Humans of Azerbaijan - "Siyasi mövzulardan bezənlər" üçün

Humans of Azerbaijan

Şəklin mənbəyi, Screen shot

Şəklin alt yazısı, Yeni yaradılmış Humans of Azerbaijan səhifəsi qısa müddət ərzində 20 000-ə yaxın "like" qazanıb
    • Müəllif, Vüsal Həmzəyev
    • Vəzifə, bbcazeri.com

Neçə gündür ki, Azərbaycanın Facebook məkanında yeni bir səhifə - Humans of Azerbaijan (Azərbaycanın İnsanları) istifadəçilərin diqqətini çəkir. Səhifə yeni yaradılsa da, artıq 10 mindən çox istifadəçi tərəfindən bəyənilib.

Humans of Azerbaijan səhifəsinin yaradıcısı Azərbaycanda tanınmış bloqqer Mehman Hüseynovdur.

Mehman deyir ki, belə bir səhifəni yaratmaq ideyası məşhur Humans of New York (Nyu Yorkun İnsanları) layihəsindən qaynaqlanır.

Təxminən dörd il bundan öncə amerikalı fotoqraf Brandon Stanton Humans of New York fotobloquna start vermişdi. Nyu York şəhəri sakinlərinin fotolarının dərci ilə başlayan layihə, sonradan böyük populyarlıq qazanır və hazırda Facebook-da Humans of New York səhifəsinin 7 milyondan çox izləyicisi var.

Səhifədə insanların portretləri ilə yanaşı, onların qısa hekayələri - sitatlar da dərc edilir. Layihə o qədər şöhrət qazanıb ki, artıq kitab şəklində də çap edilib.

Mehman Hüseynov da bu kitablardan birini əldə edib.

Mehman Hüseynov
Şəklin alt yazısı, Mehman Hüseynov "maraqlı həyat tərzi olan insanlara" yaxınlaşaraq fikirlərini öyrənməyə çalışır

Mehmanın sözlərinə görə, Nyu York küçə mədəniyyətindən maraqlı paylaşımlar edən səhifədən həvəslənərək qərara gəlib ki, Azərbaycanla bağlı da belə bir səhifəni yaratmaq olar.

"Yay gəldiyi üçün Azərbaycanda insanlar siyasi mövzulardan bezib və nəsə təzə, maraqlı bir mövzu axtarışındadırlar," o əlavə edir.

Mehman bir neçə gənc dostları ilə birgə başlatdığı layihənin Azərbaycan sosial şəbəkəsinə yenilik gətirəcəyinə inanır.

Gənclər Humans of New York-dan fəqrli olaraq bir şəhəri deyil, bütün bir ölkəni əhatə etməyə çalışırlar. Mehman deyir ki, artıq 6-7 fotoqrafla birgə Azərbaycanın bölgələrindən də insanları lentə alırlar.

Tamamilə könüllü əsaslarla fəaliyyət göstərən layihənin rəhbəri Mehman Hüseynovun sözlərinə görə, əsas məsələ belə bir işi görmək üçün marağın və həvəsin olmasıdır.

Humans of Azerbaijan səhifəsində portreti paylaşılan insanların fikrləri azərbaycan dili ilə yanaşı, həm də ingilis dilinə də tərcümə edilir.

Mehman deyir ki, adətən şəklini çəkmək üçün yaxınlaşdıqları insanlar buna elə ciddi etiraz etmirlər: "Biraz izah edəndən və gördükləri işin maraqlı oduğunu bildirəndən sonra şəkillərinin çəkilməsinə və yayılmasına razılaşırlar.

"Çalışırıq ki, nümunəvi, cəmiyyətə təsir edə bilən və maraqlı həyat tərzi olan insanlara yaxınlaşaq, şəkillərini çəkək və fikirlərini öyrənək."

Bloqer, hazırda sadəcə Facebook, İnstagram və Twitter üzərindən fəaliyyət göstərən layihənin gələcəkdə daha da genişlənəcəyi və könüllü əməkdaşlarının sayının da artacağına da ümid edir.

"Hazırda layihənin internet səhifəsi də hazırlanır və gələcəkdə görsək ki, yetərincə maraq doğurur, kitab və jurnal kimi də çap edə bilər, sərgi keçirə bilərik."

Humans of Azerbaijan layihəsinin əhəmiyyətindən danışan Mehman Hüseynov deyir: "Bu, həm də bir maarifpərvər təşəbbüsdür. Bir çox insan öz həyat tərzini dəyişə bilər, kitab oxumağa həvəsi yarana və ya stereotiplərdən xilas ola bilər.

"Düşünürəm ki, bu layihə yeni bir mədəniyyət gətirəcək," Mehman bildirir.