Vəkil: "İlqar Məmmədovla bağlı Ali məhkəmənin qərarı qanunsuzdur"

"Ali Məhkəmənin İlqar Məmmədovu azad etməməsi ilə Azərbaycan beynəlxalq hüquqi öhdəliyini pozmuş oldu", bunu BBC Azərbaycancaya açıqlamasında vəkil Fuad Ağayev bildirib.
REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun işi üzrə kasasiya şikayətinə baxmasından sonra Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını ləğv edərək işi yenidən apellyasiya məhkəməsinə qaytarıb, vəkil deyib.
İlqar Məmmədovla Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlara görə həbs olunublar. Onlar həmin vaxt kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunublar.
2014-cü ildə isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il müddətinə <link type="page"><caption> azadlıqdan məhrum edilib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/03/140317_ismayilli_court_sheki" platform="highweb"/></link>.
Vəkil Fuad Ağayevin daha öncə <link type="page"><caption> bildirdiyinə görə</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150729_ilgar_mammadov" platform="highweb"/></link>, İlqar Məmmədovun şikayətinə əsasən Avropa məhkəməsi bir neçə qərar və qətnamə çıxararaq, Azərbaycan hakimiyyəti və Azərbaycan Ali hakimiyyətinə İlqar Məmmədovun dərhal azad olunmasına çağırış edib.
"Ali Məhkəmə dünən Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq qərar qəbul edərək, İlqar Məmmədova işi üzrə cinayət hadisəsi olmadığına görə xitam verməli və onun dərhal azadlığa buraxılmasını təmin etməli idi", deyən cənab Ağayev İlqar Məmmədovun ötən ilin dekabrından sərbəst buraxılmalı olduğunu da əlavə edib.
Sentyabrın sonunda cənab Məmmədovun digər vəkili Cavad Cavadov bildirmişdi ki, İlqar Məmmədova yaxınları ilə telefon əlaqəsi saxlamağa icazə verilmir.
Həmin vaxt Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi BBC Azərbaycancaya açıqlama verərək, yayılmış məlumatın doğrunu əks etdirmədiyini <link type="page"><caption> demişdi. </caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150923_ilgar_mammadov" platform="highweb"/></link>
Vəkil Fuad Ağayev isə telefon qadağasının hələ də davam etdiyini bildirib.
"Cəzaçəkmə müəssisəsi təkzib etsə də, İlqar Məmmədov hələ də ailəsi ilə danışa bilmir", o qeyd edib.
Cənab Ağayevin sözlərinə görə, bu gün ona İlqar Məmmədovun "kamera yoldaşının karserə salınması" ilə bağlı məlumat da daxil olub.
"Bu da İlqar Məmmədova qarşı təzyiqdir", vəkil əlavə edib.
Avropa Şurasının baş katibi Thorbjorn Jagland dəfələrlə Azərbaycan hakimiyyətini İlqar Məmmədovu azad etməyə çağırıb.
İlqar Məmmədov bütün ittihamları rədd edir və həbsinin siyasi sifariş olduğunu deyir.
Azərbaycan Xarici İşlər Nazirliyi isə onunla bağlı Avropa Məhkəməsinin qərarlarını "qəbuledilməz" <link type="page"><caption> adlandırır.</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2013/06/130614_european_parliament_call" platform="highweb"/></link>



