Deputat: Büdcə şəffaflığında maraqlı olmayanlar "vəsaiti xərcləyənlərdir"

Şəklin mənbəyi, Aziz Karimov

Millət vəkili Vahid Əhmədov BBC Azərbaycancaya müsahibəsində 2015-ci il büdcəsində xərclər, neft qiymətlərinin aşağı düşməsi, Rusiyadakı böhranın Azərbaycana təsirinin hansı fəsadlar doğura biləcəyi məqamlarına toxunur. Onunla müsahibəni BBC Azərbaycanca üçün jurnalist Natiq Cavadlı aparıb.

- Bu gün Azərbaycan da daxil olmaqla neft ölkələrinin büdcəsində neftin qiymətinin götürülməsi daha çox müzakirə olunur. O mənada neftin qiymətinin 2015-ci il büdcəsində 90 dollar götürülməsi sizi razı saldımı?

- Neftin qiymətinin 80-90 dollar götürülməsi, 10 dollar fərqi dövlət büdcəsinə 250 milyon manat təsir edir. Ümumiyyətlə, gələn ilin büdcəsinə neftin təsiri 2 milyard manatdır, təxminən büdcənin 11 faizini təşkil edir, mən transferti nəzərə almıram, birbaşa təsirdən danışıram. Amma bütövlükdə neftin qiymətinin Azərbaycan iqtisadiyyatına çox böyük təsiri var, təsəvvür edin ki, Dövlət Neft Fondundan büdcəyə 10,3 milyard manat transfert edirik. Büdcənin təxminən 67 faizi neftdən asılıdır.

- Bu, çoxdurmu?

- Bəli, böyük rəqəmdir.

- O zaman fəsadları nədən ibarət ola bilər?

- Deməli, neftin qiymətinin dövlət büdcəsinə birbaşa təsiri azdır. Amma ümumi götürəndə Azərbaycan iqtisadiyyatına təsiri qaçılmazdır. Çünki əsas ixrac potensialımız neft və qazdır, təxminən 90-92 faiz bu məhsulları ixrac edib onun hesabına valyuta ala bilirik. Elə ölkələr var ki, 2015-ci il büdcəsində neftin qiymətini 60 dollar götürüb, məsələn, Venesuala. Qazaxıstan isə 80 dollar, amma Rusiya 96 dollar götürdü. İki gün öncə baş nazir Medvedyevin çıxışına baxdım, o, neftin qiymətilə əlaqədar büdcəyə yenidən baxılmalı olacağını dedi. Ancaq mən Azərbaycan büdcəsində neftin qiymətinin 80 dollar götürülməsini istərdim, nəinki 90 dollar. Çünki neftin qiymətini az götürəndə, büdcənin xərc hissəsində müəyyən qədər azalmalar olur. Müzakirələr zamanı əsas qaldırdığımız məsələ büdcənin xərc hissəsinə nəzarət mexanizminin həyata keçirilməsi idi.

- Hesablama Palatasının bu istiqamətdə fəaliyyəti zəifdir, iri layihələri yoxlaya bilmir, iqtisadçılar da, siz özünüz də bu barədə iradlarınızı bildirmisiniz...

- Bəli, həm komitənin iclasında, həm də plenar iclasda məsələ qaldırdım ki, gələn il üçün investisiya layihələrinə 7 milyard manata yaxın vəsait ayrılıb. Bu layihələr necə yoxlanılacaq, ümumiyyətlə, nəzarət mexanizmini həyata keçirən iki təşkilat var: Hesablama Palatası və Maliyyə Nazirliyinin tərkibində Nəzarət Departamenti. Hələ 6 ay əvvəl Hesablama Palatasına demişdim ki, iri layihələrin monitorinq aparılmasına başlanılmalıdır. Parlamentin iclasında da dedim ki, Hesablama Palatası və Maliyyə Nazirliyi iri layihələrin yoxlanılmasına start verməlidir. Bilinsin ki, ayrılan 7 milyarda yaxın vəsaitin xərc istiqaməti bizi qane edirmi? Yaxud əyri yollara imkan yaradılır, ya yaradılmır?

- Bəs şübhələriniz varmı?

- Şübhə həmişə var. Bilirsiniz ki, kölgə iqtisadiyyatı hər yerdə olduğu kimi Azərbaycanda da müəyyən faiz var. Ona görə layihələrin daha çox şəffaf olmasını istəyirik. Düzdür, 6,9 milyardın 1,3 milyardı Avropa Olimpiya Oyunlarıyla bağlıdır, 1 milyarda yaxını da Trans Anadolu Qaz layihəsinə ayrılıb, hər ikisi bizə gərəklidir. Avropa Oyunları Azərbaycanın tanıdılması üçün vacib hadisədir.

- Daha çox Nəqliyyat Nazirliyinə ayrılan xərclərlə bağlı narazlıqlar gündəmə gəlir və bu istiqamətdə mətbuatda məqalələr yazılıb, araşdırmalar da aparılıb və mənimsəmələrin olduğu haqqında fikirlər səslənib. Siz nə deyə bilərsiniz?

- Mən də bu barədə mətbuatda oxumuşam, bugün də müəyyən təhlillər yazılır, salınan yolların, tikilən körpülərin keyfiyyəti məsələləri qaldırılır. Ola bilər, müəyyən əyrintilərə yol verilsin, bu, istisna deyil. Elə buna görə də 7 milyardın üzərində güclü nəzarətin olmasını daim deyirik. Təsəvvür edin, mən neçə dəfə büdcəyə maliyyə nəzarəti haqqında qanun qəbul olunması məsələsini qaldırmışam, cavab verdilər ki, sənəd Avropa Birliyiylə birgə baxılır, hələlik parlamentə təqdim olunmayıb. Bu qanun nəzarət mexanizminin fəaliyyətdə olması üçün vacibdir. İkinci, büdcənin xərc hissəsində şəffaflıq daha da artırılmalıdır. Yəni bu prosesdə qeyri-hökumət təşkilatları da iştirak etməlidir ki, bilək, görək nə var.

- Hökumət bunda maraqlıdırmı?

- Maraqlı olan və olmayan qüvvələr var. Əgər xərc hissəsində müəyyən yeyintilər varsa, deməli, maraqlı olmayan qüvvələr var.

- Onları konkretləşdirə bilərsinizmi?

- Aydındır kimlərdir. Kim vəsaiti istifadə edir, kim xərcləyirsə, həmin qüvvələrdir.

- Gələn ilin büdcəsində idarəetmə və hüquq-mühafizə orqanlarının əməkhaqqı xərclərinin artımı 200 milyon manat, hüquq-mühafizə sistemi (məhkəmə, polis, prokurorluq) əməkhaqqı xərclərinin artımı 98,6 milyon manat, sosial bloka - təhsil, səhiyyə və mədəniyyətə 45 milyon manat ayrılıb. Bu fərqi hansı arqumentlərlə izah etmək olar?

- Ümumiyyətlə, bu məsələ mütəmadi qaldırılır. Hüquq-mühafizə orqanları deyəndə, belə məlumat yayıldı ki, müdafiə ilə birgə bu sahəyə 3,7 milyard manat ayrılıb. Amma Müdafiə Nazirliyinə 1,7 milyard manat ayrılıb. Düzdür, orda 14 faiz artım var. Bilirsiniz, dünyadakı proseslərə baxmaq lazımdır, nə qədər terror hadisələri baş verir, insan ölümləri olur və s.i. Ona görə hüquq-mühafizə orqanlarının güclü olması, müstəqilliyimizin qorunub saxlanmasında bu sistemin rolu böyükdür. Bizi ən çox narahat edən məsələ prezident diversifikasiya proqramı həyata keçirilir, sənəd qazın-neftin ixracıyla birbaşa əlaqədardır. Yəni boruların qorunması bizim üçün ən əhəmiyyətli məsələdir. İkincisi, daxildə heç bir terror hadisəsi baş verməməsi üçün hüquq-mühafizə orqanlarına diqqət həddən artıq olmalıdır. Müdafiə sahəsi aydındır, Azərbaycan müharibə aparan ölkədir, Qarabağ işğal olunub, gec-tez torpaqlarımızı hərbi yolla qaytarmağa məcburuq, ona görə dövlət başçısı düzgün addım atıb, ordumuzu gücləndirməklə məşğuldur.

- Mən əvvəlki sualımı başqa formada qoyuram, onsuz da bu sahələrdə çalışanların, yəni idarəetmə, hüquq-mühafizə orqanlarında və sosial blokdakıların əməkhaqqıları arasında fərq 4-5 dəfədən çoxdur, o zaman niyə fərqi bir daha artırırsınız?

- Ola bilər. Amma biz digər sahələrə də baxırıq. Bu dəfə daha ciddi şəkildə həkimlərin və müəllimlərin əməkhaqqısının artırılmasını qaldırdıq.

- Hətta maliyyə naziriylə bu barədə danışdığınız da bildirilir...

- Bəli, həm nazirlə danışmışam, sonra Milli Məclisdə büdcə müzakirəsi zamanı məsələni qaldırdım. Bu barədə təhsil naziri Mikayıl Cabbarov da məlumat verdi. Həkimlərə gəlincə, əməkhaqqı fondunda 5 faiz artım var, müəllimlərlə əlaqədar attestasiyalar gedir, onların maaşları bilik səviyyələrinə uyğun şəkildə artırılacaq.

- Vahid müəllim, bütün hallarda az deyilmi ki, idarəetmə orqanlarında çalışanlara 200 milyon, təhsil və səhiyyədə çalışanlara 45 milyon manat artım fondu ayrılır?

- Mən tamamilə dediklərinizlə razıyam. Sosial sahədə çalışan insanların əməkhaqqında problem var, xüsusilə həkimlərin və müəllimlərin maaşında. Hətta onların maaşı orta aylıq əməkhaqqından 2 dəfə aşağıdır. Bu, çox ciddi məsələ olduğundan hökumətin ciddi işləyib müəyyən qərarlar qəbul etməsinə ehtiyac var.

- Yaxud gələn ilin büdcəsində başqa bir amil: icra hakimiyyəti orqanlarının saxlanması xərcləri 17, yerli icra hakimiyyətlərinin saxlanmasına 37,6, təhsilin saxlanma xərcləri 3 faiz artırılıb, amma elm xərcləri 3 faiz azalıb. Halbuki, normal ölkələrdə xərclərə balanslı yanaşma gözlənilir, bizdə isə...

- Elmə ayrılan xərclərin az olması barədə dediklərinizlə mən də razıyam. Elmə xərcləri həmişə artırmaq lazımdır. Hətta maliyyə naziri cənab Samir Şərifovla bu barədə bir neçə dəfə polemikamız olub. Nazir deyir ki, elmə nə qədər vəsait lazımdır, ayırmağa hazırdır, amma konkret sahəyə, iş olsun, işlərini gətirib masanın üzərinə qoysunlar, görək, bu, nə verəcək. Düzdür, indi deyirlər ki, elmə ayrılan vəsait o qədər də bəhrə vermir. Elə deyil, bugün vəsait ayrılar, amma bəhrəsini 15-20 ildən sonra görərsən. Mən də elmə ayrılan vəsaitlə razı deyiləm. Həmkarım Əli Məsimli də bu məsələni qaldırdı.

- Konkret olaraq, sizi razı salırmı ki, yerli icra hakimiyyətlərinin saxlanmasına 37,6, təhsilin saxlanma xərcləri 3 faiz artırılıb?

- Tamamilə yox, bu məsələdə də disbalans var. Ümumiyyətlə, məni daha çox bələdiyyələrin durumu narahat edir. Niyə bələdiyyələrə vəsait az ayrılır, bu barədə komitələrin iclasında da danışdım. Bələdiyyələri inkişaf etdirmək lazımdır, Türkiyə təcrübəsi bu yöndə vacibdir.

- Bəlkə icra hakimiyyəti orqanları bələdiyyələrin inkişafına mane olur?

- Əlbəttə, mane olanlar da var. Bugün səlahiyyət icra hakimiyyəti orqanlarındadır, bələdiyyələrdə səlahiyyət yoxdur.

- Hökumət də Avropa Birliyi qarşısında bununla bağlı öhdəlik götürüb, sadəcə, yerinə yetirilmir...

- Öhdəlik götürülüb, artıq xeyli müddətdir bu institut fəaliyyət göstərir, amma mən hələlik bələdiyyələrin ciddi fəaliyyətini görmürəm.

- 1999-cu ildə Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirildi, 15 il ötür, ancaq dəyişiklik yoxdur...

- Bəli, biz mütəmadi olaraq bu məsələyə toxunuruq.

- Bəs nədən dedikləriniz nəzərə alınmır?

- Qorxurlar, deyirlər ki, ola bilər, bələdiyyələrə səlahiyyət verilsin, amma öhdəsindən gələ bilməsinlər. İcra hakimiyyəti orqanları artıq oturuşmuş orqandır...

- Gürcüstanda isə bu proses getdi...

- Bəli, Gürcüstanda çox tez getdi. Bizdə də gedəcək, gec-tezi Avropa Birliyinin tələbi odur ki, səlahiyyət bələdiyyələrə verilsin.

- 2015-ci il büdcəsinin 50 faizi 2 istiqamətə xərclənəcək, investisiya və müdafiə xərclərinə. Bu o deməkdir ki, hər 2 manatdan 1 manatı bu iki sahəyə, yerdə qalan 1 manatı bütün sahələrə, həm təhsilə, həm səhiyyəyə, həm mədəniyyətə, həm kənd təsərrüfatına ayrılacaq. O zaman sual yaranır, büdcə nə üçün disbalansla tərtib olunub?

- Disbalans nəyi sayırsan?! Mən dedim, 7 milyard manat investisiya layihələridir, 3,7 milyard manat da müdafiə xərcləri. İnvestisiya layihələrinin içində sosial, məktəblər, xəstəxanaların tikintisi də var.

- Kənd təsərrüfatı necə...?

- Kənd təsərrüfatı ayrıca formada gedib. Bu sahəyə diqqət böyükdür. Məsələn, Sahibkarlığa Milli Kömək Fonduna 150 milyon vəsait ayrılıb, düzdür, azdır. Amma ümumilikdə götürdükdə, Sahibkarlığa Milli Kömək Fondu ildə 350-400 milyon vəsait xərcləyir. Bunlar kimə verilir, sahibkarlara və fermerlərə. O cümlədən, kənd təsərrüfatının özünə əlavə yardımlar edilir. Son 3-4 ayda dövlət başçısı öz fondundan təxminən 70-80 milyona yaxın vəsait ayrırıb.

- Amma bu vəsaitlərin fermerlrə çatması problemi var, çoxları narazılıq edir...

- Əlbəttə, fermerlərə çatmır, bu məsələdə müəyyən problemlər var. Bunu heç kim gizlətmir. Ancaq birdən-birə bu məsələləri həll etmək də mümkün deyil. Məsələn, dövlət başçısı vəzifə qoyub ki, Azərbaycan özünü ərzaqla təmin etməlidir. Misal üçün, biz özümüzü hələ taxılla təmin edə bilmirik. Düzdür, son vaxtlar Beyləqan, İmişli zonasında taxıl kooperativi yaratdılar. İndi hər hektardan 50-55 sentner taxıl götürürlər. Yəni bu iş genişlənsə də, müəyyən qədər vaxta ehtiyac var. Biz nəyə görə qeyri-neft sektorunun inkişafını vurğulayırıq? Söhbət sənayedən, kənd təsərrüfatı və turizmdən gedir.

- Sizə elə gəlmir ki, qeyri-neft sektorunun inkişafı məsələsində çox gecikmişik?

- Bəli, mənə elə gəlir ki, bir az gecikmişik. Çünki əsas ixracımız olan neftin hasilatında müəyyən enmələr var. 2013-cü ildən başlayaraq təxminən neft hasilatında ildə 5 faiz enmə olur.

- O cümlədən, neftin qiyməti də enir...

- Bəli, ola bilər ki, qiymət müəyyən zamandan sonra sabitləşəcək. Amma neftin qiyməti yuxarı həddə qalxmayacaq, biz gördüyümüz 140-150 dollara. Aydındır ki, Rusiyaya dəyən ziyan bizdən yan keçməyəcək, çünki iqtisadi əlaqələrimiz var. Məsələ ondadır ki, biz qeyri-neft sektorunun inkişafında bir qədər gecikmişik. Düzdür, Regionların İqtisadi İnkişafı ilə əlaqdar 3 proqramımız olub, 2004-08, 2009-13, sonuncu da qəbul olunub.

- Ancaq birinci proqramın nəticəsi olmadı, ciddi tənqidlər oldu...

- Yox, necə yəni, Azərbaycanın rayonlarında infrastruktur layihələri həyata keçib. Qaz, su, işıq və müəyyən qədər yollar salınıb. Mən demirəm, bütün rayonlarda və kəndlərdə. Rayon mərkəzlərində su, qaz, işıq problemi yoxdur. 2018-ci ilə qədər olan üçüncü proqram ucqar kəndlərin problemlərinin həllinə yönəlib.

- İcra hakimiyyətlərinin proqramların həyata keçirilməsi zamanı mənimsəmələrə yol verməsi haqqında müəyyən araşdırmalar oldu, faktlar qoyuldu. Bu barədə deyilənləri bölüşürsünüzmü?

- Bu faktlar var. Çünki Hesablama Palatasının bizə verdiyi rəylərdə bu görünür. Palata ildə 5-6 rayonda yoxlama aparır, bunun nəticəsində mənimsəmələri üzə çıxardırlar. Amma bu məsələnin daha da ciddiləşməsinə ehtiyac var. Yəni belə mənimsəmələr var.

- Adi bir misal, Sumqayıtda və bir sıra rayonlarda yol bardürləri mərmərdən qoyulur, bu qədər artıq xərcə ehtiyac varmı?

- Bir tərəfdən baxanda bu gözəllikdir. Əlbəttə. Sizinlə razılaşıram ki, orda müəyyən mənimsəmələr var. Bəlkə başqa məsələlərin həllinə daha çox ehtiyac var, nəinki bardürlərin mərmərdən qoyulmasına. Mən Milli Məclisdə Azərbaycanın ən ciddi problemlərindən biri vətəndaşların mənzillə təminatını qaldırdım. Bu problem yalnız Bakıya yox, rayonlarda da var. Elə rayonlar var ki, 15-20 il mənzil növbəsinə dayanan insanları var. Ona görə mənzil proqramının yaradılmasına ehtiyac var. Daha çox bu problemlərin həllinə vəsait yönəldilməlidir, nəinki bardürün mərmərdən qoyulmasına.

- Siz növbəti sualıma toxunsanız da, məsələyə başqa formadan yanaşacam, dünyanın normal inkişaf etmiş ölkələrində xərc prioritetləri içərisində xərclər öncülləşdiriləndə birinci üçlükdə təhsillə səhiyyə olur, bizdə təhsil 5, səhiyyə isə 7-ci yerdədir. Niyə bizim ölkəmizdə bu xərclər öncül xərclər sırasına keçmir? Məsələn, Qazaxıstanın 2015-ci il büdcəsində səhiyyəyə təhsildən çox pul ayrılır, bu, o deməkdir ki, sağlam olmayan uşağın təhsili lazım da deyil.

- Qazaxıstan müharibə aparmır axı. Biz müharibə aparan dövlətik. Fikir verin, hər gün sərhəddə atışma olur, Qarabağ problemi olmasaydı, müdafiəyə o qədər vəsait ayırmazdıq.

- Məgər güclü təhsil və səhiyyə elə inkişaf deyilmi?

- Qeyd etdim, gələn il üçün bu sahələrə vəsait xeyli artıb, tikintilər aparılır və s. 6,9 milyard investisiyanın tərkibində səhiyyə də, məktəb tikintisi də var. Mən deməzdim ki, vəsait az ayrılır, kifayət qədər vəsait var. Əsas məsələ vəsaitin necə xərclənməsidir. Əgər xərclənmə düzgün aparılırsa, mənimsəmə yoxdursa, vəsait kifayət qədərdir.

- Ancaq disbalans yalnız xərclərdə yox, gəlirlərdə də özünü büruzə verir, məsələn, büdcənin 71,5 faizinin 2 mənbədən formalaşması təhlükəli deyilmi? 53,5 faizi Neft Fondudur, 17-18 faizi əlavə dəyər vergisindən, yerdə qalan 16 mənbə büdcəyə 28 faiz verir. Büdcənin həm gəlirlərinin, həm xərclərinin bu cür olması risk deyilmi?

- Büdcə özü riskli büdcə deyil. Çünki əsas vəsait Neft Fondundan gəlir. Amma narahatlıq var, məsələn, mən neftin büdcədə payının 40-45 faiz olmasını istərdim, daha 70 faiz yox. Bu cəhətdən risk var, yəni gələcək üçün. Amma 55 milyard ehtiyatımız var.

- Həmin “ehtiyat yastığı”na da arxayın olmaq olmaz...

- Bəli, arxayınlıq lazım deyil, amma istifadə olunmalıdır. Ona görə qeyri-neft sektorunun inkişafından qane olmadığımı bildirdim. Niyə qeyri-neft sektorunun Ümimi Daxili Məhsulda payı 67 faiz təşkil edir, amma ordan gəlmələr 37 faiz? Hətta maliyyə nazirinə təklif etdim ki, gəlin, neftsiz büdcə hazırlayaq, baxaq, görək, Azərbaycanın vəziyyəti necə olur? Neftsiz büdcə əlavə xərcləri də ödəmir.

- Reaksiya necə oldu?

- Reaksiya necə olacaq? Yəqin ki, başa düşürsən də reaksiyanı. Amma neftsiz büdcə bizə lazımdır, hesablayıb baxmalıyıq ki, sabah neftin qiymətində, nəqliyyatında problem olsa, başqa xərcləri necə ödəyəcəyik?

- Peşəkar iqtisadçıların apardığı təhqiqatlar deyir ki, dünyada o büdcə ideal sayılır ki, onun formalaşmasında bir mənbənin payı 20 faizi ötmür. Yəni bu cür büdcələr risksiz büdcə hesab olunur. Razısınızmı bu fikirlərlə?

- Tamamilə düzdür, razıyam bununla. Amma büdcəmiz riskli deyil, çünki ehtiyatımızdan götürəcəyik.

- Bəs gələcək nəsillərə nəsə saxlamayacayıqmı?

- Gələcək nəsillərə saxlamaq lazımdır. Amma indiki nəsili də yaddan çıxartmaq lazım deyil. Onsuz da bu cür davam etsə, gələcək nəsillərə kifayət qədər vəsait qalacaq. Bir daha deyirəm, əsas məsələ xərclərə nəzarətdir. Bugün Azərbaycanın əsas problemi rayon mərkəzlərindən kəndlərə yolların çəkilməsidir, yaxud bəzi rayon kəndlərində su, qaz problemi var, həll olunmalıdır.

- Vahid müəllim, banklarla bağlı tələbin müddətinə 1 ay qalıb, yanvarın 1-dən məcmu kapitalı 50 milyondan aşağı olan banklar bağlanacaq, təqribən 5-6 bankın bağlanması gözlənilir. Bu gedişatın bank sektoruna təsiri necə olacaq? Yəni qoyulan əmanətlərin aqibəti necə həll olunmalıdır ki, vətəndaşlar ziyan görməsin?

- Ümumiyyətlə, banklarla bağlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovla ciddi söhbətimiz olub. Mən həmişə Mərkəzi Bankın bank sisteminin fəaliyyətini bəyənmişəm. Çünki qlobal maliyyə böhranı dövründə Azərbaycan ictimaiyyəti o qədər əziyyət çəkmədi, manatın məzənnəsi qorunub saxlanıldı. Amma Mərkəzi Bankın kredit siyasəti məni açmır, faizlərin yüksək olması və əhalinin banklara 1 milyard manata yaxın borclu olması böyük rəqəmdir. Bu məsələni qaldırdıq, ancaq cənab Rüstəmovun cavabı məni qane etmədi. Hətta bu il əmanətləri 12 faizdən 10 faizə saldılar, bununla da bankların gəlirləri 2 faizdən 5 faizə qədər artdı. Yəni əmanətçilər yox, banklar qazandı. Təsəvvür edin, 10 faizlə əmanət götürürlər, amma 30 faizlə kredit verirlər. 20 faiz xərc ola bilməz axı. Hətta Milli Məclisin spikeri Oqtay Əsədova dedim ki, qanunverici orqanın bir iclasında bank rəhbərini dinləyək, qoyduğum məsələnin səbəbini desinlər. Qoy, bankın xərci 5-6 faiz olsun, lap 10 faiz olsun, daha buna görə 30 faizə kredit də verməsin. Biz bu məsələni qaldıracağıq və üzərinə gedəcəyik. O vaxta qədər ki, banklarda müəyyən qədər qayda-qanun yaradılsın.

- Rusiyadakı böhran yeni mərhələyə qədəm qoyur, bu gedişatla ora qazanc arxasınca gedən azərbaycanlıların ailələrinə göndərdikləri də azalacaq. Belə olacağı təqdirdə şimal ölkəsindən axın gözləyirsinizmi?

- Rusiyada gedən böhran Azərbaycana təsir edəcək. Birincisi bizim orda soydaşlarımız işləyir və bunun hesabına Azərbaycana külli miqdarda vəsait göndərirlər. Həmin vəsait azalacaq, çünki rubl kəskin şəkildə dəyərdən düşür. Hələ bugün aydın hiss olunmur, əgər sanksiyalar davam etsə, 2015-ci ilin ikinci yarım illiyində vəziyyət çox gərginləşəcək. Hətta Rusiya üçün rublu qorumaq problem olacaq. Yox, Ukrayna məsələsi öz həllini tapsa, Rusiyada problem aradan qalxacaq, əks təqdirdə, çox ağır olacaq.

- Belə olacağlı təqdirdə, azərbaycanlıların axını gözlənilirmi?

- Hər şey ola bilər. Ümumiyyətlə, iki ölkə arasında mədəni-iqtisadi əlaqələr yüksək səviyyədədir. Cənab Ramiz Mehdiyevin rəhbərliyi altında mütəmadi konfranslar keçirilib. Biz Rusiyayla bütün əlaqələri qurmağa hazırıq, başqa istəyimiz yoxdur, amma müstəqil dövlət kimi. Rusiyanı bütün məsələlərdə müdafiə edə bilərəm, ancaq Krım ilhaqını, yaxud Donbas, Luqansk hadisələriylə bağlı siyasətini qəbul etmirəm. Baxın, Gürcüstanda Abxaziya, Osetiya, Azərbaycanda Qarabağ, Moldovada Dnestryanı, indi Ukrayna hadisələrini yaradıb, bunlar kimə lazımdır, heç kimə. Ziyanı da Rusiyaya dəyəcək, bu cür davam etsə, iqtisadiyyatları çökəcək. Ötən 10 ayda 40 milyard dollara yaxın vəsait itiriblər.

- Siz Qərbin sanksiya qoyduğu Rusiya şirkətlərilə Azərbaycanın əməkdaşlığını necə dəyərləndirirsiniz? Söhbət sanksiyaya məruz qalmış Rosneftlə SOCAR-ın əməkdaşlığından, yaxud Dövlət Neft Fondunun VTB bankda səhmlər saxlamasından gedir...

- Əlbəttə, bu məsələdə ehtiyatlı olmaq lazımdır. Biz birinci öz daxili maliyyə bazarımızı qorumalıyıq ki, əziyyət çəkməyək. Bu isə banklardan asılıdır, rublun enməsinə ehtiyatla yanaşmalıdırlar.