Navalnının vəkilləri ev həbsi hökmünə qarşı "apellyasiya veriblər"

Şəklin mənbəyi, AP

Aleksey Navalnının vəkilləri müxalifət liderinin ev həbsində saxlanılması ilə bağlı qərara qarşı apellyasiya iddiası ilə çıxış ediblər.

3 il yarımlıq şərti cəza barədə məhkəmə hökmünün qüvvəyə minməsinədək ev dustaqlığında saxlanılan Rusiya müxalifət liderinin vəkillərindən biri çərşənbə axşamı elan olunan hökmün "qeyri-qanuni və əsassız" olduğunu deyib.

"Məhkəmə çox qəribə qərar çıxarıb: adama şərti cəza kəsərək ev həbsində saxlamaq", - Vadim Kobzevin sözlərindən İnterfax agentliyində iqtibas gətirilir.

Rusiyada cəzaların icrasına nəzarət edən dövlət qurumu (FSİN) bildirir ki, Aleksey Navalnı tərəfindən ev həbsi şərtlərinin pozulması barədə sənədlər məhkəməyə təqdim olunub.

"Məhkəmə tərəfindən qoyulan məhdudiyyətlərin pozulması faktı əsasında müvafiq akt tərtib olunub. O, məhkəməyə təqdim edilib”, - Kristina Belousova bildirib.

Ötən gün Moskva mərkəzində toplaşan bir neçə min adam Navalnı qardaşlarının məhkum olunmasına etiraz edib.

Çərşənbə axşamı ev həbsinə məhəl qoymadan etiraz nümayişinə qatılmaq üçün Manejnı meydanına yol alan müxalifət lideri həbs olunub. Bir müddətdən sonra Navalnı buraxılıb.

Daxili İşlər Nazirliyi Tversk və Manej meydanında 100-dən artıq adamın həbs edildiyini deyir.

Dekabrın 30-da Navalnının qardaşı Oleqə üç il yarım müddətinə həbs cəzası kəsilib, Navalnının özünə kəsilmiş ev həbsi cəzası isə uzadılıb.

Bir qədər əvvəl Navalnı Moskva metrosunda olduğunu göstərən fotosunu <link type="page"><caption> tvitləyib</caption><url href="https://twitter.com/navalny/status/549947650490253313" platform="highweb"/></link> və Manej meydanına getməkdə olduğunu yazıb. Daha sonra isə onun Moskvanın mərkəzində şəkli yayılıb.

O deyir ki, özünə qarşı ittihamlar siyasi motivlidir və onun Prezident Vladimir Putinə müxalif olması ilə bağlıdır.

Navalnı öz tərəfdarlarını küçələrə çıxmağa səsləyib və minlərlə insanı çərşənbə gecəsi Moskvanın mərkəzi meydanına toplamağa nail olub.

Çərşənbə günü polis Manejnı meydanında gecələyən bir qrup etirazçını həbs edib.