Fotojurnal: Azərbaycanda fermer olmaq

Şəklin mənbəyi, Gunel Sefer
Azərbaycanda fermerlər necə yaşayır? Onların günləri necə keçir? BBC Azərbaycancaya danışan Bərdə fermerləri həyatları və üzləşdirkləri çətinliklər barədə danışır. Onlarla jurnalist Günel Səfər söhbət edib.
Səidə Əliyeva

Şəklin mənbəyi, Gunel Sefer
Əkin sahəmiz 6 hektar yarımdı, bir hissəsinə yonca, bir hissəsinə soğan, bir hissəsinə isə göy-göyərti əkirik. Dörd uşaq anasıyam, baldızım, qayınatam və qayınanamla bir evdə yaşayırıq. 20 ildi təsərrüfatla məşğulam. Ailə qurmamışdan qabaq da əkinçiliklə məşğul olurduq. O vaxt kolxoz idi, pambıq əkirdik, amma indi torpaqlar bölünüb hərə öz istədiyini əkir.

Şəklin mənbəyi, Gunel Sefer

Şəklin mənbəyi, Gunel Sefer
Əkinçilikdən əlavə maldarlıqla da məşğulam. On baş mal-qaram var. Kəndlinin dolanışığı bu torpaqdan çıxır. Bərəkət də o zaman olur ki, əməyinin məhsulu yaxşı qiymətə satılsın. Keçən il məhsul yaxşı idi, amma Rusiya yolları bağlamışdı deyə biz ziyan çəkdik. İki il əvvəl soğanın tayını 10-15 manata verirdik, keçən il üç manata verdik. Ancaq qoyduğumuz mayanı ödədi.

Şəklin mənbəyi, Gunel Sefer

Şəklin mənbəyi, Gunel Sefer
Təsərrüfat çox yaxşıdı. Bax, saxladığım mal-qara ailəmizin dolanışığını təmin edir. Biz süni qida yemirik, ətimiz də, yağımız da, pendirimiz də təbii məhsuldur. Bu sahə sərfəlidir, amma gərək işləyəsən. Sovet vaxtında hər ay gözləyirdik ki, payımıza görəsən nə düşür. Amma indi hərənin öz sahəsi var. Bacarığın var ək dolan, yoxdursa ölməlisən.
Hidayət Şirinov

Şəklin mənbəyi, Gunel Sefer
Mollaəhmədli kəndində doğulub böyümüşəm, kəndçi babayam. 3 hektar 19 sot ərazim var. Bu mənə düşən pay torpağıdır. İyun-iyul ayında ərazimdə kələm əkirəm, apreldə yığıram. Sonra mayda qarpız əkirəm, avqustda da onu yığıram. Qalan vaxtı əraziyə həm yonca, həm də taxıl əkirəm. Hazırda ərazimdə kələm əkmişəm. Çünki çox sərfəlidir.

Şəklin mənbəyi, Gunel Sefer

Şəklin mənbəyi, Gunel Sefer
Bərdə kələmi yaxşı tanınır. Həm də kələm əkən fermer heç vaxt uduzmur. Bu məhsul əldə qalmır.

Şəklin mənbəyi, Gunel Sefer
Bir hektar ərazimdə isə taxıl əkmişəm. Məhsulu satmıram, buğdanı üyüdüb una çeviririk. Özümüz istifadə edirik. On baş inəyim var. Yoncanı yığıb pres bağlayıram. Həm öz mal-qarama yem kimi verirəm, həm də qışda presi üç manata satıram.

Şəklin mənbəyi, Gunel Sefer
Bu sahə sərfəlidir. Ancaq təsərrüfatla məşğulam, ailəmi də dolandıra bilirəm. Bir aydır oğlumu evləndirmişəm. Əsas lazım olan səbrdir. Hər il yüksək məhsuldarlıq olmur axı. Gərək hər il əkəsən ki bir il də bəxtin gətirə.
Adil Mehdiyev

Şəklin mənbəyi, Gunel Sefer
Bərdə rayonunun Qarayusuflu kəndində doğulmuşam. Əvvəllər al-verlə məşğul olurdum. 2009-cu ildə bir arzum meydana gəldi. Kiçik fermer təsərrüfatı qurmaq istəyirdim. Hazırda bu kənddə və Qaradəmirçilər kəndində ümumi sahəsi 24 hektar olan öz şəxsi, pay, icarə və bələdiyyə torpaqlarım var. Bu ərazinin yeddi hektarında soğan, səkkiz hektarında arpa, doqquz hektarında isə yonca əkmişəm. Təxminən 195 dənə doğar qoyunum, 50-55 baş kökəltmə iri buynuzlu heyvanım var .

Şəklin mənbəyi, Gunel Sefer

Şəklin mənbəyi, Gunel Sefer
Əkinçiliklə əsasən heyvandarlıqda yemə olan ehtiyacımı ödəmək üçün məşğul oluram. Arpa və yonca sırf mal-qara yemi üçün nəzərdə tutulub. Amma hər il də soğan əkirəm. Suvarma ilə bağlı problemim var. Bütün ərazilərimi bir dəfə sulanmasına 400 manat xərc çəkirəm. Elə olur ayda üç dəfə soğan sahəsi sulanır. Sevindirici hal odur ki, hökümət gübrəni bizə ucuz satır. Burada "servis" açılıb və adi mağazada 11 manata satılan gübrəni, fermerlərə 6 manat 50 qəpiyə satırlar.

Şəklin mənbəyi, Gunel Sefer
Kənd təsərrüfatı çox sərfəli sahədir. Kimsə əksini deyirsə, o, işləməyi sevmir, gününü çayxanada oturub çay içməklə keçirir. Fermer öz işini özü idarə etməlidir. Məsuliyyəti işçilərin üstünə atmaqla yaxşı təsərrüfat qurmaq olmaz. İki çobanım olsa da, mən də onların yanında dururam.
Keçən il zəif məhsul oldu, amma bu olan şeydir. Təkcə mənim başıma gəlmədi ki. Deyirlər, el ilə gələn toy bayramdı. Amma iki il əvvəl təkcə soğandan 40-45 min manat gəlir götürmüşdüm. Bunu kim qazanar? Canlarına əziyyət verənlər qazanarlar.
Qaraş Əliyev

Şəklin mənbəyi, Gunel Sefer
Bərdə rayonununda anadan olmuşam. Gözümü açandan əkinçiliklə məşğul olmuşam. Bibər, soğan, badımcan, pomidor əkirdim. İndi də əkinçilik etsəm də, ürəyim istəyən kimi deyil.

Şəklin mənbəyi, Gunel Sefer
70 sot yerdə soğan əkmişəm. Toxumun kilosunu 120 manata almışam, bu sahəyə də altı kilo toxum səpilib. Soğan yarpağını xəstəliklərdən qorumaq üçün və alağa qarşı dərman vurmalıyam. Əkəndən bəri 500 manatdan çox dərmana pul xərcləmişəm. Alağın özünü də fəhlələr etməlidir, onlar da günü 8 manata işləyirlər. Suvarmanı özüm edirəm. Motorla kanaldan su vururam əraziyə. Onun üçün də benzin almalıyam. Ümumi toplasam 400-500 manat gəlirim olur. Bu da sərf etmir mənə. Dörd uşaq atasıyam. Birtəhər dolanırıq.

Şəklin mənbəyi, Gunel Sefer

Şəklin mənbəyi, Gunel Sefer
Keçən il məhsuldarlıq yaxşı idi, bu ərazidən 22 ton soğan əldə etmişdim, amma bu il bitki seyrəkdi. İstərdim, hökumət bizə heç olmasa dərmanla əlaqədar yardım etsin.
Əkinçi olmaq gün keçirmək deməkdi, bizə bir xeyiri yoxdur.
Vahid Bayramoğlu

Şəklin mənbəyi, Gunel Sefer
Kolayr kəndində yaşayıram. Fermer təsərrüfatım var, əkinçilik və maldarlıqla məşğulam. Əkinçiliyi sırf maldarlığa yem təminatı üçün edirəm. Kökəltmə mal-qaram var, 15 baş doğar qoyunum var. Bir hektar 20 sot toprağımda arpa ve yonca əkirəm.

Şəklin mənbəyi, Gunel Sefer

Şəklin mənbəyi, Gunel Sefer
Dolanışığımdan şikayətim yoxdur. Təsərrüfatım kiçik olsa da, bizə yetir. Ailədə üç nəfərik. Kökəltmə və qoyundan başqa da üç inəyim var, onun da südündən istifadə edirik.

Şəklin mənbəyi, Gunel Sefer
İstəyərdim təsərrüfatı böyüdüm, amma bunun üçün kredit götürmək istəmirəm. Öz gücümə də alınmaz. İşçi qüvvəm azdır.

Şəklin mənbəyi, Gunel Sefer




