Nardaranda saxlanılanlar barəsində 4 aylıq həbs qərarı çıxarılıb

Noyarbrın 26-da Nardaranda baş vermiş silahlı insident vaxtı saxlanılan şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
14 nəfərə qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb.
Cümə axşamı Nardaran qəsəbəsində polis əməliyyatı vaxtı baş vermiş silahlı qarşıdurma zamanı iki polis əməkdaşı da daxil olmaqla 6 adam həlak olub.
Hüquq-mühafizə orqanları insidentdən sonra aralarında Taleh Bağırov da olan saxlanılanları "dini dövlət qurmaq" məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaratmaqda ittiham ediblər.
Nardaranda polislə yerli sakinlər arasında toqquşmanın ardından qəsəbənin mərkəzində etiraz aksiyası keçirilir.
"İmam Hüseyn" meydanına toplaşanlar cəsədlərin verilməsini tələb edirlər.
"Deyiblər ki, onları bu gün verəcəklər ki, dəfn olunsun", - şənbə günü Nardaran sakini Natiq Kərimov BBC Azərbaycancaya bildirib. O, insident vaxtı yaralananlardan daha bir adamın öldüyünü əlavə edib.
Natiq Kərimov həmçinin deyib ki, kəndin ağsaqqalları icra hakimiyyəti və prokurorluqla məsələnin müzakirə edilməsini istəyirlər.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə APA-ya açıqlamasında bildirib ki, "Baş Prokurorluq olaraq silahlı ekstremist cinayətkar dəstə ilə hər hansı bir danışıqlar aparmaq niyyətində deyil".
Cümə axşamı Nardaran qəsəbəsində silahlı insident zamanı ölən iki polis əməkdaşı dəfn edilib.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bildirib ki, baş vermiş hadisəni dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir və bunu "xaricdən və daxildən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq, zorla hakimiyyəti dəyişdirmək cəhdi" kimi qiymətləndirir.




