Nardaranda əhali ölənlərin cəsədinin verilməsini tələb edir

Nardaranda meydana toplaşan əhali cəsədlərin verilməsini tələb edir.
"İstəyirik ki, onlar bu gün dəfn olunsun", Nardaran sakini Natiq Kərimov BBC Azərbaycancaya bildirib.
Nardaranda polislə yerli sakinlər arasında baş vermiş toqquşmanın ardından keçirilən etiraz aksiyası davam edir.
Natiq Kərimov deyir ki, təşəbbüs irəli sürüb və kəndin ağsaqqallarının icra hakimiyyəti və prokurorluqla bu məsələni müzakirə etməsini istəyir. Cənab Kərimov bunun üçün dəvət edilmələrini gözlədiklərini deyir.
"Yəqin ki, cəsədlər dəfn olunandan sonra bu baş tutar", deyən Nardaran sakini bildirir ki, bu məsələnin zorla həll olunması doğru deyil.
"Hakimiyyətin iradəsi və istəyi olsa məsələ həll edilər", cənab Kərimov əlavə edir.
Oun sözlərinə görə, hazırda meydana yüzlərlə qadın və kişi toplaşıb və onlar "soyuğun qarşısında cəsədlərin verilməsini gözləyir".
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə APA-ya açıqlamasında bildirib ki, "Baş Prokurorluq olaraq silahlı ekstremist cinayətkar dəstə ilə hər hansı bir danışıqlar aparmaq niyyətində deyil".
Cümə axşamı Nardaran qəsəbəsində silahlı insident zamanı ölən iki polis əməkdaşı dəfn edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cümə axşamı günü Gəncə şəhər sakini Sabir Əliyev və Ruzi İsmayılov polis tərəfindən saxlanılıb.
Onların Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar “Müsəlman biriliyi” adlı hərəkata "dəstək məqsədi ilə çağırışlar" etdiyi bildirilir.
Məlumata görə, Sabir Əliyevdən "tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin" götürülüb.
"Ruzi İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə ŞBPİ-nin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərmişdir. Ruzi İsmayılov tutulmuş və ondan 1 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbaraları və 14 qram heroin götürülmüşdür", məlumatda bildirilir.

Natiq Kərimov daha öncə verdiyi müsahibədə qəsəbədə vəziyyətin stabil olduğunu bildirib. Onun sözlərinə görə, qəsəbənin girişində gəlib-gedənlər yoxlanılır.
Cənab Kərimov deyib ki, qəsəbə əhalisi saxlanılanlar və yaralılar barədə narahatdır və onlar bu barədə məlumat almaq istəyirlər.
Qəsəbənin digər sakini Əhsən Nuruzadə isə BBC Azərbaycancaya bildirib ki, insanlar hələ də meydanda toplaşıblar.
"Meydanda palatka quranlar da var, tonqal qalayıb qızınanlar da", Əhsən Nuruzadə deyib.
Onun sözlərinə görə, toplaşan əhali saxlanılanların azad edilməsini və bu vəziyyətin niyə yaranmasına izah tələb edirlər.
26 noyabrda Nardaranda polislə yerli sakinlər arasında baş vermiş toqquşmanın ardından bir neçə yüz insanın iştirak etdiyi etiraz aksiyası keçirilib.
DİN və Baş Prokurorluğun məlumatına görə, iki polis nəfəri ilə yanaşı "cinayətkar dəstənin 4 üzvü" öldürülüb.
Baş vemiş hadisə ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bəyanat yayaraq bildirib ki, QMİ baş verən hadisəni dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir və bunu "xaricdən və daxildən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq, zorla hakimiyyəti dəyişdirmək cəhdi" kimi qiymətləndirir.




