici olub: "Xaricdə təhsil proqramı gənclər üçün ümid idi. Lakin bir çoxu o təqaüdü rüşvət və tapşırıqla qazanırdı."
Deputat Asim Mollazadə belə ittihamlarla bağlı bildirib ki, belə faktlar varsa, "üzərinə getmək və həllinə nail olmaq lazımdır".
"Faktlar öz təsdiqini taparsa, pozuntular barədə ölçü götürülməlidir."




