Əfv olunan fəallar azadlıqdadır

İlham Əliyevin imzaladığı əfv sərəncamı nəticəsində azad edilmiş N!DA Vətəndaş Hərəkatının üzvləri Zaur Qurbanlı, Üzeyir Məmmədli, jurnalistlər Sərdar Əlibəyli və Əvəz Zeynallı və vəkil Qurban Məmmədov azadlığa buraxılıblar.

"Biz 6 nəfərin əfv olunacağını gözləyirdik. Təəssüf ki, hakimiyyətin Nidadan qorxusu bir daha özünü göstərir", Zaur Qurbanlıdan sosial mediada sitat gətirilir.

"İki-iki buraxırlar ki, bəlkə, bu, bir az təhlükəni azaldar. Amma bu, çox pis oldu. Məmməd Әzizovla bir kameradaydım. Ifadə eləmək mümkün deyildi, orda biz nə çəkmişik bir gecə ərzində. Elə bir vəziyyətə saldılar ki, burnumuzdan gətirdilər. Çox istəyirdik ki, hamımız bir yerdə çıxaq. Təəssüf ki, ona imkan vermədilər".

N!DA Vətəndaş Hərəkatının iki üzvü - Zaur Qurbanlı və Üzeyir Məmmədli əfv olunanlar arasındadırlar. Onların hər ikisi Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 6 may tarixli hökmü ilə məhkum edilmişdilər.

Bir sıra beynəlxalq təşkilatlar sözügedən şəxslərin "siyasi məhbus" olduğunu dəfələrlə bəyan edib, onların azadlığa buraxılmasına çağırışlar edib. Rəsmi Bakı Azərbaycanda siyasi məhbusların olmadığını deyir.

Zaur Qurbanlı
Şəklin alt yazısı, N!DA fəalı Zaur Qurbanlı Bakıda keçirilən "İsmayıllıya dəstək" aksiyasında polis tərəfindən tutularkən