Azərbaycan 2015: iqtisadi artım olubmu?

    • Müəllif, Xanım Cavadova
    • Vəzifə, BBC Azərbaycanca

Bakı bazarlarının satıcıları müştərilərin azalmasından şikayətlənir.

"Bazara gələn yoxdur, camaatda yəqin pul yoxdur, ya da ki bahalıqdır", BBC Azərbaycancanın keçirdiyi sorğuda satıcılar bildiriblər.

Onlardan biri misal da çəkib: yumurta 15 qəpikdir indi, əvvəl 10 idi, satıcının sözlərinə görə, buna qış mövsümü də təsir edib.

Alıcılar da deyir ki, bahalaşma gedir- ən çox bahalaşmanı yağ, pendir, kartof, soğan, makaron, toyuq ətində hiss ediblər.

"Qiymətlər gündəlik artır, bəzi ərzaqlarda 30 qəpikdən 1 manat arasında bahalaşma var, alıcılardan biri BBC Azərbaycancaya deyib.

Yumurtayla yanaşı düyü, un, toyuq əti, kolbasa məmulatları, süd məhsulları, kərə və bitki yağları, üzüm, xiyar, pomidor, badımcan, bibər, lobya, kartof, soğan və sarımsağın da qiymətləri atıb, rəsmi qurumlar deyir.

Statistika Komitəsi bildirib ki, noyabrda ərzaq məhsullarının qiymətləri 0,9 faiz bahalaşıb, qeyri-ərzaq məhsullarında isə dəyişiklər olmayıb.

Qışın gəlməsiylə əlaqədar mövsümi ərzağı istisna etməklə, iqtisadçılar xammalı və ya hazır şəkildə idxal edilən digər məhsullara diqqəti yönəldir. 2015-ci ilin ən böyük şoku olan neft qiymətlərinin azalması nəticəsində 33 faiz devalvasiya fonunda bahalaşma "əlbəttə ki, qaçılmazdır", təhlilçilər deyir.

Alıcılar deyir ki, indi 50 manata 2-3 cür ərzaq ala bilirlər
Şəklin alt yazısı, Alıcılar deyir ki, indi 50 manata 2-3 cür ərzaq ala bilirlər

Lakin bu bahalaşma, rəsmi qurumların bəyanatlarına əsasən, sanki Azərbaycanın iqtisadi inkişaf durumuna "təsir etməyib".

İqtisadi inkişaf naziri Şahin Mustafayev deyib ki, bu ilin sonuna təxminən 4 faizlik iqtisadi artım gözlənilir. İnflasiya isə 4 faiz səviyyəsində gözlənilir.

Hərçənd bu rəqəmləri iqtisadçılar bir qədər şübhəylə qarşılayır və hesablanma mexanizminə çıxış əldə edə bilmədiklərinə görə rəqəmlərin "manipulyasiya olunduğunu" iddia edirlər.

İqtisadi İnkişaf Nazirliyi hesablama mexanizmi barədə BBC Azərbaycancaya məlumat verməsə də, artımın qeyri-neft sektorunun hesabına olduğunu bildirib.

Neftin qiymətinin ucuzluğu və devalvasiya

Alıcılar deyir ki, kartofun 1 kilosuna 1 manat verirlər. Əvvəl bu qiymət 70-80 qəpik idi
Şəklin alt yazısı, Alıcılar deyir ki, kartofun 1 kilosuna 1 manat verirlər. Əvvəl bu qiymət 70-80 qəpik idi

İqtisadçı Natiq Cəfərliyə görə, rəsmi inflasiya rəqəmləri ilə reallıq arasında fərq var - reallıqda inflasiyanın həcmi "daha artıqdır, ikirəqəmlidir".

"Fevralın 21-də baş verən devalvasiyadan sonra hökümət inzibati üsullarla- tapşırıqlar, vergi yoxlamaları və hədələrlə qiymətləri nəzarətdə saxlamağa çalışdı, amma iqtisadiyyatı uzun müddət belə üsuallarla nəzarətdə saxlamaq mümkün olmur".

Bu nəzərdən cənab Cəfərli izah edir ki, maya dəyərinə uyğun olaraq xaricdən gətirilmiş xammal əsasında istehsal edilən yerli, eləcə də idxal mallarının qiymətində artım olub və bu, yaxın aylarda "daha da yüksələcək".

Cəfərlinin sözləri ilə razılaşan iqtisadçı Samir Əliyev qeyd edib ki, fevraldaki devalvasiyanın iqtisadiyyata təsiri hələ başa çatmayıb.

İqtisadiyyat Nazirliyinin 2015-ci ilin sonu üçün makroiqtisadi proqnozlaruna əsasən, ÜmumDaxiliMəhsul (ÜDM) istehsalı 57,2 milyard manat təşkil edəcək.

"Bu da 3,3% real artım deməkdir", APA nazirliyə istinadən yazıb.

Nazirliyin saytında verilən rəqəmlərə əsasən, ötən il ÜDM-nin real artımı 2.8 faiz və ya 59 milyard manat təşkil edib.

"2014-cü ildə ÜDM-nin dollar ekvivalenti köhnə məzənnə ilə 75 milyard dollar idi və adam başına düşən ÜDM də yüksək idi. Amma indiki rəqəmi dollara çevirəndə 20 milyard dollara yaxın azalma ortaya çıxır."

Cəfərli qeyd edir ki, Azərbaycan məhz buna görə dünya reytinqlərində geriləyəcək.

"Neft qiymətlərinin düşməsi, iqtisadi aktivliyin azalması, pərakəndə biznes və iş yerlərinin bağlanarkən 4 faiz iqtisadi artımın olması inandırıcı deyil. Belə fantastik rəqəmlər siyasi vəziyyətə işləyir."

Samir Əliyev isə izah edir ki, "hökümət, bir qayda olaraq ÜDM inkişafı dedikdə, real ÜDM-ni, iqtisadçılarsa nominal ÜDM-ni nəzərdə tutur."

Onun sözlərinə görə, Azərbaycanda nominal ÜDM aşağı düşsə də, real ÜDM-də artım var - yəqin ki, hökümət də buna istinad edir.

Nominal iqtisadi artım indiki və ötən ilin rəqəmlərinin müqayisəsidir, real isə ölkədə istehsal edilən və satılan məhsulların sayları arasında fərqdir.

İqtisadi inkişaf Nazirliyinin saytında verilən məlumatlara görə, ötən il adambaşına düşən ÜDM-nin həcmi 6264.1 manat olub. Bu il isə adambaşına düşən ÜDM rəqəmləri açıqlanmasa da, təxminən 2 milyon manat azalma var (yanvar -sentyabr üçün 4275.2 manat).

Əsas ixrac məhsulu neftdirsə?

2015-ci il büdcəsinin gəlirlərinin 53 faizi neft sənayesindən gəlir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 2015-ci il büdcəsinin gəlirlərinin 53 faizi neft sənayesindən gəlir

Artım əvəzinə "eniş" gözlədiyini bildirən təhlilçi Şəhla Əliquliyeva qeyd edir ki, neftin qiymətləri ötən ilə nisbətən düşüb və proqnozlar da yaxşı deyil.

Belə halda, o sual edir ki, əsas ixrac məhsulu neftdirsə və neftin "bir litri içməli sudan ucuzdursa", o zaman artım konkret hansı məhsulun hesabına gözlənilir?

2015-ci il büdcəsinin gəlirlərinin 53 faizi neft sənayesindən gəlir.

İqtisadi İnkişaf Nazirliyi iqtisadiyyatda artımın "son illərdə qeyri-neft sektorunun hesabına baş verdiyini" deyir.

"Sənaye inkişaf etdirilir, kənd təsərrüfatı, sənayenin inkişafı üçün yeni mexanizmlər tətbiq olunur. Sənaye parklarının yaradılması güzəştli kreditlərdən istifadə olunmaqla müxtəlif istehsal emal müəssələri yaradılır, nazirliyin sözçüsü Abbas Əliyev BBC Azərbaycancaya deyib.

O əlavə edib ki, "artıq qeyri-neft sektorunun payı 70 faizə yaxındır. Bu göstərici ildən ilə artır". Ancaq o, büdcəyə gəlirlərin məhz hansı qeyri-neft sektoru sahələrindən gəldiyini açıqlamayıb.

Nazirliyin saytında inkişaf edən qeyri-neft sahələri kimi əsasən sosial xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin adları çəkilir.