Mətbuat icmalı: "Hakimiyyət daxilində narazılar ordusu"

Şəklin mənbəyi, Getty

Sentyabrın 30-da Azərbaycan qəzetlərinin yazdıqları:

"Azadlıq"

"Hakimiyyət daxilində narazılar ordusu formalaşmaqdadır"

“Hakimiyyət daxilində narazılar ordusu formalaşmaqdadır", Azadlıq qəzeti yazır. Narazılar Beynəlxalq Bankla bağlı "kredit qalmaqalı"nda hədəfə gələnlər və son dövrlərdə sıxışdırılan məmurlardır, qəzet iqtidar daxilindən "sızan" məlumatlara əsaslanaraq yazır.

"Azadlıq" yazır ki, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev və yaxın ətrafı, onunla qohumluq əlaqələri olan məmurlar da sıxışdırılır.

Ziya Məmmədovunsa son vaxtlar "demək olar ki, bütün səlahiyyətlərini itirdiyi" qeyd olunur.

Azadlıq qəzeti hakimiyyətdəki qaynağa istinadən bildirir ki, adıçəkilən şəxslər "üzləşdikləri vəziyyətlə barışmaq istəmirlər" və bəzən narazılıqlarını "açıq şəkildə ifadə edirlər".

"Seymur Həzinin son sözü yarımçıq kəsilib, barəsindəki hökm isə qüvvədə saxlanılıb"

"“Azadlıq” qəzetinin əməkdaşı və “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin 5 il azadlıqdan məhrum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayəti üzrə proses yekunlaşıb. Sumqayıt Apelyasiya Məhkəməsində Nazim Mövsümovun sədrlik etdiyi hakimlər kollegiyası hökmün qüvvədə saxlanılması barədə qərar qəbul edib. Seymur Həzinin vəkili Adil İsmayılov müdafiə çıxışında bildirib ki, məhkəmənin ədalətli qərar verəcəyinə inanmır.

Daha sonra Seymur Həzi çıxış edib. Amma onun çıxışı yarımçıq kəsilib. Seymurla hakimlər arasında belə bir dialoq yaşanıb:

– Mən çıxış etmək fikrində deyildim. Bir yəhudi dissident Sovet dövründə Moskvanın küçələrinə ağ kağız yapşdırırmış, onu tutub aparıblar. Deyiblər, nə ilə məşğulsan? Deyib, etiraz edirəm. Deyib axı heç nə yazmamısan? Cavab verib ki, hamı hər şeyi bilir də. Hamının hər şeyi bildiyi ölkədə nəyisə danışıb-danışmamaq bəzən vaxt aparmaqdır. Amma sonradan fikrimi dəyişdim.

Ötən məhkəmə iclasına gələndə indiki çıxışıma bənzər bir çıxış hazırlamışdım. Amma məni gətirəndə axtarış-baxış zamanı üzərimdən götürdülər. Müəssisə rəhbəri sonra gəlib mənə töhmət elan elədi. Guya bu, təxribat xarakterli sənədmiş. Təxribat bilirsinizmi nədir? Təxribat odur ki, Xəzərdə nefti Qərb şirkətləri ilə çıxardığın halda, rus hərbi gəmilərini Qız qalasına qədər buraxırsan, üstəlik, təlim zamanı gəmi topları da atəş açmır. Budur, əzəli düşmənə “sən gəl, biz güllə atmayacağıq” mesajı, budur təxribat…

Hakim:

– İşlə bağlı çıxış edin.

– Məni bu işlə bağlı tutmayıblar ki, cənab hakim. Burada sübut olundu ki, mən xuliqanam?! Burada mənim xuliqanlığım sübut olunsaydı, sizi əmin edirəm, o işlə bağlı danışacaqdım. Hansı işlə bağlı tutulmuşamsa, o işlə bağlı danışacam.

– Siyasətlə məhkəmə prosesini qarışdırmayın.

– Bilirsiniz məni niyə tutublar? Liberman Azərbaycana gələndə onun səfərini şərh elədiyimə görə. Azərbaycanın Rusiyanın maraqlarına görə atəşkəsi pozub bu ölkənin övladlarını qurban verdiyini ifşa elədiyimə görə… Mən neyləmişəm?! Nə iş görmüşəm ki?!

– Bu, bizim işimizdə yoxdur.

– Sizin işinizdə çox şey yoxdur.

– Məhkəmə işə mahiyyəti üzrə baxır.

– Siz axı mənim xuliqan olduğumu sübut eləmədiniz…”

Seymur Həziyə çıxış etməyə imkan verməyiblər. Amma Seymur Həzinin çıxışının yazılı mətni yayılıb. Qəzet həmin çıxışın mətnini olduğu kimi dərc edib.

"Azərbaycan"

Prezident General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Sərəncamda deyilir: "2015-ci ildə görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Sadıq bəy oğlu Mehmandarovun anadan olmasının 160 illiyi tamam olur.

... Azərbaycan xalqı qarşısında müstəsna xidmətlər göstərmiş general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin…"

"Yeni Müsavat"

Azərbaycanın İspniyadakı (keçmiş) səfiri: "Nazirlikdən dedilər öz fəaliyyətinə davam et"

Səfir qəzetə müsahibə verib. "Mən qanuna, nizam-intizama riayət edən, məsuliyyətli bir insanam və əgər belə bir şey olsaydı, mən təbii ki, ya geri qayıdacaqdım, ya da... Hazırda mən öz fəaliyyətimi davam etdirirəm. Əgər mənimlə bağlı prezident sərəncamı olubsa da, onun əsasında mənə hansısa bir təlimat, ya başqa bir şey gəlməyib. Mən özüm də araşdırma apardım. Əsas mənbə prezident saytıdır, sənədlər orda dərc olunur. Ancaq mənimlə bağlı orda belə bir sərəncam yoxdur. İndi mən uzaqdayam, Madriddəyəm. Orda nə baş verib, mən bunu bilmirəm. Çox güman ki, burada texniki, ya növbəti bir səhv olub. Başqa bir şey ola bilməz. Çünki əgər mayda sərəncam çıxıbsa, mən indiyə qədər niyə burda oturmuşam? Mənimlə bağlı hər hansı qalmaqalın olmasından yazırlar, bunların heç biri həqiqətə uyğun deyil. Mən bilmirəm bütün bunları kim, nə məqsədlə yazır.

- Amma prezident sərəncamının rəsmi qəzetdə dərc olunduğu deyilir. Olmayan bir sərəncam niyə dərc olunsun axı?

- Onu bilmirəm. Rəsmi qəzetlərdə varsa, onda Prezident Administrasiyasına zəng edin, cavabını istəyin. Çünki mənə nazirlikdən nə bir xəbər, nə təlimat gəlib. Dedilər öz fəaliyyətinə davam et!

…Mən bilmirəm, bəlkə orda texniki, ya bürokratik hansısa səhv olub, bunu başqa mənbələrdən araşdıra bilərsiniz. Bu məsələyə digər qurumlar düzgün izahat verə bilər.

- Sizin Azərbaycana qayıtmaq niyyətində olmadığınız haqda iddiaların necə, əsası varmı?

- Qətiyyən. (Üç dəfə təkrar edir.)”

"QMİ-nin Həcc ziyarəti təşkilatçıları azərbaycanlı zəvvarları hava limanında köməksiz qoyaraq qaçıb, insanlar hava limanında əlacsız gözləyir"

"…Bakıya yola düşməli olan zəvvarlar üçün otelə pul verməmək üçün təşkilatçılar onları tez-tələsik otellərdən çıxarıb hava limanına aparır. Bu gün səhər Bakıya gəlməli olan zəvvarları QMİ rəsmiləri bir gün əvvəldən oteldən çıxarıblar. Ancaq səhər saat 5-də Bakıya uçmalı olan təyyarə yenə də təşkilati işlərin yarıtmazlığı səbəbindən ləngiyib və reys bu gün axşam 7-yə təyin olunub.

Bu barədə Ciddə hava limanından …məlumat verən zəvvarlar hava limanında zəvvarların bir neçəsinin halının pisləşdiyini, ürəyi gedənlərin olduğunu bildirdilər. Qadınlar, kişilər hava limanında yerdə yatırlar".

Zəvvarlar deyir ki, pul verməmək üçün onları dünən saat 11-də oteldən çıxarıblar, Yeni Müsavat yazır.

"Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən daha bir şəxs həbs edilib"

"Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Taleh Mahir oğlu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub", Yeni Müsavat APA-ya istinadən yazır. "Aparılan araşdırmalar zamanı onun 2014-cü ildə Suriyaya getdiyi və 3 ay orada qaldığı məlum olub".

Onun barəsində "qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma" maddəsinə əsasən cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir, məlumatda deyilir.

"Эхо"

Fərqanə Qasımova konsert verəcək

Azərbaycanın Əməkdar Artisti, muğam ifaçısı Fərqanə Qasımova oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində konsert verəcək.

Fərqanə Qasımova tanınmış Azərbaycan xanəndəsi, Xalq Artisti, “Şöhrət” ordeni və UNESCO musiqi mükafatına layiq görülmüş Alim Qasımovun qızıdır. 2014-cü ildə Fərqanə Qasımova “Yalnız Ona Doğru” adlı albomunu buraxıb.