Məşğulluq idarəsində vətəndaş: "Oğurluq etməliyəm?"

    • Müəllif, Günel Səfər
    • Vəzifə, BBC Azərbaycanca, Bakı

Bu ilin yanvarında Azərbaycanın müxtəlif rayonlarında işsizlik və bahalaşmaya qarşı etirazlar baş tutduqdan sonra işsizlər Məşğulluq mərkəzlərinə üz tutmağa başladılar.

Lakin Bakıda və Azərbaycanın bir neçə bölgəsində BBC Azərbaycancaya danışan vətəndaşlar Məşğulluq idarələrindən və təkif olunan işlərdən narazı olduqlarını bildirirlər.

Dövlət qurumları isə müraciət edən vətəndaşların əksəriyyətinin işlə təmin olunduğu deyir.

"Oğurluq etməliyəm?"

Bakının Binəqədi rayonunda yerləşən Məşğulluq idrəsində çox insan toplaşıb. Onlar arasında gənc də var yaşlı da, universitet məzunu da var, məktəbi yeni bitirən də, illərdir işsiz olanı da, son aylarda işdən çıxarılanı da var.

İdarənin daxilində iki müxtəlif qapı qarşısında insanlar toplaşıb. Öyrənirik ki, birinci və daha çox insanın toplaşdığı qapıda dayananlar mərkəzdə işsiz siyahısına düşməyə gəlib. Buraya bir neçə gündür gələn və sıranın çoxluğundan hələ də adını siyahıya yazdıra bilməyənlər var.

Onlardan biri deyir ki, ilk dəfədir Məşğulluq mərkəzinə müraciət edib. Dekabr ayından işsiz olduğunu deyən vətəndaş, siyahıya düşmək üçün 215-ci adam olduğunu əlavə edir.

55 yaşlı digər vətəndaş isə iş üşün müraciət etdiyi yerlərdə yaşına görə işə götürülmədiyini deyir.

"İki ildir işsizəm, pensiya vaxtına qədər neyləməyiyəm, oğuruq etməliyəm?!", o bildirir.

Digər qapının qarşısında isə əsasən kişilər dayanıb. Onlar deyir ki, adları artıq siyahıdadır və iş üçün göndəriş almaq üçün gözləyirlər. Lakin onlar arasında azı 5 dəfə göndəriş almış və işə götürülməyənlər də var.

"Keçən dəfə mühafizəçi işinə göndəriş veriblər, getdim. Orda mənə idman etməyimi dedilər, istədiklərini edəndən sonra dedilər kii, bəs vakant yer yoxdur, get mayda gəl. Bəs yaxşı mənə iş yox idisə, niyə idman etdirirdi ki", vətəndaşlardan biri digərinə bu hadisəni danışaraq gülür.

İdarə işçilərindən niyə göndərişlərin əksəriyyətinə vakant yerlərin olmaması yazıldığını maraqlananada işçilərdən biri günahın çox vaxt vətəndaşlarda olduğunu deyir. Onun sözlərinə görə, işə uyğun olmayanlara imtina edilir.

Onun yanında dayanmış vətəndaş isə Məşğulluq Mərkəzinin fəaliyyətindən çox razıdır. Deyir həyat yoldaşı bu yaxınlarda mərkəz vasitəsilə işə düzəlib. İndi isə özü iş istəyir.

Müavinətin kəsilməsi üçün "bəhanə"

"Mən göndərişi almışam fevralın 8-də. Qeydiyyata salıblar ki, 256-cı adamsan, fevralın 11-i gəl. Həmin vaxt gəlmişəm, tikinti idarəsinə göndəriblər. Tikinti idarəsi də dedi ki, bizdə boş iş yeri ayın 8-də qurtarıb. Əgər elə idisə, niyə həmin gün göndərmirdilər", otaqda olan ikinci vətəndaş gileylənir.

"Burda 9 aydır qeydiyyatdayam, amma iş tapa bilmirəm. Günahım bəlkə yaş həddidir, bəlkə daydayımın olmamasıdır?!" vətəndaş gülümsəyərək sual edir.

Məşğulluq Mərkəzinə yeni daxil olmuş xanım direktorla danışmaq istəsə də, qapı bağlıdır. O deyir ki, işə ehtiyacı var, amma övladı azyaşlı olduğundan uzun 8 saatlıq rejimi olan iş istəyir.

"Məni göndərir ki, get marketdə kassir işlə. Orda axı az qalsın 12 saat işləyirlər. Mənim ailə vəziyyətim nəzərə alınmalıdır iş üçün göndəriş verəndə", xanım deyir.

Onun sözlərinə görə, 2 dəfə göndəriş verilən və hər iki işdən imtina edən vətəndaşa işsizlik müavinəti ödənmədiyindən, mərkəz ona "qəsdən razılaşmayacağı işlər təklif edir".

"Bu sadəcə müavinətin verilməməsi üçün bəhanədir", o qeyd edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti iş axtaran və işsiz vətəndaşların münasib işlə təmin edilməsi, haqqı ödənilən ictimai işlərə cəlb olunması, peşə hazırlığı və əlavə təhsilə cəlb edilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirir.

Nazirliyin BBC Azərbaycancaya dediyinə görə, rayon və şəhər məşğulluq mərkəzlərinə müraciət edən işsiz və işaxtaran vətəndaşların əksəriyyəti iş yerləri ilə təmin olunur.

"2013-2015-ci illərdə Dövlət Məşğulluq Xidməti hər il orta hesabla 30 min nəfərə yaxın işsiz və işaxtaran vətəndaşı münasib iş yerləri ilə təmin edib. Həmçinin hər il orta hesabla 4,1 min nəfərdən çox şəxs müvəqqəti xarakterli işlərə və 1,7 min insan haqqı ödənilən ictimai işlərə göndərilib", dövlət qurumu izah edir.

İş axtaranların əmək qabiliyyətlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün təkcə 2015-ci ildə 2014-cü illə müqayisədə 10 faiz çox, yəni 4150 nəfərədək şəxs kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, qənnadçı, mebel quraşdırıcısı, dərzi və digər peşələr üzrə kurslara cəlb olunub, nazirlik məlumat verir.

Nazirliyin sözçüsü Elman Babayev açıqlayır ki, bu ilin yanvar ayında Dövlət Məşğulluq Xidmətinin Məşğulluq Mərkəzləri tərəfindən 1650 nəfər işsiz və işaxtaran vətəndaşın müxtəlif idarə, müəssisə və təşkilatlarda münasib iş yerləri ilə təminatı həyata keçirilib, 180 nəfər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Məlumata görə, Məşğulluq mərkəzlərindəki vakansiyalar müxtəlif peşə sahələrini əhatə edir və İş üçün müraciət edənlər üçün yaş məhdudiyyəti yoxdur.

Məşğulluq idarəsində vakant yer kimi göstərilən iş yerlərindən bir çox insan imtina vərəqi ilə geri dönməsinə münasibət bildirən nazirlik sözçüsü deyir ki, barədə deyilənlər də əsassızdır.

"Göndəriş verdiyi vakant iş yerləri məhz işəgötürənlərin özləri tərəfindən həmin mərkəzlərə qanunvericiliklə təsdiq edilmiş hesabat formasında təqdim olunan vakant iş yerləridir. Ona görə də qeyd etdilən halların baş verməsi mümkün deyil", o qeyd edir.

Elman Babayevin sözlərinə görə, iş yerinə göndəriş verilmiş şəxsin işəgötürənin tələbinə cavab verə biləcək peşə bacarığına, əmək vərdişlərinə malik deyilsə,bu halda işəgötürənin həmin insanı işə qəbul etməmək hüququ var.

Nazilik sözçüsü işsizlik müavinətləri barədə danışaraq qeyd edir ki, “Məşğulluq haqqında” Qanuna əsasən, işsizlik müavinəti alan vətəndaş Məşğulluq mərkəzi tərəfindən təklif edilən 2 münasib işdən imtina etdiyi halda ona işsizlik müavinətinin verilməsi dayandırılır.

Müavinət kimlərə verilmir:

  • 15 yaşına çatmayanlar
  • pensiya hüququ qazanmış vətəndaşlar
  • iş axtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzürsüz səbəbdən Məşğulluq Mərkəzlərinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər
  • ilk dəfə iş axtaranlar
  • azadlıqdan məhrum etmə cəzasını çəkənlər
  • məşğul şəxslərə, o cümlədən, sahibkarlara, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar
  • mülkiyyətində torpaq payı olanlar

Ailə vəziyyəti nəzərə alınmadan işlər təklif olunan vətəndaş bu halı müavinətin verilməməsi üçün "bəhanə" adlandırmasına münasibət bildirən cənab Babayev "əgər vətəndaşa iş təklif olunursa o isə imtina edirsə, deməli, əsas bəhanə onun işləmək istəyində olmamasıdır", deyir.