Azərbaycanlı qadınlar nəyi dəyişmək istəyir?

    • Müəllif, Vüsal Həmzəyev
    • Vəzifə, London, BBC Azərbaycanca

BBC-nin dünyadakı 100 nüfuzlu qadına həsr olunmuş ayı çərçivəsində BBC Azərbaycanca xidməti müxtəlif sahələrdə çalışan azərbaycanlı qadınlarla müsahibə edib.

Layihədə iştirak etmiş qadınlar, "Dünyada, Azərbaycanda və şəxsi həyatınızda nəyi dəyişmək istərdiniz" sualına cavab verməyə çalışıblar.

BMT İnkişaf Proqramının 2007-ci il üçün Azərbaycandakı İnsan İnkişafı hesabatında deyilir ki, Azərbaycan gender bərabərliyinə tamamilə sadiqdir və konstitusiya və digər sənədlərdə bu öz təsdiqini tapır.

Bununla yanaşı hesabatda məişət zorakılığna daha çox qadınların məruz qaldığı bildirilir və keçid dövründə qadınların siyasi və assosiativ həyatda iştirakının əhəmiyyətli dərəcədə azaldığı olunur.

Hicran Stogden 1993-cü ildən bəri İngiltərədə yaşayır. O, 2001-ci ildə Londonda musiqi məkətəbləri və musiqi alətləri dükanlarının əsasını qoyub və hazırda Music Talents şirkətinin sahibdir.

Bakı Musiqi Akademiyasında təhsil almış Hicran, “Hejran’s Piano Method” piano metodikası kitablarının da müəllifidir.

Şəklin mənbəyi, Hejran Stogden

“Mən dünyaya sülh və harmoniya gətirər və çalışardım ki, dünyadakı heç bir uşaq ac qalmasın,” deyir Hicran Stogden.

Azərbaycanla bağlı sualımıza isə o belə cavab verib: “Mən istərdim ki, Azərbaycanda da Britaniyadakı kimi söz azadlığı olsun”.

Şəxsi həyatınızda nəyi dəyişərdiz? – Əgər yenidən doğulsaydım eyni həyatı yaşayardım. Mən həyatımı sevirəm.

Fəridə Əzizova 6 yaşından Taekvando idman növü ilə məşğuldur. O, Taekvando üzrə iki qat Avropa çempionu, dünya çempionu, 2012-ci il London Olimpiya Oyunlarının iştirakçısıdır.

Fəridə 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarında da ikinci olub və gələn il keçiriləcək Rio Olimiadasına hazırlaşır.

Şəklin mənbəyi, Farida Azizova

İdmançı deyir ki, dünyada insanların bir-birinə hörmətlə yanaşmasına, dini, irqi ayrıseçkiliyin və terrorçuluğun olmamasına çalışardı.

“Azərbaycanda isə bəzi insanların dünya görüşünü dəyişmək istərdim,” deyir Fəridə.

Fəridə həyatından çox razı olduğunu və heç nəyi dəyişmək istəmədiyini deyir. “Sevdiyim idman növü ilə məşğul oluram. Bu, artıq mənim həm həyat tərzim, həm də işimə çevrilib”.

Adel Nağı 1998-ci ildə hər iki valideynini itirdiyindən uşaq evinə yerləşdirilib. 2013-cü ildə oranı tərk edib.

Hazırda model kimi çalışan Adelin şəkilləri ABŞ-ın Blūm Magazine jurnalında da dərc olunub.

Şəklin mənbəyi, Adel Naghi

Adel deyir ki, sərhədlərin, terrorçuların, irqçilərin, milliyyətçilərin, diktatorların olmadığı bir dünya üçün çalışardı. “Çalışardım ki, dünyada yaşayan insanlar yalnız bir dildə danışsın,” Adel bildirir.

“Azərbaycan mənim vətənimdir və təbii ki, vətənimi sevirəm. Amma mən özümü hələ ölkəmdə tapa bilməmişəm və nəyi dəyişdirmək istədiyimə qərar verə bilmirəm,” o əlavə edib.

Adel planlarını həyata keçirə bilmək üçün yetərincə pul qazanmaq istədiyini deyir.

Könül Qasımova hazırda Strasburq şəhərində yaşayır. Bakı Dövlət Universitetində Beynəkxalq Hüquq üzrə bakalavr, Strasburq Universitetində isə İnsan Hüquqları üzrə magisr dərəcəsi alıb.

Avropa İnsan Haqları Məhkəməsində çalışıb, hazirda isə insan haqları üzrə hüquqşünasdır.

Şəklin mənbəyi, Konul Gasimova

“İkinci Dünya Müharibəsi olmadan dünyanın necə inkişaf edəcəyini görmək istərdim. Bəlkə onda Fələstin problemi olmazdı, dünyada anti-müsəlman hisslərinin olduğunu bildirib, düşmənçilik salanların əli bu qədər güclü olmazdı,” Könül bildirir.

Könül deyir ki, imkanı olsaydı 1920-ci ildə Rusiyanın Azərbaycanı işğalını dayandırardı. "1919-cu ildə qadınlara səsvermə hüququ tanınmış bir dövlətin (ADR) mövcudluğu davam etsə idi, əminəm ki, indikindən xeyli məmnun olardım".

"Valideynlərimi erkən itirəcəyimi bilsəydim, yəqin onlarla daha çox vaxt keçirərdim. Atamla kitablar barədə daha çox söhbət edərdim. Anam dovğa bulayanda, ya da plov süzəndə qaçıb roman oxumaq əvəzinə, əlinin altında işləyərdim," Könül deyir.

Sevinc Vaqifqızı 2010-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Xaricdə təhsilini davam etdirməyi planlaşdırır.

Meydan TV və Azadlıq qəzeti də daxil olmaqla müxtəlif media qurumları ilə əməkdaşlıq edir.

Şəklin mənbəyi, Sevinc Vaqifqizi

“Dünyada silah istehsalının dayandırılması üçün əlimdən gələni edərdim,” Sevinc deyir.

Sevinc Azərbaycanda insanların “çörəklə sınağa çəkilməsini dayandırmaq” istədiyini bildirir. “Ölkədə insanların doğrunu danışmaq üçün cəsarət tələb olunmayan ortam yaradılmasına təşəbbüs göstərərdim”.

Şəxsi həyatına gəlincə isə, həbsdə olan dostlarının yanında olmasını istəyir.

Türkan Hüseynova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq fakültəsini bitirib.

Kino sahəsində çalışıb və fəaliyyətini davam etdirir. Sərbəst fotoqrafdır. İctimai fəal və hazırda həbsdə olan Rəşadət Axundovun həyat yoldaşıdır. Rəşadətin həbsindən sonra oğlunu təkbaşına böyüdür.

Şəklin mənbəyi, Turkan Huseynova

Türkan deyir ki, dünyada heç nəyi dəyişməyə çalışmazdı. “Çünki hər şey düzgün olsa, çox maraqsız olardı. İnsanlar hər çətinlikdən keçəndə bir addım irəliləyir”.

“Azərbaycana gəlincə isə, region gənclərinin daha yaxşı təhsil şəraitinin yaradılmasına çalışardım,” Türkan deyir.

Türkan şəxsi həyatında özünə qarşı daha məsuliyyətli olmaq istədiyini bildirir.

Sevil Cəlilova 2000-2004-cü illərdə Kimya-Biologiya təmayüllü litseydə təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət TibbUniversitetinin Müalicə-Profilaktika fakültəsini bitirib.

2012-ci ildən Respublika Talassemiya Mərkəzində hematoloq-həkim vəzifəsində çalışır.

Şəklin mənbəyi, Sevil Celilova

Sevil dünyada sülhün bərqərar olunması üçün çalışmaq istədiyini deyir. “İnsanların millətlərə, dinlərə, mədəniyyətlərə görə bölünməməsini istərdim”.

Sevil xanımı Azərbaycanın təhsil sahəsindəki çatışmamazlıqlar narahat edir və bununla bağlı dəyişikliklərin olmasını istəyir.

Bununla yanaşı o, “Azərbaycanda yeni ana olmuş qadınların nəqliyyatdan istifadədən tutmuş, uşaqların əyləncə parklarına qədər çətinliklər çəkdiyini” deyir və bu cür problemlə özünün də qarşılaşdığını deyir.

Şəxsi həyatından məmnun olan Sevil, dəyişmək istədiyi bir şeyin olmadığını deyir.

Səmayə Məmmədova Bakı Slavyan Universitetində rus dili və filologiya fakültəsini bitirib. İngiltərənin Newcastle Universitetində Media və İctimai Əlaqələr ixtisası üzrə magisr dərəcəsi alıb.

Səmayə xanım 1999-2004-cü illərdə Space telekanalında çalışıb, müəllif verilişinin aparıcısı olub.

Şəklin mənbəyi, Samaya Mammadova

2007-ci ildən bəri Gənclər və İdman Nazirliyində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları zamanı dövlət tərəfindən ilin mətbuat katibi adına layiq görülüb.

O, dünyada son zamanlar çoxalan aqressiyanı dəyişmək istədiyini deyir. “İnsanların bir-birinə qarşı olan səbirsizliyini dəyişmək istərdim. İnsanların gülümsəməyə ehtiyacı var”.

“Azərbaycanda gənclərlə işləyən bir insan kimi deyə bilərəm ki, gənclərimiz Avropaya meyllənir və inkişaf edir. Bu məni çox sevindirir. Lakin bu dəyişməklə yanaşı, özlərini, daxilini mənini itirməmələrini istərdim,” Səmayə deyir.

O, Azərbaycanda “insanlarda bir-birinə qarşı artan soyuqqanlılığı və laqeydiliyi” dəyişmək istədiyini deyir.

“Vaxtilə qarşıma çıxmış şanslardan daha çox istifadə edərdim,” Səmayə deyir.