Milli Məclis: Dini qanunlara təklif edilən dəyişikliklər qəbul edilib

Şəklin mənbəyi, Getty
Cümə gün Milli Məclisin baş tutan növbəti iclasında dini qanunlara təklif edilən dəyişikliklər qəbul edilib.
İclasda ilk olaraq "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsinin qəbulunun vacib olduğunu bildirib.
"Xaricdə oxuyanlardan bəziləri sonradan Azərbaycana qayıdıb dini ekstremizmlə məşğul olurlar. Belə halların qarşısı alınmalıdır", deyən komitə sədri Azərbaycandan 1000-dək gəncin xaricdə ayrı-ayrı ekstremist qruplaşmalarda iştirak etdiyini də bildirib.
Siyavuş Novruzovun sözlərinə görə, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasından dəqiqləşdirilməmiş məlumat yayan jurnalistlər məsuliyyətə cəlb olunacaq.
“Praktika göstərdi ki, xaricdə dini təhsil alanlar o ölkələrin ab-havasını gətirirlər, sonra da Nardaran hadisələri baş verir. Azərbaycanda İslam Universiteti, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi mövcuddur. Xaricdə dini təhsilə nə ehtiyac var? Gördük ki, gedənlər sonra nə edirlər”, vitse-spiker Ziyafət Əsgərov bildirib.
Yeni qanun layihəsinə əsasən, dini ekstremist fəaliyyətlə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv ediləcək.
Vətəndaşlığın itirilməsi
Həmçinin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.
İclasda həm də, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi qəbul edilib.
Dəyişikliyə görə, Azərbaycan vətəndaşının terror fəaliyyətində iştirakı, Konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi, vətəndaşın dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək.
Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, Konstitusiyanın 53-cü maddəsinə əsasən, kimisə vətəndaşlıqdan məhrum etmək olmaz və qanun layihəsi müzakirədən çıxarılmalıdır.
Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, “Burada söhbət vətəndaşlıqdan məhrumetmədən yox, vətəndaşlığı itirmədən söhbət gedir”.
Dini atributlar
Daha sonra, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi də qəbul edilib.
Layihəyə əsasən islam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlər aparması qadağandır.
Eyni zamanda ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların nümayiş etdirilməsi qadağandır. Şəxsin üstündə gəzdirdiyi dini atributlar istisnadır.
"Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər", layihədə bildirilir.
Polisə yeni səlahiyyət
“Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinə də müvafiq əlavə edilib. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Bu layihə də səsvermə ilə qəbul edilib.
Qəbul edilən digər layihə "Polis haqqında" qanunda dəyişiklik edilməsi barədədir. Qanun layihəsinə əsasən, Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisə yeni səlahiyyət verilir.
Yəni, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq ediləcək.
Ötən cümə axşamı Nardaran qəsəbəsində polis əməliyyatı vaxtı baş vermiş silahlı qarşıdurma zamanı iki polis əməkdaşı da daxil olmaqla 6 adam həlak olub.
Çərşənbə axşamıdan etibarən qəsəbədə Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Baş Prokurorluq tərəfindən xüsusi əməliyyat aparılır.



