Nərmin Kamalın bloqu: "Bizdə" varlıları nə xoşbəxt edir, Qərb ölkələrində nə?

Şəklin mənbəyi, Getty
- Müəllif, Nərmin Kamal
- Vəzifə, Yazıçı, bbcazeri.com üçün
Dostumun dostunun dostu zəngin britaniyalıların əyləncə tədbirinə - at yarışına olan biletini işi çıxdığına görə, mənə verdi. Vaxt gəldi, bazar günü yetişdi, yollandım at yarışına.
Üstü yarı-örtülü, yanları yarı-açıq zala girən kimi həyatın ritmi bir anda dəyişdi, bayırdakı sürətli şəhər sakinləri ahəstə, arxayın ağ adamlarla əvəzləndi.
İçəridəki adamlar aramla addımlayır, başlarını bir-birinə tərəf aramla çevirirdilər. Başımın tərpəniş sürətini yavaşıtmaq, bədənimin, qol-qıçımın amplitudlarını azaltmaq, içəridəki sərinliyə gətirmək üçün xüsusi olaraq çalışdım.
Bir azdan bir cüt atlı at belində o başdan çıxdı, tıqqatıq gəlib keçdi, gözdən itdi. Sonra iki dənə də at çıxdı, gəldi, keçdi, fasilə elan olundu.
Dünyada varlılar sinfinə münasibət, pinti şəkildə bölsək, iki böyük qrupa bölünür. Birincinin tərəfdarlarının fikrincə, bu qədər kasıbın, yoxsulun, səfilin olduğu dünyada bəzi insanların varlı olması o adamların vicdansızlığı, əxlaqsızlığı, günahıdır.
Varlı adamın varlı olması ədalətsizdir, varlı adamın mövcudluğu birinciləri qıcıqlandırır. Varlı adam – pis adamdır.
İkincilərsə fikirləşirlər ki, insanlar istedadlarına, bacarıqlarına görə fərqlənirlər, qoy biri bacardıqca çox varlansın, amma bir şərtlə. Böyük vergilər ödəsin.
Onun vergilərilə dövlət kasıblar, varlanmaq imkanları, bacarıqları olmayanlar, xəstələr, zəiflər sinfini yaşatsın. Bütün varlılar – pis deyil, vergilərdən yayınan varlılar pisdir.
Biz ikincini seçdik, indi də gəlib daha çətin məsələylə üz-üzə qalmışıq. Varlıları bir-birindən fərqləndirən təkcə kimin daha çox vergi verməsidirmi? Yox, varlıların və orta təbəqənin özlərini necə xoşbəxt etmələri də eyni dərəcədə vacib məsələdir.

Şəklin mənbəyi, AFP
Hamıya məlum olduğu kimi, bizdə, qonşu Şərq ölkələrində varlılar harın, ərköyün, yeyib-dağıdan, içib-sındıran formada varlıdırlar.
Budur, biri vertolyotla Azərbaycana gəlib ovlanması qadağan olan quşları vurur aparır, biri müğənniləri bağ evinə yığıb dünən basdırdığı ölünün üstündə çalıb-oxuyur, sonra da Şerlok Holmsluq edir, gizli kodlarla rəsmlər çəkir, biri səkkiz qonşusunun evini alıb, köçürdüb onları, öz evini genəldib, doqquzuncu qonşusu köçməyə razı olmayanda dava düşüb, biri Instagram-da harın şəkillərini yayır, biri Bakıya ən bahalı avtomobili gətirib aeroport yolunda avtoşluq edir.
Bizlərdə varlılar öz varlarından axmaq işlər görmək, bəzən cinayətlərini örtmək üçün istifadə edirlər, qarşılarına məqsədlər yox, arzular qoyurlar, əyləncələrilə dillərə düşürlər, ağını çıxarırlar. Onları pulu belə xərcləmək xoşbəxt edir.
Qərb ölkələrində isə varlılar sinfinin vəziyyəti bu qədər pis deyil, ağıl-fikir itirmədən varlanırlar, şəxsi inkişafları yüksək olur, universitetlərdə təmərküzləşir, ildə iyirmi “non-fikşn” kitab oxumaq kimi vərdişlərindən danışır, həyatları əyləncədən ibarət deyil, min cür faydalı iş görürlər, onları da pulu belə xərcləmək xoşbəxt edir.
Pulu necə xərcləmək problemi Azərbaycanda orta təbəqəyə də aiddir. Onlar varlanmaq istəyirlər. Çünki pul bizi daha çox xoşbəxt edə bilir.
Odur ki, belə bir məntiqi nəticə çıxarırlar: Əşya alsaq, fiziki bir şey alsaq, onu özümüzdə daha çox saxlaya biləcəyik, o bizi daha uzun müddət xoşbəxt edəcək, nəinki birdəfəlik səyahətlər, oldu-bitdi sənət sərgisi və başqa mənəvi əyləncələr.

Şəklin mənbəyi, Getty
Nəticədə yeni iPhone, yeni avtomobil, yeni əşya alırlar ki, özlərini daha uzun müddət xoşbəxt hiss etsinlər. Necə ki, Türkiyədə iki azərbaycanlı tələbə kinoya getmək istəyir.
Afişada üç kino olduğunu görürlər. Kinoların heç birilə əvvəlcədən tanışlıqları yoxdur. Onlar fikirləşirlər: Bir halda ki, pul veririk, onda ən uzun filmi seçək, pula daha çox şey, - daha uzun kino düşsün.
Əşyanı alanda onlar özlərini xoşbəxt hiss edir, pul xoşbəxtlik alır, amma əşyanın gətirdiyi bu xoşbəxtlik onların gözlədiyi qədər uzunömürlü olmur, çünki əşyaya öyrəşirlər, əşya adiləşir.
Əşyanı nə qədər çox sevirsənsə sev, o, fiziki mənada sənin canından ayrıdır. Pulu səyahətə, sərgilərə, teatra, konsertlərə, mənəvi təcrübələrə xərcləməksə onları bizim beynimizin, şəxsiyyətimizin, canımızın bir parçasına çevirir, o təcrübələrin xatirələri, təəssüratı bizi satın aldığımız maddi şeylərdən daha uzun müddət xoşbəxt edə bilir.
Necə ki, varlılar xoşbəxt olmaq üçün at yarışına toplanmışdılar. Mənsə orda bir təsadüfi adam idim, fasilə bitəndə, atlılar sahəyə çıxanda başımı, əl-ayağımı sürətlə tərpədə-tərpədə çoxdan çıxıb getmişdim.




