Mehman Hüseynov: “Şəxsiyyət vəsiqəmlə birlikdə bütün hüquqlarım əlimdən alınıb”

Bazar ertəsi ASAN Xidmətə şəxsiyyət vəsiqəsini dəyişmək üçün getdiyini deyən bloqer və fotojurnalist Mehman Hüseynov sənədinin əlindən alındığını bildirir.
“Vəsiqəm pis vəziyyətdə idi. Onu dəyişdirmək istəyirdim. ASAN Xidmətdə olanda mənə dedilər ki, şəxsiyyət vəsiqəm fəaliyyətsizdir və Daxili İşlər Nazirliyi sənədlərimi fəaliyyətsiz edib. Mən dedim 10 ildir bu vəsiqəni işlədirəm, dedilər demək qanunsuz işlər eləmisən”, bloqer BBC Azərbaycancaya deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BBC Azərbaycancaya məsələni araşdırıb şərh verəcəklərini bildirsə də, günün sonuna yaxın şərh almaq cəhdlərimiz baş tutmayıb.
Bloqer ASAN Xidmət əməkdaşlarının Xətai rayon 37-ci polis bölməsinin əməkdaşlarına bütün sənədlərini təhvil verildiyini deyir.
“Bölmədə Səbayıl Rayon Polis İdarəsinə zəng elədilər. Cinayət işi olduğuna görə mənə ora təhvil vermək istəyirdilər. Amma ordan da müstəntiq dedi sənədlərini alın buraxın”, Hüseynov bildirib.
Onun sözlərinə görə, əlindən bütün sənədlər alındığına görə Bakını da tərk edə bilməz.
"Şəxsiyyət vəsiqəmlə bütün hüquqlarım alınıb. Bu o deməkdir ki, burdan Zaqatalaya, evlə bağlı notariusa gedə bilməyəcəm və bank əməliyyatları edə bilməyəcəm. Azərbaycanda belə bir şey olmamışdı", o, qeyd edib.
Bloqer başına gələnlərin "qeyri-qanuni" və "sifarişli" olduğunu düşünür.
"Qanuni heç nə edə bilmirlər, ona görə mənim qeyri-qanuni olaraq əlimdən bütün səlahiyyətlərimi alıblar. Həbs edə bilmirlər, çalışırlar mənə belə məhdudiyyət qoysunlar, fəaliyyətimə mane olsunlar", o əlavə edib.
Hüseynov Daxili İşlər Nazirliyinə müraciət edəcəyini bildirib.
Mehman Hüseynov haqqında
Mehman Hüseynov 2012-ci ildə polisə müqavimət göstərmək maddəsi ilə saxlanılıb və dindirildikdən sonra sərbəst buraxılıb. Daxili İşlər Nazirliyi bloqerin İctimai Palatanın aksiyası zamanı hakimiyyət nümayəndəsinə müqavimət göstərməsi faktı üzrə cinayət işi ilə bağlı saxlanıldığını açıqlayıb.
Hüseynov özü o dövrdə BBC Azərbaycancaya Bakıda keçirilən "Eurovision-2012" müsabiqəsi zamanı RATİ-nin əməkdaşı kimi hadisələri işıqlandırdığına və Demokratiya naminə oxu" kampaniyasının üzvü olduğuna görə saxlanıldığını bildirib.
2013-cü ilin oktyabrında prezident seçkilərinə bir neçə gün qalmış bloqer sosial şəbəkələrdə namizədlərin debatına 300 Spartalı filmi ilə satirik video hazırladığına görə yenidən saxlanılıb. Baş Prokurorluqda 6 saat dindirildikdən sonra sərbəst buraxılıb.
Bu il avqustun 8-də bloqerin işlədiyi və rəhbərinin onun qardaşı Emin Hüseynov olduğu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda Baş Prokurorluğun əməkdaşlarının apardığı yoxlamalardan sonra Hüseynovun 3 ay müddətində ictimai həyatda görünməyib.
Hüquq-mühafizə orqanları onun harada olması barədə heç bir məlumat açıqlamayıb.
Oktyabrın 28-də Baş Prokurorluqda dindirilən Hüseynov BBC Azərbaycancaya deyib ki, onu rəhbəri olduğu Sancaq Productionun fəaliyyəti və qardaşının harada olması barədə sorğu-sual ediblər.
Bloqer əlavə edib ki, 2012-ci ildə açılan cinayət işi ilə əlaqədar onun Bakını tərk etməsinə qadağa qoyulub.
Noyabrın 10-da ölkəni tərk etmək istəyən bloqer Bakı hava limanında saxlanılıb və Ağır Cinayətlərə Dair İstintaq İdarəsində bir neçə saat dindirilib.
Ona ölkəni tərk edən zaman müstəntiqi xəbərdar etməli olduğu deyilsə də, bloqerə ölkədən çıxışına Baş Prokurorluğun qadağa qoymadığı məlum olub.
O zaman Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov yerli mediaya deyib ki, bloqer çıxışına qoyulan qadağaya “məhəl qoymadan ölkədən çıxmağa cəhd edib” və polis bu cəhdin qarşısını alıb.
İnsan haqları təşkilatları Azərbaycanı son ildə azad sözə təzyiqləri artırmaqda və fəalları həbsə atmaqda ittiham edir. Azərbaycan hökuməti bu iddiaları rədd edir.





