Köməyə ehtiyacı olan aztəminatlı ailələr

- Müəllif, Günel Səfər
- Vəzifə, BBC Azərbaycanca, Bakı
Nuriyə Eyvazova qızının 4 oğlunu böyüdür. O, xadimə işləyir, Qarabağ əlili olan yoldaşının isə fəhləlik etdiyini deyir. Səbəb isə nəvələrinin xərclərini ödəyə bilməkdir.
Həmsöhbətimiz deyir ki, təxminən 5 il əvvəl bir övladı olan qızının 3 əkiz oğlu doğulub. Uşaqların atası onlara baxa bilməyəcəyini deyərək evi tərk edib. Həmin vaxtdan bu 4 körpə, nənə və babasının ümidinə qalıb.
Uşaqları böyüdən nənə deyir ki, ataları bu addımı işsiz olduğu üçün atıb. Onun qızı da işsizdir.
Nuriyə Eyvazova uşaqları böyütməyin çətinliyindən danışır. "Elə olub, uşaq yeməyini qədərindən az qatmışam ki, suyun rəngi ağarsın, uşaqlar yesin ağlamasın", deyir nənə.
"Baxa bilmirsənsə uşaq evinə qoy"
O, illər boyu yardım üçün müxtəlif dövlət qurumlarına müraciət etsə də, cəmi bircə dəfə uşaqlar doğulanda 180 manat verildiyini bildirir.
"Hara getdim heç kim kömək etmədi. Pampers, yemək üçün müraciət etmişdik, verilmədi", deyən nənə xadiməlikdən ayda cəmi 150 manat qazandığını da əlavə edir.
"Əvvəlki icra hakimiyyətindən dedilər ki, baxa bilmirsən uşaq evinə qoy. Mən də dedim ki, camaat uşaq evindən uşaq götürüb saxlayır, mən necə aparım qoyum ora", nənə ağlayaraq deyir.
"Yoldaşım Qarabağ əlilidir. Yüksək təzyiqi var, bu uşaqlara görə fəhlə işləyir", nənə bildirir.

Ailənin vəziyyəti o qədər çətinləşib ki, böyük oğlu təhsil alması üçün Qızılqumda yerləşən sanatoriyaya göndərməyə məcbur olub.
"Uşaq ağlayır, hər həftə sonu gətiririk evə", nənə deyir.
Hazırda bu ailə ünvanlı sosial yardım alsa da, Nuriyə xanım bu pulun ailənin dolanmasına yetmədiyini deyir.
"Burada 4 əsgər saxlayıram, ac-susuzdular. Kömək etsinlər ki, sağlam yetişsinlər", o bildirir.
Dövlətin köməyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin BBC Azərbaycancaya verdiyi məlumata görə, cari ilin yanvar ayında nazirlik tərəfindən 105 497 aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Onlardan 29 598-i tərkibində üç və daha çox uşağı olan ailələrdir.
"Bu yardımı alan ailələrdə ailə üzvlərinin 216 529 nəfəri (47,7 faizi) yaşı 18-dək olan şəxslərdir. Qeyd olunan ailələrdə 5 151 nəfər 1 yaşadək uşaq vardır ki, onların da hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq aylıq sosial müavinət də ödənilir", nazirlik bildirir.
Məlumata əsasən, 2016-cı ilin yanvar ayında prezidentin sərəncamı ilə müavinətin məbləği də 10 faiz artırılıb.
Nazirlik deyir ki, analara belə müavinət verilir: "2014-cü ilin əvvəlindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinət təyin olunaraq ödənilir. Həmçinin 3 və daha çox uşaq doğub 8 yaşınadək, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar 57 yaşına çatdıqda onlara yaşa görə aylıq sosial müavinət təyin olunur".
Bundan başqa pensiya qanunvericiliyinə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların yaşa görə əmək pensiyası almaq üçün müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır, nazirlik qeyd edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bildirdiyinə görə isə, quruma müraciət edən aztəminatlı ailərə kömək fərdi şəkildə edilir.
Dövlət qurumu deyir ki, onalara müraciət edən ailələrin məşğulluq məsələlərində, uşaqların bağçalara yerləşdirilməsində, uşaqların doğum şəhadətnamələrinin alınmasında yardımlar edilib. Bundan başqa Komitə belə ailələrə psixiloji və hüquqi köməkliklər də etdiyini vurğulayıb.
Sosial işin vacibliyi

Şəklin mənbəyi, z
Aztəminatlı ailələrlə işləmiş sosial işçi Sara Ağayevanın sözlərinə görə, onun işədiyi aztəminatlı ailələr daha çox regionlardan gəlib Bakıda yaşayanlardır və onlar ölkənin dəmək olar bütün bölgələrindən olurlar. Bu ailələrin əksəriyyəti Bakı şəhərində kirayə qalırlar və günəmuzad işləyirlər.
Sosial işçi deyir ki, aztəminatlı ailələrlə ilk növbədə sosial işçilər işləməlidir, bu səbəbdən müvafiq işlə məşğul olan dövlət qurumunda sosial işçilər çalışmalıdırlar ki, sosial işçilər həmin ailələrlə qiymətləndirmə aparıb onların problemlərini həll etmək üçün fərdi müdaxilə planları hazırlasınlar.
Bu ailələr təlimlər, konsultasiyalar vasitəsi ilə səlahiyyətlənməlidir ki, ailə üzvləri qarşılarına çıxa biləcək problemləri həll etmək iqtidarında olsunlar, Sara Ağayeva deyir.
"Hal-hazırda Azərbaycanda bu problem olduğu kimi qalır. Heç bir dövlət qurum bu ailələrlə problemə yönəlmiş həll şəklində işləmir. Sadəcə dövlət səviyyəsində ünvanlı sosial yardım aztəmiantlı ailələrə verilir. Lakin bir çox ailələr bu barədə məlumatlı olmadıqları və ya təkbaşına sənədləri toplaya bilmədikləri üçün bu müavinətdən məhrum olmuş olurlar", o əlavə edir.
Nuriyə Eyvazova ilə bağlı isə o deyir ki, uşaq ailədən kənarda böyüməməlidir. Bu problemin həll edilməsi üçün isə valideynlərdən heç olmasa biri işlə təmin olunmalıdır.
Bunun üçün atanı və ananı iş tapması üçün Məşğulluq Mərkəzinə yönləndirmək və ya ananı qabiliyyətinə uyğun peşəyə yönləndirib ev şəraitində iş qurmasına yardımçı olmaq olar, sosial işçi qeyd edir.




