"Günəşli" yatağında yanğın: "1 nəfər ölüb, 32 nəfər təxliyə olunub"

Şəklin mənbəyi, meydan.tv
ARDNŞ Xəzərdəki "Günəşli" yatağının yanğın baş vermiş 10-cu özülündə 1 nəfərin öldüyünü və 32 nəfərin təxliyə edildiyini bildirir.
ARDNŞ itkin düşən 30 nəfərin adlarından ibarət siyahını dərc edib.
İnsidentlə bağlı ARDNŞ-də yaradılan qərargahın nümayəndəsi BBC Azərbaycancaya hadisə vaxtı platformada 63 adamın olduğunu deyib. Qəza vaxtı xəsarət alanların bir qismi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib, APA-ya xəstəxananın baş həkimi məlumat verib.
Yanğın cümə günü axşam saatlarında başlayıb. "Saat 17.40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir", ARDNŞ saytında bildirilir.
Rəsmi məlumata əsasən cümə günü başlayan yanğın vaxtı işçilər özüldəki iki xilasedici qayığa minəndən sonra həmin qayıqlar dəniz səviyyəsindən "təqribən 10 metr məsafəyə qədər" endirilərək saxlanılıb.
Bəyanatda deyilir ki, qasırğa səbəbindən içində neftçilər olan qayıqları hadisə yerindən aparmaq mümkün olmayıb və o dənizə düşüb.
"Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olub".
Məlumatda suya düşmüş boş qayığın platformadan 50 km cənubda aşkar oldunduğu deyilir. Şirkət axtarış üzrə əməliyyatın davam etdirildiyini bildirir.
"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı BBC Azərbaycancaya ölənlər barədə məlumatların daxil olduğunu deyib.
"Bu məlumatı dəqiqləşdirmək üçün imkanım yoxdur".
Azərbaycan prezidenti İlham Əliyev baş verən şiddətli yanğın və qəza ilə bağlı Dövlət Komissiyası yaradılması barədə sərəncam imzalayıb.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumatında deyilir.
Yanğın sahəsinə ARDNŞ prezidenti Rövnəq Abdullayev və fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev olduğu bildirilir.
ARDNŞ bildirir ki, çətin hava şəraiti davam edən xilasetmə işlərinə əngəl törədir. Xilasetmə əməliyyatında helikopter və gəmilər cəlb olunub.
10-cu özül dənizin nisbətən dayaz hissəsində yerləşir. Turan agentliyinə əsasən ARDNŞ-in hasilatının 60 faizi bu platformanın payına düşür.
Xəzərdəki platformalarda qəzaların xronikası
Contact.az saytı Azərbaycanda dəniz neftçıxarma platformalarında indiyədək baş vermis qəzaların xronikasını dərc edib.
Məlumatda bildirilir ki, 1985-ci ildən 2012-dək miqyasına görə dekabrın 4-də baş vermis qəza qədər ağır hadisə baş verməyib.
23 oktyabr, 2014-cü il. Bakıdan 40 kilometr cənubda yerləşən Nərimanov adına NQÇİ-nin sahəsində 441 nömrəli platformanın uçması baş verib. Həmin vaxt, SOCAR-ın məlumatına görə, platformada olan 41 neftçidən 37-si evakuasiya olunub. İtkin düşən 4 neftçidən üçünün cəsədi platformadan iki kilometr aralıda aşkar olunub. 1 nəfər tapılmayıb.
17 avqust, 2013-cü il. “Bulla-dəniz” platformasında kəşfiyyat qazması zamanı qəza baş verib. Bakının 80 kilometrliyindəki quyuda yanğının tam söndürülməsi üç ay davam edib. Yanğının söndürülməsində xarici şirkətlərdən biri, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Sərhəd Qoşunları iştirak edib. Rəsmi məlumatlara görə qəza qurbansız başa çatıb.
28 sentyabr, 2011-ci il. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) işlədiyi Günəşli dəniz yatağının Günəşli-14 platformasında şirkətin 2 əməkdaşı həlak olub, 1 nəfər isə ciddi xəsarət alıb. İlkin məlumatlara görə, hadisə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baç verib.
Dekabrın 4-dəki qəza dənizdə güclü tufan şəraitində baş verib.
Neftçilərin hüquqlarını müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı Turan agentliyinə bildirib ki, neftçilərin iş yerində həlak olmaları ilk hadisə deyil. Onun sözlərinə görə, 2011-ci ilinin əvvəlindən bəri iş yerində 23 neftçi həlak olub.




