Diplomat Bakıya qayıtmaq tələbinə "tabe olmayıb"

Şəklin mənbəyi, azerag

Azərbaycanın Fransadakı səfirliyində çalışan diplomat Bakıya qayıtmaqdan imtina edib, məlumatlarda deyilir.

Samir İsmayılov hakimiyyətin sərt tənqidçisinə çevrilən keçmiş diplomat Arif Məmmədovla birgə işləyib.

Samir İsmayılovun Bakıya qayıtmaqdan imtina etməsi barədə məlumatı Brüsseldən Arif Məmmədov da təsdiqləyib.

Baş Prokurorluğun tələbi əsasında XİN Samir İsmayılovu xidməti ezamiyyətdən geri çağırıb, Turan agentliyi bildirir.

Sentyabr ayında BBC Azərbaycancaya danışan Arif Məmmədov deyib ki, onunla yaxın olan və yaxud da Facebook səhifəsindəki tənqidi şərhini “like” edən diplomatları sorğu üçün Bakıya çağırırlar.

Həmçinin oxuyun: <link type="page"><caption> Arif Məmmədov: "Prezidentliyə namizədliyimi istisna etmirəm</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150914_arif_mammadov_intv" platform="highweb"/></link>"

Ötən il Bakıda yaşayış binasında baş verən yanğından sonra Facebook səhifəsində hakimiyyətin reaksiyasına tənqidi münasibət bildirən Arif Məmmədov axtarışa verilib. Dövlətə külli miqdarda ziyan vurmaqda ittiham edilən diplomata qarşı cinayət işi açılıb.

XİN Samir İsmayılov barədə yayımlanan məlumatları şərh etməyib.

Məlumatlara görə, Samir İsmayılov XİN-in Bakıya qayıtmaq tələbini rədd edən dördüncü diplomatdır.