Azərbaycan manatı stabillik tapıbmı?

Azərbaycanda manatın məzənnəsinə təsir edən səbəblər "aradan qaldırılmayıb", təhlilçilər BBC Azərbaycancaya deyir.
Təhlilçilərin sözlərinə görə, neft gəlirlərinin azalması və avro ilə dolların məzənnəsinin bir-birinə olan münasibətlərinin manata təsiri milli valyutanın sabitliyində mühüm rol oynayır.
Buna görə də bu səbəblər fonunda yeni qərarlar verilməzsə, ilin sonuna ölkədə "yumşaq devalvasiya həyata keçirilə bilər".
Stabil manat
İyulun əvvəlində, manatın məzənnəsini müəyyən edən qurumun - Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov mediaya deyib ki, "son aylar manatın məzənnəsi öz sabitlik nöqtəsini axtarır və demək olar ki, tapmaqdadır".
Bu ilin <link type="page"><caption> fevralında</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/02/150221_manat_change" platform="highweb"/></link> AMB milli valyutanın məzənnəsinin "korreksiyası"nı aparıb, başqa sözlə, "kəskin" devalvasiya həyata keçirib. Nəticədə, 1 Azərbaycan manatının rəsmi məzənnəsi 1.05 ABŞ dollarına bərabər olub.
Cənab Rüstəmovun belə fikirlərini "optimist" adlandıran təhlilçilər deyir ki, manatın məzənnəsinə təsir edən subyektiv və obyektiv səbəblər "hələ də öz yerində qalır". Lakin bu, yaxın zamanlarda yeni devalvasiya ehtimalı demək deyil.
Neft gəlirləri azalır
"Reallıq göstərir ki, ölkəyə gələn valyutanın həcmi getdikcə daha da azalır. Ötən ilin müvafiq dövründə Azərbaycan Neft Fonduna təqribən 8.2-8.3 milyard manat daxil olmuşdusa, bu rəqəm bu ilin ilk 6 ayında 3.9 milyard oldu", iqtisadçı Natiq Cəfərli deyir.
Onun sözlərinə görə, təqribən iki dəfədən çox müşahidə edilən azalma göstərir ki, Azərbaycana valyuta nə qədər az gələcəksə, manata olan basqılar bir o qədər artacaq.
İqtisadçılara görə, məzənnənin asılı olduğu gəlirlərə təsir edən başlıca səbəblərdən biri dünya bazarında neftin qiymətinin enməsidir. Çünki Azərbaycan, gəlirlərinin əsas hissəsini neft sahəsindən götürür.
Neft bazarında isə son həftələrdə "həddən artıq təlatümlü" proseslər baş verir, iqtisadçi Natiq Cəfərli deyir.
"Keçən ay neftin ortalama qiyməti 66-67 dollar olan Brent markalı neft indi 52-53 dollara qədər enib, yəni təqribən 15 dollara yaxın".
Təhlilçilərə görə, yaxın perspektivdə olmasa da, İranın Qərblə münasibətlərinin yaxşılaşması dünya bazarında neftin qiymətinin düşməsinə təsir edə bilər.
Hərçənd ki, bundan əlavə faktorlar - ən böyük neft istehlakçılarından olan Çin iqtisadiyyatının zəifləməsi, Səudi Ərəbistanı, Venesuela və Meksika kimi iri neft ixracatçılarının hasilatı artırması da müəyyən rol oynaya bilər.
Belə fikirlərlə razılaşan başqa bir iqtisadçı, Vüqar Bayramov əlavə edir ki, dünya bazarında neftin qiyməti uzun müddət indiki qiymətdə qalarsa, o zaman Azərbaycan qeyri-neft sektorunun inkişafına investisiyalar etdirməlidir ki, azalan neft gəlirlərini bu yolla tənzimləyə bilsin.
Əks halda, AMB yenidən devalvasiya həyata keçirməyə məcbur olacaq.

Şəklin mənbəyi, cbar.az
"Neftin qiyməti bir barelə görə, 40 dollar olarsa, uzun müddətli perspektivdə devalvasiya ehtimalı ola bilər", cənab Bayramov qeyd edir.
Avro və dollar məzənnəsinin manata təsiri
Məzənnənin sabitliyinə təsir edən başqa bir səbəb, avro ilə dolların məzənnəsinin bir-birinə olan münasibətlərinin manata təsiridir.
Çünki, devalvasiyadan sonra AMB ikili valyuta səbətinə keçmək haqda qərar qəbul edib, manatın məzənnəsi əvvəllər təkcə dollara görə müəyyən olunurdusa, indi həm də dünya bazarında dolların avroya olan nisbəti də nəzərə alınır.
"İndiki kurs 21 fevralda müəyyənləşdirilmiş kursdan hətta aşağıdır. Mərkəzi Bank valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışdı, son 2 ayda artımlar müşahidə edilir", Vüqar Bayramov bildirir.
O əlavə edir ki, Azərbaycanda fevral-mart aylarında dollarlaşma prosesi getsə də, indi dollarlaşma prosesi dayanıb və valyutaların yenidən manata çevrilməsi dollar təklifinin artmasına səbəb olur.
Yumşaq devalvasiya ehtimalı
Hər iki iqtisadçının sözlərinə görə, yeni devalvasiya "onsuz da ilk şoku keçirə bilməmiş" bank və özəl sektora ciddi təsir edə bilər.
"Azərbaycan iqtisadiyyatı birinci devalvasiyanı həzm edə bilməyib. İkinci kəskin devalvasiya iqtisadiyyatı tam çökdürə bilər", Natiq Cəfərli deyir.
Buna görə də, ən yaxşı halda Mərkəzi Bank "hər həftə az-az" manatın dəyərini oynaq saxlaya bilər, iqtisadçı əlavə edir.
"Zənnimcə, məzənnənin dəyəri hələ yuxarıya doğru gedəcək və ilin sonuna yaxın neft qiyməti indiki səviyyədə qalarsa, yumsaq devalvasiya (1 USD- 1.15. 1.20 AZN) görə bilərik".
Hazırda Mərkəzi Bankın məlumatına görə, 1 dollar -1.04 manat və 1 avro isə 1.16 manatdır.




