Azərbaycan: Kənd təsərrüfatı iqtisadi inkişafa təkandırmı?

Şəklin mənbəyi, Gunel Sefer

    • Müəllif, Seymur Kazımov
    • Vəzifə, Bakıdan BBC Azərbaycanca üçün

Azərbaycan büdcəsinin əsas gəlir mənbəyi olan neft qiymətlərinin düşməsi fonunda iqtisadi inkişafa necə təkan vermək olar?

Ötən il rəsmi qurumlar 2015-ci ilin sonuna təxminən 4 faizlik iqtisadi artım olcağını güman edib. Rəsmi qurumlar həmçinin əlavə edir ki, Azərbaycanda iqtisadi artım qeyri-neft sektorunun hesabınadır və bu sektorun payı 70 faizə yaxındır. Bura, sənaye və kənd təsərrüfatı aiddir.

2015-ci il büdcəsinin gəlirlərinin 53 faizi neft sənayesindən gəlib.

Kənd təsərrüfatı ölkədə ən böyük işçi qüvvəsinə malik sektorlardan biri hesab edilir, ümumi işçi qüvvəsinin 40 faizi bu sahədə çalışır, hərçənd ÜDM-də onun payı sadəcə 5.3 faizdir.

Bu sahədə istehsalın artırılması ərzaq təhlükəsizliyi strategiyasının da əsasını təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda ərzaqla özünütəminetmə səviyyəsi 80 faiz təşkil edir və ərzaq idxalından asılılıq 22 faizdir. Komitənin rəqəmlərini müşahidəsi zamanı məlum olur ki, bəzi tərəvəz, ət və qida sənayesi məhsullarında özünütəminetmə səviyyəsinin də 80 faiz olduğu deyilsə də, əksər qida məhsullarının xammalı xaricdən idxal olunur.

Ötən il İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin Mərkəzi Aran regionunun 6 rayonunun (Bərdə, Tərtər, Goranboy, Ağcabədi, Yevlax, Ağdam) fermerləri arasında apardığı müzakirələrdən sonra məhsulun bazara çıxışı üzrə aşağıdakı problemlər müəyyənləşib:

  • Emal müəssisələri ilə əlaqələrin qurulmasında problemlər var, kiçik fermerlərin istehsal etdikləri məhsullar emal müəssisələrinin tələblərinə cavab vermir
  • Fermerlərin məhsullarını paytaxta aparmaqda çətinlik çəkirlər
  • Regional satış bazalarının yaradılmasına ehtiyac var
  • Toxumların keyfiyyətinin aşağı olması məhsulun keyfiyyətinə mənfi təsir göstərir ki, bu da məhsul satışına problem yaradır
  • Xarici ölkələrə, xüsusən də Rusiya bazarlarına məhsul ixracı çətinləşib.
  • Məhsulların satışı daha çox vasitəçilər tərəfindən həyata keçirilir. Bu vəziyyətdə fermerlərdən daha çox güzəşt tələb olunur, bazarlarda isə qiymət bahalaşır.
  • Məhsulların saxlanması üçün lazım olan anbarların sayı azdır, mövcud anbarlara fermerlərin çıxışı çətindir

Təhlilçilər ehtimal edir ki, neftdən sonra Azərbaycanın ən gəlirli sahəsi kənd təsərrüfatı hesab edilə bilər. Lakin yalnız məhsulun istehsalı deyil, eyni zamanda, onun bazara çıxarılması və satışında da problemlərin mövcudluğu sektorun inkişafına əngəllər törədir.

“Azərbaycan Respublikasının 2014-cü il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” sənədində kənd təsərrüfatı məhsullarının uzunmüddətli saxlanılması sisteminin təkmilləşdirilməsi məqsədilə regionlarda soyuducu kameraların, anbarların, elevatorların tikintisinin davam etdirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı, tədarükü ilə məşğul olan kooperativlərin yaradılmasının dəstəklənməsi priroritet götürülsə də, problem hələ də aktuallığını saxlayır.

Məhsul var, satış yoxdur

BBC Azərbaycancanın Mərkəzi Aran regionda apardığı araşdırmadan sonra məlum olub ki, məhsulun satışında yaranmış əngəllərdən biri, məhsulun çoxluğu ilə əlaqədardır. Belə ki, məhsulun çox olması rəqabətliliyin formalaşdırılması əvəzinə bir sıra əngələ səbəb olur. Çünki, planlı əkin aparılmır və nəticədə ifrat istehsal yarandığından məhsulun satışı bəzən maya dəyərindən də aşağı satılır.

Şəklin mənbəyi, Gunel Sefer

Məsələ burasındadır ki, regionda subsidiya yalnız taxıla verildiyindən fermerlər bu yardımdan bəhrələnməyə çalışır. Amma alınmış subsidiyaya taxıl deyil, başqa məhsul əkilir. Əkin sahələri üçün 40 AZN, buğda istehsalı üçün isə hər hektara 80 AZN subsidiya verilir. Nəticədə fermerlərə verilən subsidiyalar da öz nəticəsini vermir-taxıl istehsalı azalır və idxala meyllilik yaranır.

Fermerlər kooperativlərdə birləşə bilmir

Azərbaycanda fermer təsərrüfatları pərakəndə olaraq fəaliyyət göstərirlər. Bu da aqrar istehsalın təşkilinin səmərəliliyinə öz təsirini göstərir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, kooperativlərin yaradılması aqrar sektorun inkişafında, o cümlədən, istehsal həcminin artması və ölkənin ərzaq təhlükəsizliyi ilə təmin olunmasında həlledici rola malikdir. Kooperativlər təkcə məhsulun satışını deyil, onun sığortasını, fermerlərin müxtəlif satış kanallarına, o cümlədən daxili, xarici və emal bazarlarına asan çıxışını təmin edir. Dünya təcrübəsində kooperativlərin üstün cəhəti budur ki, kooperativlərə verilən subsidiyaların miqdarı fərdi subsidiyalardan daha çoxdur. Kooperativlərin fermerlərə ən böyük dəstəyi onların məhsullarının, həm də böyük anbarlarda saxlanmasını təmin etməkdir.

Beynəlxalq təcrübə

Kooperativlərin öyrənilməsi və tətbiqi ilə bağlı Azərbaycan üçün ən yaxşı Serbiya nümunəsidir. İki ölkə uzun müddət Kommunist quruluşunda yaşayıb. İki ölkə də öz müstəqilliyini də yaxın tarixdə elan edib.

Şəklin mənbəyi, Gunel Sefer

Azərbaycandan fərqli olaraq, Serbiya neft ölkəsi deyil. Amma onlar arasında oxşar cəhət kənd təsərrüfatı ölkəsi olmalarıdır. Yalnız, Serbiya bu sferaya olduqca diqqət yetirmiş və qurduğu kooperativlərlə, həm fermerləin güzaranını yaxşılaşdırmış, eyni zamanda da dövlət büdcəsinə xeyli töhfə verir. Burada kənd təsərrüfatının inkişafına aqrar sahədə ixtisaslaşan təşkilatların kooperativlərdə birləşməsi təsir edir. Bu ölkədə kooperativlərdə birləşməyin üstün cəhəti - yalnız satış və istehsal deyil, o cümlədən, gübrə, təchizat, məsləhət xidmətlərinin təşkili, alıcı və satıcılarla əlaqələrin qurulmasıdır. Məhsulların böyük anbarlarla saxlanması da xidmətlərdən biridir.

Ən son yenilik

2011-ci ildə Azərbaycan hökuməti bu istiqamətdə öz siyasətinin perspektivləri ilə bağlı mövqe nümayiş etdirməyə başlayıb. Belə ki, "Kənd təsərrüfatı kooperasiyası haqqında" Qanun layihəsi parlamentdə ilk oxunuşdan keçib. Qanun layihəsinin bu ilin mart və ya aprel aylarında ikinci oxunuşa çıxarılması gözlənilir.