Azərbaycan Xədicə İsmayılova barədə bəyanatları "qınayır"

Şəklin mənbəyi, Azadliq Radiosu RFE RL
Azərbaycanın Xarici İşlər Nazirliyi araşdırmaçı jurnalist Xədicə İsmayılova barəsində verilən beynəlxalq şərhləri qınayıb.
Nazirliyin sözçüsü Hikmət Hacıyev deyib ki, jurnalist haqda çıxarılmış məhkəmə qərarı ilə əlaqədar ABŞ Dövlət Departamenti, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Avropa İttifaqı və digər təşkilatların bəyanatları qəbuledilməzdir.
"Xədicə İsmayılova ilə əlaqədar olan məhkəmənin işinə müdaxilə, məhkəmə qərarının siyasiləşdirilməsi və onun mahiyyətinin təhrif edilməsi cəhdlərini, eləcə də sırf hüquqi müstəvidə olan bu məsələyə siyasi bəyanatlar formasında olan münasibətləri qəti şəkildə qınayır və qəbuledilməz hesab edirik".
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılova haqqında 7 il 6 aylıq azadlıqdan məhrumetmə qərarı çıxarılıb.
Xədicə İsmayılova verilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.
Qərardan sonra beynəlxalq təşkilatlar və ABŞ, Böyük Britaniya kimi ölkələr jurnalisti azadlığa buraxmağa çağıran bəyanatlar verib.
"ABŞ məhkəmənin məşhur araşdırmaçı jurnalist Xədicə İsmayılova barəsində 7 il 6 ay həbs qərarından dərin narahatdır", Departament sözçüsü Mark Toner bəyan edib.
"Biz həmçinin istintaq və məhkəmə zamanı qeyri-müəyyənliklər, o cümlədən şahidlərin yetərsizliyi və başqa əsas sübutların olmamasından narahatıq". Mark Toner qeyd edib ki, bu, Azərbaycanda insan haqları, o cümlədən media azadlığına "artan qadağaların daha bir nümunəsidir".
"Prezident İlham Əliyevin özünün qeyd etdiyi kimi, KİV azadlığı demokratiya prinsiplərinin əsas hissəsidir və ona qarşı zorakılıq Azərbaycanın maraqlarına ziddir.Biz Azərbaycan hökümətini xanım İsmayılovanı və fundamental azadlıqların həyata keçirilməsi zamanı həbs edilən digərlərini azad etməyə çağırırıq".
Böyük Britaniyanın Avropa üzrə naziri David Lidington Xədicə İsmayılovaya 7 il yarım həbs cəzasının verilməsinə görə "dərindən narahat olduğunu" bildirib.
"Məni məhkəmənin aparılması yolları barədə məlumatlar narahat edir və Azərbaycan hakimiyyətini onun işinə şəffaf və ədalətli tərzdə yenidən baxmağa çağırıram", cənab Lidington qeyd edib.

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic bu qərarı "dəhşətli xəbər" adlandırıb və o, Avropa Şurası İnsan Haqları Komissarı Nils Muiznieks birgə Xədicə İsmayılovanın həbsi barədə qərarı pisləyən bəyanat yayıblar.
Azərbaycanın XİN-i isə bildirib ki, Xədicə İsmayılovaya qarşı irəli sürülən ittihamlar hələ istintaq mərhələsində olanda belə istintaqın işinə müdaxilə, istintaqa təzyiq göstərilməsi və ona siyasi don geyindirilməsi kimi "qərəzli" yanaşma özünü göstərib.
"Bu kimi cəhdlər Azərbaycan Respublikasının suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndirilir", cənab Hacıyev qeyd edib.
Nazirlik dəfələrlə Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyi və qanunun aliliyinin tam şəkildə təmin olunduğunu bildirdiyini xatırladıb.





