Kərimovlar ailəsi: xoşbəxt günlərin foto-albomu

Şəklin mənbəyi, BBC World Service

“Ailə albomundakı fotolarında Özbəkistan prezidenti və ölkənin hələ sovet zəmanəsindən lideri olan İslam Kərimovun üzündə elə ifadələr var ki, bunları onun həmvətənləri əvvəllər heç vaxt görməyiblər” – yazır Natalia Antelava.

İndi çoxlarının qəddar zülmkar hesab etdikləri bu şəxsin ayağında sadə qara çəkələk var və o, sevimli qızı Gülnarənin qollarından fağır-fağır boylanır.

Başqa bir fotoda isə o fikirlərə qərq olub, əlini qayğıkeş bir şəkildə nəvəsinin, yəni Gülnarənin oğlu, onun adını daşıyan balaca İslamın çiyinlərinə qoyub. Lakin Kərimovlar üçün o xoşbəxt ailə günləri artıq yox olub.

BBC-ə eksklüziv müsahibəsində Oksford Bruks Universitetinin 23 yaşlı tələbəsi, nəvə İslam Kərimov deyib ki, anası və bacısı hazırda Daşkənddə ev dustağıdırlar, onlara tibbi yardım göstərilmir və yemək verilmir. O deyir ki, anasının və bacısının “sağ olub-olmadıqlarını da” bilmir.

Şəklin mənbəyi, BBC World Service

O babasından onları azad etməsini və “həmişəki mehriban baba” olmasını rica edir.

Mən Gülnarədən əllə yazılmış bir məktubu mart ayında almışam. Həmin məktubda o, ev dustağı olduğunu iddia edirdi. Lakin bu məktubu müstəqil mənbə ilə təsdiqləmək mümkün deyil.

“Bəzi adamlar düşünürlər ki, bütün bunlar qurma “tamaşadır”. Belə də tamaşa olar? – deyir nəvə Kərimov – adam heç öz ölümünü və ya süqutunu “tamaşaya” qoyar?”

Son dərəcə ziddiyyətli fiqur olan ölkənin birinci qızı Avropada və hörmətdən düşməzdən əvvəl öz ölkəsində bir neçə qalmaqalın iştirakçısı olub.

Wikileaks saytının yaydığı ABŞ diplomatik teletayplarında onu “qanqster” və ya “Özbəkistanda ən çox nifrət edilən şəxs” adlandırıblar. Mənə bir nəfərin dediyinə görə, biznesinin əlindən alınması üçün ona işgəncə veriblər və həbsxanaya salıblar.

Gülnarənın oğlu bu iddiaları anasına qarşı böhtan kampaniyasının bir hissəsi kimi danır və anasını ölkənin baş xeyriyyəçisi kimi təqdim etməyə çalışır. O anasının təqib olunmasında təhlükəsizlik xidmətlərini və babasını günahlandırır. O deyir ki, babası “hakimiyyəti itirməkdədir”.

Şəklin mənbəyi, BBC World Service

Onun uşaq ikən birgə yaşadığı babası İslam Kərimova vurğunluğu aşkardır.

“O mənə balıq tutmağı, velosiped sürməyi öyrədərdi, - deyir – həmişə yanımda idi, mənimlə maraqlanar, suallar verərdi”…

Nəvə İslam deyir ki, babası alman çoban itlərini çox sevir.

“Yadımdadır ki, həmişə belə itləri olub. Azı yeddi belə iti vardı, indi biri qalıb. Adı Barikdir. Ondan əvvəlkinin də adı Barik idi…Elə ondan əvvəlkinin də”… - deyir o.

İslamın 8 ya 9 yaşı olanda Barik qəflətən ölüb və prezidentin təhlükəsizlik xidməti ona əvəz tapmaq üçün gizli şəkildə axtarışlara başlayıb. Axır ki, tapıblar. İt “eyni yaşda, eyni rəngdə olub”.

“Babamın itin dəyişdirildiyindən xəbəri də olmayıb” – deyir İslam.

Şəklin mənbəyi, BBC World Service

“Elə indi də bunu bilməsini istəmirəm – deyir, - Bilsə, dilxor olacaq”.

Mən təəccübümü bildirirəm ki, o, indi özünə düşmən kəsilən bir adamın dilxor ola biləcəyindən belə narahatdır.

“Mən inanmaq istəmirəm ki, o mənim düşmənimdir” – deyir nəvə.

O söyləyir ki, Özbəkistanda işgəncələr və fərqli siyasi düşüncə üzərinə təqiblər də daxil olmaqla, insan haqlarının vəziyyəti barədə yazılanları oxuyur. O bildirir ki, özü də “rejimlə mübarizə aparır”, lakin babasını qınamaq istəmir.

“Bəlkə də bir gün ondan bugünkü vəziyyətə nəyin səbəb olduğunu və onun nəyə səbəb olduğunu soruşa bildim, lakin mən onun əvəzinə cavab verə bilmərəm – deyir gənc Kərimov, - Lakin vəziyyət dəyişəcək, çünki bir gün hər şey qaynama dərəcəsinə çatacaq və hər şey dağılacaq”.