İlk Avropa Oyunları Azərbaycana baha başa gəlir

“Crystal Hall” zalı 2012-ci ildə Eurovision Mahnı Müsabiqəsinin keçirilməsi üçün tikilib, lakin Oyunlar zamanı burada voleybol və başqa idman yarışları keçiriləcək

Şəklin mənbəyi, n

Şəklin alt yazısı, “Crystal Hall” zalı 2012-ci ildə Eurovision Mahnı Müsabiqəsinin keçirilməsi üçün tikilib, lakin Oyunlar zamanı burada voleybol və başqa idman yarışları keçiriləcək
    • Müəllif, Rayhan Demitri
    • Vəzifə, BBC-nin Cənubi Qafqaz üzrə müxbiri

"Avropa Oyunlarından sonra dünyanın bütün insanları Azərbaycanın Avropada olduğunu biləcəklər”.

İdman naziri Azad Rəhimov üçün Azərbaycanın rəsmi Olimpiya hərəkatına daxil milyardlarla dollarlıq Avropa Oyunlarına ev sahibliyi etməsinin arxasındakı motivlər tam aydındır.

Azərbaycan hökuməti ölkəni “Avropanın xəritəsinə yerləşdirmək istəyir”.

Bakının yenicə tikilmiş idman obyektlərində 20 növ üzrə 6000 Avropa idmançısının yarışacağı bu Oyunlar Bakıya, rəsmi rəqəmlərə görə, 1 milyard 200 milyon dollara başa gələcək.

Lakin real rəqəm bundan xeyli yüksək ola bilər. Belə ki, elə təkcə Olimpiya Stadionunun qiyməti 600 milyon dollardır.

Bundan əlavə hələ Su idmanı və Atıcılıq mərkəzləri, Milli Gimnastika zalı, İdman şəhərciyi və triatlon, basketbol və başqa idman növləri üçün müxtəlif müvəqqəti obyektlər də tikilib.

Hələ bunlar bir yana, Azərbaycan bütün idmançıların bütün yol və yaşayış xərclərini də öz üzərinə götürüb.

Bu əliaçıqlıq kampaniyasını daha mükəmməl bir tərzdə tamamlamaq üçün Nəqliyyat Nazirliyi elan edib ki, bütün iştirakçılar Oyunların keçirildiyi günlərdə şəhərin yüzlərcə “London taksi”sindən pulsuz istifadə edəcəklər.

“Tamamilə mənfəətsiz”

Lakin Avropa Oyunları neft qiymətlərinin düşdüyü və ölkənin milli valyutası manatın üç dəfə ucuzlaşdığı bir vaxta təsadüf edir. Bəziləri Azərbaycanın bütün bu xərclərin altından necə çıxa biləcəyindən narahatdırlar.

"Azərbaycanlıların güclə dolandıqları bir vaxtda bütün bu dəbdəbəli xərclər adamları doğrudan da əsəbiləşdirir, - Bakıda mənzillənmiş Şərq-Qərb Araşdırmaları Mərkəzinin başçısı Ərəstun Oruclu deyir.

“Hökumət üçün Avropa Oyunları ən yüksək prioritetə malikdir. Bu, hökumət üçün PR-dır. Lakin iqtisadi baxımdan Oyunlar tamamilə mənfəətsiz bir tədbirdir”.

Avropa Oyunları nədir?

Şəklin mənbəyi, BBC World Service

Avropa Oyunları Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə təşkilatın 2012-ci ildə Romada keçirilmiş Baş Assambleyasında elan edilib.

Məqsəd Olimpiya və ya Britaniya Birliyi oyunlarının prinsipləri üzrə Avropa qitəsi üçün çoxsaylı idman növlərini birləşdirən tədbirin keçirilməsidir.

Asiya artıq 1951-ci ildən etibarən hər dörd ildən bir öz oyunlarını keçirir. Elə həmin ildə Panamerika Oyunlarının da əsası qoyulub.

Rəsmilər bildiriblər ki, binanın yanmasına səbəb Sovet zəmanəsindən qalma binaların xarici fasadlarının üzlənməsi üçün tezalışan materialdan istifadə ediulməsi olub

Şəklin mənbəyi, n

Şəklin alt yazısı, Rəsmilər bildiriblər ki, binanın yanmasına səbəb Sovet zəmanəsindən qalma binaların xarici fasadlarının üzlənməsi üçün tezalışan materialdan istifadə ediulməsi olub

Belə düşünmək olar ki, ötən ay Bakıdakı yaşayış binalarından birində baş vermiş fəlakətli yanğına sosial mediada verilən acıqlı reaksiya azərbaycanlıların cana yığılmalarının göstəricisi olub. Həmin yanğında 15 nəfər ölmüş və onlarca insan xəsarət almışdı.

Həmin günlərdə internetdə hökumətin Avropa Oyunları aludəçiliyini məsxərəyə qoyan karikaturalar yayıldı. Tənqidçilər hökumətin təhlükəsizlikdən daha çox zahiri bər-bəzəyə diqqət verməsini tənqid edirdilər.

Bu karikaturalardan birində Bakının meri yanğın olan binanı göstərərək deyir: “Ən böyük Olimpiya məşəlini mən yandırmışam”.

Rəsmilər bildiriblər ki, binanın yanmasına səbəb Sovet zəmanəsindən qalma binaların xarici fasadlarının üzlənməsi üçün tezalışan materialdan istifadə edilməsi olub.

Bakıda daha 200 binanın bu materialla üzləndiyi elan edildikdən sonra prezident Əliyev örtüklərin sökülməsinə sərəncam verib.

"Zahiri üzləmə bu hökumətin reallıqları gizlətmək üslübüdür” – Ərəstun Oruclu deyir.

"Məsələn, Bakı hava limanından təzə yol çəkilib və hakimiyyət bu yol boyunca gecələr işıqlandırılan divar tikib ki, gözəl görünsün. Lakin əsas məqsəd bu divarın arxasındakı yoxsulluğu gizlətmək, firavanlıq və tərəqqi illüziyası yaratmaqdır”.

Avropa Oyunları Bakıda keçiriləcək ilk böyük miqyaslı beynəlxalq tədbir deyil. Şəhər 2012-ci ildə Eurovision Mahnı Yarışına ev sahibliyi edib.

Gimnastika zalından bir görünüş

Şəklin mənbəyi, n

Şəklin alt yazısı, Gimnastika zalından bir görünüş

O vaxt insan haqları fəalları bu tədbirdən diqqəti adamların zorla evlərindən çıxarılmasına, korrupsiyaya və azad ifadə haqqının pozulmasına cəlb etmək üçün istifadə etmişdilər.

Gənc insan haqları fəalı Rəsul Cəfərov “Demokratiyaya nəğmə deyək” kampaniyasını keçirmişdi.

O Avropa Oyunları ərəfəsində də belə bir kampaniya keçirməyə hazırlaşırdı. Lakin bu gün o həbsxanadadır və səlahiyyətlərini aşma, habelə vergidən yayınma ittihamları ilə 6 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Hökuməti açıq tənqid edənlərin indi demək olar, hamısı həbsxanadadır. Bura insan haqları fəalları, vəkillər və jurnalistlər daxildir.

"Lakin hökumət bu dəfə işini möhkəm tutmağa çalışır” – Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə araşdırmaçısı Giorgi Qogiya deyir.

"Onlar öz nəzərlərində ölkənin imicinə xələl gətirənləri susdurmaq üçün əlaqələndirilmiş səylərin göstərilməsinə başlayıbılar”.

Lakin hakimiyyət öz tənqidçilərinin həbs edilməsinin siyasi motivli olduğunu danır.

“Azərbaycanda heç kəs özünün siyasi inanclarına və fəaliyyətinə görə təqib edilmir. Azərbaycanda qanunun aliliyi və ədliyyənin müstəqilliyi tamamilə təmin edilib” – Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyir.

Lakin belə görünür ki, Azərbaycanda qanunun aliliyi prinsipindən məqsədyönlü şəkildə yalnız hakimiyyəti açıq şəkildə tənqid edənlərə qarşı istifadə olunur.

Azərbaycanın ən görkəmli təhqiqat jurnalisti Xədicə İsmayılova 2014-cü ilin dekabrından bəri məhkəməyə qədər həbsdədir.

Dövlət mediası prezident İlham Əliyevi və onun xanımı, Oyunların Təşkilat Komitəsinin sədri vəzifəsini daşıyan Mehriban Əliyevanı yeni obyekt və layihələrin qırmızı lentlərini kəsərkən göstərməklə məşğuldur

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Dövlət mediası prezident İlham Əliyevi və onun xanımı, Oyunların Təşkilat Komitəsinin sədri vəzifəsini daşıyan Mehriban Əliyevanı yeni obyekt və layihələrin qırmızı lentlərini kəsərkən göstərməklə məşğuldur

Lakin onun məhbus edilməsi Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Təşkilatı (Organised Crime and Corruption Reporting Project - OCCRP) üzrə həmkarlaırnı Azərbaycanın hakim ailəsinin biznes fəaliyyətinə dair Xədicənin araşdırmalarını dərc etməkdən çəkindiməyib.

OCCRP-ın son hesabatlarından birində iddia edilir ki, prezidentə yaxın ofşor şirkətləri ölkənin ən böyük mobil telefon əməliyyatçısının dövlət səhmlərini qəsb edərək 1 milyard dolları mənimsəyiblər.

Lakin müstəqil jurnalsitlərin sıraları seyrəldikcə, azərbaycanlıların çox az hissəsi yüksək səviyyəli korrupsiya barədə məlumat ala bilir.

Bunun əvəzində Oyunların 12 iyun açılış günü yaxınlaşdıqca dövlət mediası prezident İlham Əliyevi və onun xanımı, Oyunların Təşkilat Komitəsinin sədri vəzifəsini daşıyan Mehriban Əliyevanı yeni obyekt və layihələrin qırmızı lentlərini kəsərkən göstərməklə məşğuldur.

Hökumət rəsmiləri bildirirlər ki, Azərbaycandakı insan haqları vəziyyətinin tənqidi ölkəni gözdən salmaq kampaniyasından başqa bir şey deyildir.

"İdmanın nəcib prinsiplərindən siyasi məqsədlər və Azərbaycana qarşı qarayaxma kampaniyası üçün sui-istifadə qəbuledilməzdir” – Xarici İşlər Nazirliyinin sözçüsü deyir.

"Azərbaycan bir gənc demokratiya və dinamik inkişaf edən ölkə kimi ilk Bakı Oyunlarının keçirilməsi üçün xoş məram göstərib və buna görə də qiymətləndirilməyə və başa düşülməyə haqqı var”.