Təhqiqat qrupu Əvəz Zeynallının "səsi yazılmış" diskin üzə çıxmasını istəyir

Əvəz Zeynallı

Şəklin mənbəyi, qaynar.info

Deputat Gülər Əhmədovanın “rüşvət tələb etmək” iddiası ilə həbs edilən baş redaktor Əvəz Zeynallı deputat Gülər Əhmədovanın şahid qismində ifadə verməsinə razı olmadığını bildirib.

Xural qəzetinin baş redaktoru barəsində ittihamların araşdırılması ilə məşğul olan alternativ təhqiqat qrupu, Əvəz Zeynallının bazar ertəsi baş tutan məhkəməsində “həbsinin sifarişli və qurma olmasının təsdiqləndiyini” bildirir.

Zeynallının həyat yoldaşı və təhqiqat qrupu üzvü Məlahət Zeynallı BBC Azərbaycancaya deyib ki, məhkəmədə Zeynallıya qarşı irəli sürülən ittihamların “sifarişli olduğu" ortaya çıxıb:

“Nəşriyyatın direktoru Ağabəy Əsgərov məhkəmə qərarını qəsdən icra etməmə maddəsi ilə Zeynallıya qarşı ifadə verirdi. Amma ödənilməli olan 1000 manatdan 670 manatının ödənildiyi və Xural qəzetində təkzib verildiyi bilindi”.

Səs yazılmış disk

Xanım Zeynallı bildirir ki, deputat Gülər Əhmədovanın rüşvət iddiası da təsdiqlənməyib:

“Biz dəfələrlə məhkəmədə Əhmədovanın iddia etdiyi kimi səs yazılmış diskin ictimaiyyətə açılmasını istəmişik, amma açılmayıb, nə də ki, vəkilə verilib. Ekspertiza isə onun yazılı variantını təqdim edib”.

Bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan proses Zeynallının əvvəlcədən xəbərdar edilməməsi və hazır olmaması səbəbilə iyulun 11-ə kimi təxirə salınıb.

Cərimə ödənilir

Məhkəmədə Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərov “haqqında böhtan yazılmasını iddia edərək zərərçəkmiş qismində” ifadə verib:

“Məhkəmə mənəvi zərərə görə 1000 manat ödənilməsi və qəzetdə yazılan yazılarla bağlı təkzib verilməsi barədə qətnamə qəbul edib. Lakin məhkəmənin qətnaməsi yerinə yetirilməyib”, Əsgərov bildirib.

Zeynallı, yazı ilə bağlı təkzib verildiyini və cərimənin 670 manatının ödənildiyini bildirib: “Qalan pulu da ödəyə bilərik”.

Deputat Gülər Əhmədova isə şahid qismində ifadə vermək üçün gəlib.

Zeynallı, Əhmədova və digərləri arasında olan mübahisə məhkəmənin gərgin keçməsinə səbəb olub, APA yazır.

Zeynallı deputatın gələcəyindən xəbəri olmadığını, hazırlıqsız olduğunu və məhkəmənin təxirə salınmasını istəyib.

Tarixcə

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya ötən ilin oktyabrında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən iri məbləğdə rüşvət alma və hədələmə yolu ilə rüşvət alma maddələri ilə cinayət işi açıb.

Daha sonra Zeynallı barəsində aşağıdakı maddələrlə də ittihamlar irəli sürülüb:

Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə, vergi ödəməkdən yayınma və iri məbləğdə rüşvət alma və hədələmə yolu ilə rüşvət alma maddələri.