Xədicə İsmayıl maya qədər həbsdə qalacaq

Şəklin mənbəyi, 1
Bakıda məhkəmə həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılın həbs müddətinin daha 2 ay uzadılması ilə bağlı cümə günü qərar çıxarıb.
Jurnalistin vəkili Fariz Namazlı bildirib ki, məhkəmənin vaxtı haqqında vəkillərə əvvəlcədən məlumat verilməyib.
“Xədicə İsmayıl çıxışında bildirdi ki, ona qarşı bütün ittihamlar saxtadır. Təqdimatın ləğv edilməsi ilə bağlı vəsatət qaldırsaq da təmin olunmadı”, o deyib.
Beləliklə, Xədicə İsmayıl məhkəmə öncəsi mayın 24-dək həbsdə qalacaq.
O ötən il dekabrın 5-də özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.
Yanvarın 27-də onun həbs müddəti 2 ay daha uzadılmışdı. Həmin müddət martın 27-də bitməli idi.
Fevralın 13-də Xədicə İsmayıla qarşı mənimsəmə, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq maddələri ilə əlavə ittihamlar elan olunub.
Son ittihamlar QHT-lərə açılan cinayət işində AzadlıqRadiosunun ofisində aparılan yoxlamalarla bağlıdır, Radionun saytında xəbər verilir.
İttihamlar təsdiqlənərsə, jurnalisti 12 ilədək həbs cəzası gözləyir.
Xədicə İsmayıl ona qarşı irəli sürülən ittihamları rədd edib.
Bu arada Sərhədsiz Reportyorlar təşkilatı 8 mart Beynlxalq Qadınlar günü münasibəti ilə dünyanın müxtəlif yerlərindən 10 qadın jurnalistə dair məqalə dərc edib. Xədicə İsmayılın adı bu siyahıya daxil edilib.
Təşkilatın yazısında deyilir ki, Xədicə İsmayıl hökumət səviyyəsində korrupsiya ilə bağlı araşdırmalarına görə həbsdədir.
Hakimiyyət Xədicə İsmayılın və digər jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunmasına dair ittihamları rədd edir.




