Sabiq müstəntiq Rüfət Səfərov "həbs olunub"

Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədəki qanunsuzluqlara göz yummaqda ittiham etmiş keçmiş müstəntiq həbs olunub, atası deyir.
Rüfət Səfərov hazırda Korrupsiyaya qarşı Mübarizə İdarəsindədir, Eldar Sabiroğlu BBC Azərbaycancaya bildirib.
Bundan əvvəl Rüfət Səfərov ona qarşı irəli sürülmüş ittihamları rədd edib.
“5 illik fəaliyyətim müddətində rüşvət almışamsa, baş prokuror məni niyə ötən ilin oktyabr ayında fəxri təşəkkürlə mükafatlandırdı”, sabiq müstəntiq BBC Azərbaycancaya bildirib.
Prokurorluq orqanlarından xaric olunan Rüfət Səfərov haqqında Korrupsiyaya qarşı Mübarizə İdarəsində rüşvətalma maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluğun sözçüsü Eldar Sultanov deyib.
Müdafiə Nazirliyinin keçmiş sözçüsü Eldar Sabiroğlunun oğlu olan Rüfət Səfərov Zərdab rayon Prokurorluğunda 2011-ci ilin oktyabrından müstəntiq kimi işləməyə başlayıb.
Baxışlarının “bu rejimlə üst-üstə düşmədiyini” və “haqsızlıqlara, özbaşınalıqlara dözə bilmədiyini” əsas gətirərək o, ötən ay rəsmi istefa ərizəsini Baş Prokurorluğa təqdim edib.
Baş Prokurorluq onun ərizəsi əsasında dərhal prokurorluq sıralarından xaric olunması haqqında qərar verib.




