Əvəz Zeynallının azadlığa buraxılması üçün kampaniya başlayır
Azad Söz İnqlilabçıları (ASİ) klubu həbsdə olan baş redaktor Əvəz Zeynallıya dəstək məqsədilə, mətbuatda “Əvəz Zeynallı ongünlüyü” kampaniyasına başlayır.
ASİ Klubunun rəhbəri Anar Mahmudoğlu bildirib ki, kampaniya köşə yazarlarını aprelin 15-dən 25-ə qədər redaktorun həbsi ilə bağlı sistemli yazılar yazaraq mətbuatda çap etdirməyə çağırıb.
Klub daha sonra həmin yazıları kitab şəklində çap etməyi planlaşdırır.
Mahmudoğlu bildirib ki, Zeynallının həbs müddəti aprelin 20-də bitməlidir.
Lakin aprelin əvvəlində, baş redaktora “vergiləri ödəməsi üçün” bildiriş göndərilib.
Məktubda deyilir ki, Zeynallı, “vergiləri ödəməzsə, Azərbaycan Vergilər Məcəlləsinin 65.1-ci maddəsilə onun haqqında cinayət işi başladıla bilər”.
Mahmudoğluya görə, hazırda həbs həyatı keçirən bir şəxsə vergiləri ödəmək barədə bildirişin evə göndərilməsi “heç bir hüquqi müstəviyə sığmır”.
Mahmudoğlu, yeni cinayət işi xəbərdarlığının həbs müddətinin bitmə anında göndərilməsini “gülünc və absurd” adlandırır.
Klub xəbər verir ki, 5 ay 20 günlüyünə həbs edilən Zeynallıya qarşı “ciddi istintaq işi” aparılmır.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya ötən ilin oktyabrında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən iri məbləğdə rüşvət alma və hədələmə yolu ilə rüşvət alma maddələri ilə cinayət işi açıb.




