Sabiq müstəntiq "aclıq aksiyasına başlayıb"

Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verən Rüfət Səfərovun dediyinə görə, o aclıq aksiyasına başlayıb. Sabiq müstəntiq aclıq aksiyasını onun şərəf və ləyaqətinə toxunulmasına etiraz olaraq keçirdiyini deyir.

Rüfət Səfərov BBC Azərbaycancaya verdiyi açıqlamasında bildirib ki, istefa verməsi haqqında ərizəni rəsmi təqdim etdikdən sonra Baş Prokurorluğun bir qrup əməkdaşı heç bir rəsmi sənəd olmadan onun işdə olan şəxsi kompüterini müsadirə edib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi, Eldar Sabiroğlunun oğlu olan Rüfət Səfərov Azərbaycandakı “hüquqsuzluq sisteminə”, o cümlədən atasının “layiq olmadığı basqılar və təhqiramiz hərəkətlərə məruz qalmasına” etiraz olaraq müxalifətə keçməsini açıqlayaraq, bazar ertəsi Baş Prokurorluğa istefa ərizəsi təqdim edib.

Baş Prokurorluq həmin gün "prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə" onu prokurorluq orqanlarından xaric edib.

Eldar Sabiroğlu oğluna təzyiqlərin, özünün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı yazdığı tənqidi yazılarla bağlı olduğunu deyib.

“Yuxarıdan göstəriş”

Rüfət Səfərovun sözlərinə görə, Baş Prokurorluqdan gələn komissiya onun iradəsi əlyehinə olaraq telefonundakı SMS-lərə, daxil olan və çıxan zənglərə də baxış keçiriblər.

“Mən onlardan rəsmi sənəd istəyəndə bir kəlmə dedilər ki, yuxarıdan belə göstəriş var. Belə sözlərin də təbii ki, hüquqi əsası yoxdur”, - deyə Rüfət Səfərov bildirir.

Sabiq müstəntiq Baş Prokurorluğun əməkdaşlarının sonradan axtarışları onun kirayə yaşadığı mənzildə davam etdirdiyini deyir.

“Evdə də gəlib kompüter axtarmağa başladılar. Görünür hansısa terrorist qruplaşmasına aid olub olmadığımı müəyyən etmək istəyirdilər. İş o yerə çatdı ki, onlar mənim həyat yoldaşımın yatağında da axtarış etdilər”, - Rüfət Səfərov deyir.

Bu ittihamlarla bağlı, Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov hazırda Zərdab rayon prokurorluğunda yoxlamalar getdiyini bildirib. “Yoxlamanın nəticəsi olaraq da ictimaiyyətə məlumat veriləcək”, qurum rəsmisi deyib.

Hazırda səhhəti ilə bağlı problem yaşadığını deyən Rüfət Səfərov bazar ertəsindən başlatdığı aclıq aksiyasını “tapdanmış hüququnun” bərpa olunacağına qədər davam etdirəcəyini qeyd edir.

“Səhhətim normallaşsın, mənim bu hadisə ilə bağlı Baş Prokurorluğa bir neçə sualım olacaq. Həmin suallarıma cavab alandan sonra növbəti addımlarımı müəyyən edəcəm”, o deyir.

BBC Azərbaycancaya müsahibəsində Rüfət Səfərov ona qarşı edilən “haqsız hərəkətlərə qarşı susmaqla mübarizə aparacağını” deyib.

“Həbs”

Eldar Sabiroğlu övladının həbs olunması ehtimalını da istisna etmir, Azadlıq radiosu yazır.

Yerli media Eldar Sabiroğlunun baş verən son hadisələrlə bağlı prezident İlham Əliyevə müraciətini dərc edib.

"Rüfət söz deyib, əlində silah dövlətə qarşı çıxmayıb. Hansısa xarici təşkilatla bir əlaqəsi yoxdur. Dövlət əleyhinə hər hansı bir çağırışla çıxış etməyib. İndi Rüfətə elə basqılar var ki, təsəvvürə gətirmək belə çətindir", - Eldar Sabiroğlu müraciətində yazır.

Yazılı müraciətində o, baş vermiş hadisələrdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi ittiham edib.

“Onunla bağlı mənim məlum yazılarım, Prezident Aparatı rəhbərini görünür çox qıcıqlandırıb və indi də qisas almaq istəyir. Heç şübhəsiz ki, Baş Prokurorluğa bu barədə öz tövsiyələrini də verməmiş deyil” Eldar Sabiroğlu müraciətində yazır.

Prezident Administrasiyası rəhbərinə ünvanlanan ittihamlarla bağlı BBC Azərbaycancanın sualını Ramiz Mehdiyev ofisi şərh etməyib.

Rüfət Səfərov Zərdab rayon Prokurorluğunda 2011-ci ilin oktyabrından müstəntiq kimi işləməyə başlayıb. Baxışlarının “bu rejimlə üst-üstə düşmədiyini” və “haqsızlıqlara, özbaşınalıqlara dözə bilmədiyini” əsas gətirərək o bazar ertəsi rəsmi istefa ərizəsini Baş Prokurorluğa təqdim edib.