Azərbaycanda QHT-lərin indiki vəziyyəti necədir?

Şəklin mənbəyi, Getty

Beynəlxalq qurumlar son iki ildə Azərbaycanı onlarla qeyri-hökümət təşkilatının (QHT) qapadılmasına görə tənqid etsə də, ayrı-ayrı vətəndaş cəmiyyəti fəalları müxtəlif layihələr gerçəkləşdirməsi barədə məlumatlar paylaşır.

Təhlilçilərə görə, hazırda ölkədə layihə həyata keçirən qurumların əksəriyyəti, əsasən "hakimiyyət yönümlü olduqlarına" görə fəaliyyət göstərir, müstəqil vətəndaş cəmiyyəti isə "faktiki olaraq sıradan çıxıb".

Hərçənd ki, bu fikirlərin əksini söyləyənlər, hazırda üçüncü sektorun cəmiyyətlə əvvəlki münasibətlərindən də daha üst səviyyədə ictimai proseslərə təsir göstərən mühüm layihələr tərtib edərək, həyata keçirdiyini bildirənlər var.

2013-cü ilin dekabrından bəri <link type="page"><caption> Azərbaycanda</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/09/140827_arrested_journalist_hr_defenders_2014" platform="highweb"/></link> bir çox fəal, o cümlədən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov, Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov da daxil olmaqla QHT nümayəndələri ya həbs edilib, ya da əmlakı müsadirə edilib.

Onlara qarşı əsasən, qanunsuz sahibkarlıq, külli miqdarda vergidən yayınma və digər ittihamlar irəli sürülüb.

Bundan başqa, həmin dövrdə beynəlxalq təşkilatlardan ABŞ-da mənzillənən IREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) qeyri-hökümət təşkilatının Azərbaycandakı bank hesabına həbs qoyulub, bir çox beynəlxalq QHT-lərin yerli ofislərində, Böyük Britaniyanın "Oxfam" Beynəlxalq Xeyriyyə Təşkilatı və Danimarkanın "International Media Support" (IMS) təşkilatında vergi yoxlaması aparılıb.

Vəziyyət "acınacaqlıdır"

Bu baxımdan politoloq Ərəstun Oruclu hesab edir ki, hazırda "hakimiyyət yönümlü" vətəndaş cəmiyyətinin strukturunu nəzərə almasaq, müstəqil və ya digər vətəndaş cəmiyyətinin vəziyyəti "çox acınacaqlıdır".

"Çünki faktiki olaraq, bizim vətəndaş cəmiyyəti fəallarının önəmli bir hissəsi həbsxanalardadır, digər hissəsi isə ölkədən gedib", o deyir.

Cənab Oruclu əlavə edir ki, QHT-nin əsas mənbəyi olan qrantların alınması və maliyyə dəstəyi məsələləri də hüquqi cəhətdən "son dərəcə ağırlaşdırılıb".

"Hətta belə dəstək almaq iqtidarında olan təşkilatlar da bunu ala bilmirlər, çünki prosedurlar son dərəcə acınacaqlıdır".

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli "seçki saxtakarlığında" ittiham olunaraq həbs edilib
Şəklin alt yazısı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli "seçki saxtakarlığında" ittiham olunaraq həbs edilib

2014-cü ilin noyabrında xarici donor təşkilatlarının yerli QHT-lərə qrant ayırması üçün qeydiyyatdan keçmə məcburiyyətini nəzərdə tutan dəyişiklər və xarici hüquqi şəxslərin Azərbaycanda qeydiyyata alınmış filial və nümayəndəliklərinin yerli QHT-lərə qrant ayırmaq hüququnu müvafiq icra hakimiyyəti orqanının maliyyə-iqtisadi məqsədə müvafiqliyinə dair rəyindən asılı edən <link type="page"><caption> qanunlar dəyişdirilib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/11/141117_azerbaijan_ngo_law" platform="highweb"/></link>.

QHT-lər "mühüm bir qüvvəyə çevrilir"

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, bitərəf deputat Zahid Oruc isə hesab edir ki, QHT-lər Azərbaycanda mühüm bir qüvvəyə çevrilir.

"Bir neçə QHT ətrafında yaradılmış ajiotaja baxmayaraq, üçüncü sektor mühüm layihələr həyata keçirilməsi üçün dövlət başçısı yanında yaradılmış müvafiq qurumdan müəyyən maliyə dəstəkləri əldə etməyə çalışır və mühüm bir qüvvəyə çevrilir".

Cənab Oruc bildirir ki, QHT-lər öncədən Azərbaycanda siyasi partiyaların kölgəsində yaradılıb, əksərən xaricdə müəyyən maliyyə vəsaitlərinin partiyalara çatdırılmasının bir aralıq mexanizminə çevrilmişdilər və siyasi hakimiyyət uğrunda mübarizəyə qoşulmuşdular.

QHT strukturlarının siyasiləşməsini "günah və ya cinayət" saymayan deputat qeyd edir ki, onlar bu transformasiyanı "düzgün" qura bilməyiblər.

"Amma dövlət xarici maliyyə asılılığını aradan qaldırmaq istiqamətində tədbirlər həyata keçirən kimi bu sferadan külli miqdarda vəsaitlərin ünvansız xərclənməsinin, yaxud vəsaitlərin hakimiyyət lehinə təbliğata verilməsinin qarşısı alındı", cənab Oruc bildirir.

Deputat Zahid Oruc isə hesab edir ki, QHT-lər Azərbaycanda mühüm bir qüvvəyə çevrilir.

Şəklin mənbəyi, Ismayil Nur

Şəklin alt yazısı, Deputat Zahid Oruc isə hesab edir ki, QHT-lər Azərbaycanda mühüm bir qüvvəyə çevrilir.

İkili durum

Onun sözlərinə görə, bu, "az qala" müxtəlif beynəlxalq qurumlarla qarşıdurma yaradıb və ikili durum ortaya çıxıb.

"Bir yandan yüzlərlə təşkilat dövlətlə fəal əməkdaşlıq fonunda ictimai, humanitar, sosial, mədəni layihələr formalaşdırmaqla müəyyən bir nüfuz əldə edir, digər qismi isə Azərbaycanda şəraitsizlikdən gileylənməklə hüquq sisteminin qanunvericilik normalarının sərtləşməyindən şikayət edir".

Bu baxımdan deputat iddia edir ki, indiyə qədərki dövrdə onlar donorla "qeyri şəffaf şəraitdə işləmişdilər".

"Sanki belə bir əks əlaqə sistemi qurulmuşdu: bir-biri ilə harmonik formada birləşib pulların yuyulmasında iştirak edirdilər", cənab Oruc qeyd edib.

2007-ci ilin dekabrında dövlət-QHT tərəfdaşlığı üçün mexanizmin yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb və 2008-ci ilin aprelindən Şura fəaliyyətə başlayıb.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, 2008-2014-cü illərdə QHT-lərin layihələrinə Şuradan 20 milyon manat ayrılıb.
Şəklin alt yazısı, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, 2008-2014-cü illərdə QHT-lərin layihələrinə Şuradan 20 milyon manat ayrılıb.

Şura, 2015-ci ilin birinci maliyyə rübündə 387 QHT-nin layihəsini maliyyələşdirib, rəsmi saytda deyilir.

Şuranın 2014-cü il üçün ümumi hesabatının dinlənilməsi zamanı, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, 2008-2014-cü illərdə yerli QHT-lərin layihələrinə Şuradan 20 milyon manat maliyyə ayrılıb.

“Dövlət olaraq biz də hesab edirik ki, vətəndaş təşəbbüslərini dəyərləndirən, istiqamətləndirən, idarə edən üçüncü sektorun bütün təmsilçiləri Azərbaycan dövlətinin, cəmiyyətinin qarşısında duran məsələlərdən, prioritet vəzifələrdən yaxalarını kənara çəkməməli, dövlətlə, cəmiyyətlə bərabər, onun təmsilçiləri kimi həmin sahələr üzrə ardıcıl fəaliyyət göstərməlidir”, cənab Həsənov qeyd edib.

QHT-lərin effektivliyi

Politoloq Ərəstun Oruclu deyir ki, hazırda geniş fəaliyyət göstərən QHT-lərin çoxu "əslində hakimiyətin siyasətinə bir dəstək fəaliyyəti" həyata keçirir.

Şəklin mənbəyi, VOA

Şəklin alt yazısı, Politoloq Ərəstun Oruclu deyir ki, hazırda geniş fəaliyyət göstərən QHT-lərin çoxu "əslində hakimiyətin siyasətinə bir dəstək fəaliyyəti" həyata keçirir.

Ərəstun Oruclu isə hesab edir ki, Azərbaycanda baş verən dəyişikliklər və təzyiqlər nəticəsində vətəndaş cəmiyyətinə "böyük zərbə" dəyib.

"İdeal olmasa da, çatışmazlıqlar olsa da, QHT-lər müəyyən mənada oturuşmuş qurumlar idi, amma artıq reallıq budur ki, artıq bu institutlar yoxdur", cənab Oruclu vətəndaş cəmiyyəti qarşısında duran vəzifələr baxımından vəziyyəti qiymətləndirdiyini bildirir.

Politoloqun fikrincə, hazırda geniş fəaliyyət göstərən QHT-lərin çoxu "əslində hakimiyyətin siyasətinə bir dəstək fəaliyyəti" həyata keçirir.

"..söhbət ondan getmir ki, QHT-lər hakimiyyətə qarşı olmalıdır, ondan gedir ki, vətəndaş cəmiyyəti institutlarının öz fəaliyyət müstəvisi, çərçivəsi var, o missiya kənarda qalır, görünür hakimiyyəti belə missiya qane edir".

"Hakimiyyət faktiki olaraq müxalifətlə, media ilə həyata keçirdiyi taktikanı son anda vətəndaş cəmiyyəti ilə bağlı həyata keçirdi. Artıq onun QHT qurumları var, o tam sərbəst şəkildə idarə olunur, istənilən qərarı verirlər, siyasi motivli həbslərə bəraət qazandırırlar, onları inkar edirlər", cənab Oruclu əlavə edir.

Bakı 2015 birinci Avropa Oyunları 12-28 iyunda keçirilib

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Bakı 2015 birinci Avropa Oyunları 12-28 iyunda keçirilib

Ərəstun Oruclu hesab edir ki, son dövrlər QHT Şuradan maliyyələşən qurumların fəaliyyəti, məsələn "Avropa Oyunlarını dəstəkdən ibarət olub".

"Heç kim etiraz etmir, dəstək versinlər, amma eyni zamanda ölkədəki sırf vətəndaş cəmiyyətinin problemləri haqqında da bir dəfə danışsınlar, eləmirlər bunu heç vaxt etmirlər", deyən Oruclu qurumların hakimiyyətdən maliyyələşdiyi üçün ordan daxil olan "tapşırıqlar və göstərişlər əsasında" fəaliyyət göstərdiyini deyir.

QHT Şurasının 2015-ci ilin ikinci rüblük hesabatının təqdimatında Şura sədri Azay Quliyev bildirib ki, I Avropa Oyunlarının keçirilməsində Şura yaxından iştirak edib və bu istiqamətdə 30-dək QHT-nin layihəsi dəstəklənib.

Bura Şuranın dəstəyi ilə beynəlxalq media qurumlarında oyunların təbliğinə həsr olunan çoxsaylı materialların yayımlanması, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında elektron məlumat lövhəsi və monitor yerləşdirilməsi, Qarabağ haqqında hazırladığı yüzlərlə broşurun xarici ölkə vətəndaşlarına paylanması daxildir.

"Tapşırıq və göstərişlə fəaliyyət" barədə fikirlərlə razılaşmayan deputat Zahid Oruc deyir ki, bu sahəyə vəsaitlər ayrılan kimi "hakimiyyətin özünə yaxın üçüncü sektor formalaşdırması və bütün müxalif qüvvələri dövriyyədən çıxarması" kimi fikirlər yayılıb.

"Amma uzun onillər ərzində Soros Fondu, Fridrix Nauman Fondu, Enebt, Carnegi, HRW, Article 19, Freedom House-un yerli dayaqları əksər hallarda yalnız hakimiyyət kontekstində olub", deputat Oruc bildirir.

"Səmərəli" QHT-lər

Millət vəkili onu da əlavə edib ki, bu təşkilatlar "bir çox hallarda milli etnik mənşəyi şübhə doğuran və hər hansı hesabatlılığa malik olmayan qüvvələri daha çox mükafatlandırıb".

Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin iyul ayında həbs olunub

"Necə ola bilər ki, indiyə qədər, məsələn iki azərbaycanlı ailəsinin öz doğma evinə qayıdışını, Şuşaya səfərini xalq diplomatiyası adı altında maliyyələşdirən bir beynəlxalq QHT-ə rast gəlmədik?", deyə deputat sual verib.

Cənab Zahid Oruc onu da sual edir ki, "niyə bircə dəfə də olsun Açıq Cəmiyyət İnstitutu İrəvana, öz dədə-babasının qəbrini ziyarət etmək istəyən insanın amallarını gercəkləşdirmək istəməyib, niyə xalq diplomatiyası adı altında yalnız Leyla Yunuskimilər mükafatlandırılıb?".

Onun sözlərinə görə, "hesabatlılıqdan kənar" əldə etdiyi vəsaitə, 570 min avroya Almaniyada ev və digər əmlaklar alan və hakimiyyətin maliyyə vəsaitlərinin xərclənməsinə nəzarət edən qurumlarından hesabatlılıq istəyən <link type="page"><caption> Leyla Yunus</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/06/150618_azerbaijan_human_rights" platform="highweb"/></link>dan şəffaflıq tələb edilən kimi müxtəlif qurumlar dərhal bunu cinayət hesab edib hakimiyyətin üzərinə yeriyir.

Ümumilikdə isə, deputat QHT-lərin fəaliyyətini "effektiv" hesab edir.

"Onlar müxtəlif qanunvericilik layihələrinə ictimai rəy əldə olunması, hüquqların qorunması, sosial baxış, cəmiyyətin maarifləndirilməsinə dair çox yaxşı layihələr həyata keçirirlər".

Zahid Oruc həmçinin arzu edir ki, korrupsiyaya qarşı mübarizə, dövlət qulluğuna seçim, xidmət sektoru, vətəndaşların əmlak və mənzil hüququ sahəsində də QHT-lər formalaşsın.

Azərbaycanda dövlət qeydiyyatına alınmış QHT-lərin sayı təxminən 3000-ə yaxındır.