Əvəz Zeynallı: "Xural qəzetini bərpa etməyə çalışacağam"

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan jurnalist Əvəz Zeynallı BBC Azərbaycancaya müsahibəsində nəşr etdiyi Xural qəzetinin fəaliyyətinin bərpasına çalışacağını deyib.

“Yerim azad mətbuatın sıralarındadır və fəlaiyyətimə qaldığım yerdən davam edəcəyəm”, jurnalist deyib.

2011-ci ildə iri məbləğdə rüşvət almaq ittihamı ilə həbs edilən jurnalist iki ildən sonra 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Beynəlxalq və yerli hüquq müdafiəçiləri jurnalistin həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyərək onun azad olunmasına səsləyiblər.

“Çalışacağam ki, Xural qəzetini çap edib çıxardım. Amma bunda Azərbaycan hakimiyyətinin də istəyi önəmlidir, - BBC Azərbaycancaya telefonla danışan Əvəz Zeynallı deyib. - Hakimiyyətin reaksiyasına baxaraq hərəkət edəcəyik”.

"Monopoliya cəhdi"

Jurnalistin sözlərinə görə 2014-cü il azad mətbuatın fəaliyyəti üçün ağır il olub.

“Düzdür biz, bir neçə nəfər, azadlığa qovuşduq, amma 2014-cü il azad mətbuatın sıxışdırılması baxımından ağır il olub. Mən həbs olunduğumdan bu tərəfə Azərbaycanda azad mətbuatın vəziyyəti getdikcə pisləşib. Xədicənin tutulması və Azadlıq radiosunun bağlanması çox böyük zərbələrdir, mən belə hesab edirəm. Ona görə, bu xəbərləri böyük ürək ağrısı ilə izləmişəm”.

Cənab Zeynallı Azərbaycan mətbuatında “monopoliya yaratmaq cəhdindən” narahat olduğunu deyib.

“Azad mətbuatın əhatə dairəsini çox daraldıblar. Mən Azərbaycanda ciddi monopoliya cəhdini görürəm. Son iki ildə bu artaraq davam edir. Çalışacağam ki, Azərbaycandakı monopoliyanın yarılmasında iştirak edim”.

Gələcək planları ilə bölüşən jurnalist deyib ki, həbsilə nəticələnən məhkəmə qərarına qarşı iddiası qüvvədə qalır.

“Şikayətim Avropa Məhkəməsindədir. Çalışacağıq ki, Avropa Məhkəməsində bəraətimizi alaq”.

Həbsdə də azad

Əvəz Zeynallı həbsdə keçirdiyi müddət ərzində də “özünü azad hiss etdiyini" deyib.

“Həbsdə də özümü azad hiss edirdim. Ümümiyyətlə azad insanların həbsi onların yalnız fiziki azadlığını məhdudlaşdırır. Təbii ki, mənəvi cəhətdən azadlığımızı məhdudlaşdıra bilməzlər”.

2011-ci ildə həbs olunan Xural qəzetinin baş redaktoruna qarşı öncədən iri məbləğdə rüşvət alma və hədələmə yolu ilə rüşvət alma maddələri ilə cinayət işi açıb.

Daha sonra jurnalistə qarşı məhkəmə hökmünü, qərarını, yaxud da digər aktını icra etməmə, vergi ödəməkdən yayınma və iri məbləğdə rüşvət alma və hədələmə yolu ilə rüşvət alma maddələrilə bağlı ittihamlar irəli sürülüb.

Əvəz Zeynallı Azərbaycan prezidenti İlham Əliyevin 29 dekabrda imzaladığı əfv sərəncamı əsasında azad olunub. Bu qərar 87 məhbusa şamil edilib.

Onlar arasında "siyasi məhbuslar" siyahılarında adları olan jurnalistlər və gənc fəallar da var.

Bir sıra beynəlxalq təşkilatlar sözügedən şəxslərin "siyasi məhbus" olduğunu dəfələrlə bəyan edib, onların azadlığa buraxılmasına çağırışlar edib.

Rəsmi Bakı Azərbaycanda siyasi məhbusların olmadığını deyir.