Əvəz Zeynallının "səhhəti pisləşir"

Şəklin mənbəyi, qaynar.info

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranıb, bunu baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı BBC Azərbaycancaya təsdiqləyib.

“Hazırda Əvəzlə görüş almağa çalışırıq, amma görüş icazəsini hakim verməlidir, o isə məzuniyyətdədir”.

Ailəsi bildirir ki, Zeynallı “ətrafından tamamilə təcrid edilməsi” barədə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovaya müraciət ünvanlayıb.

“Şəxsən mənim bir siyasi məhbus kimi hüquqlarım tapdalanır və mən onları müdafiə etmək üçün atdığım bütün addımların qarşısı alınır. Şikayətlərim əlaqədar orqanlara çatdırılmır. Rəislə görüşə bilmirəm”, Zeynallının Ombudsmana göndərdiyi və BBC Azərbaycanın gördüyü məktubda yazılıb.

Zeynallı Ombudsmandan “təcridxana rəhbərliyinə xəbər vermədən gəlməyi” xahiş edib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) yaydığı məlumatda deyilir ki, Zeynallı “böyrəkdə duzların kristallaşması, bel fəqərələrinin ostreanxondrozu və digər xəstəliklərdən əziyyət çəkir”.

“Zeynallı saxlandığı müddət ərzində dəfələrlə səhhətinə dair şikayətlərlə təcridxananın tibbi-sanitar hissəsinə müraciət etmiş, müvafiq tibbi müayinələrdən keçmiş və ambulator müalicələr almışdır", bu barədə məlumatı, jurnalistin vəkili Elçin Sadıqova Penitensiar Xidmətin tibb-sanitar şöbəsi məktub şəklində avqustun 17-də bildirib.

Əvəz Zeynallıya ötən ilin oktyabrında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən iri məbləğdə rüşvət alma və hədələmə yolu ilə rüşvət alma maddələri ilə cinayət işi açıb.

Hazırda onun barəsində rüşvət alma və məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə maddələri ilə ittihamlar qalmaqdadır.

Beynəlxalq və yerli təşkilatlar isə Zeynallının həbs səbəbini onun peşə fəaliyyəti ilə əlaqələndirir.

Əvəz Zeynallı tibbi arayış