Azərbaycan ermənilərə məxsus hərbi təyyarəni vurub

Mi-24

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, 1970-ci illərdən Rusiyada istehsal edilən Mi-24-lər bir çox münaqişələrdə istifadə olunub

Azərbaycan hava məkanını pozduğunu dediyi və "Ermənistan Respublikası Silahlı Qüvvələrinə" məxsus hərbi helikopteri vurduqdan sonra Ermənistan Müdafiə Nazirliyinin sözçüsü hədəli bəyanat yayıb.

"Bu, hadisələrin gözlənilməz eskalasiyasıdır və Azərbaycan üçün nəticələr ağır olacaq", Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan bəyan edib.

Çərşənbə günü təyyarənin vurulması nəticəsində üç pilotun öldüyü və vertolyotun yandığı bildirilir.

"Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib", Azərbaycan Müdafiə Nazirliyinin saytındakı məlumatda deyilir.

Hadisə noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində baş verib, saytda yazılıb.

"Vertolyotun qalıqlarının öyrənilməsi onun göyərtəsində silahın olmadığını təsdiq etmək imkanı verəcək. Azərbaycan tərəfindən vəziyyətin gərginləşdirilməsi hətta vertolyot düşdükdən sonra davam edib", Artsun Hovhannisyan Facebook səhifəsində yazıb. "Bundan əlavə, Azərbaycan tərəfi atəşi davam etdirərək pilotlara yaxınlaşmağa imkan verməyib".

Tanınmamış "Dağlıq Qarabağ Respublikası" Mi-24 helikopterinin vurulduğunu təsdiqləyib. Hadisənin baş verdiyi ərazinin Azərbaycan və Erməni qoşunlarının təmas xəttinə yaxın olduğunu bildirilir.

Bu arada ATƏT-in baş katibi hadisə ilə bağlı bəyanat yayıb. "Dağlıq Qarabağda erməni hərbi vertolyotunun vurulması bu dondurulmuş münaqişənin daha da gərginləşməsinə gətirə bilər", Lamberto Zannier deyib.

“Biz Dağlıq Qarabağın daxilində və xaricində baş verən hadisələrdən çox narahatıq. Bu kimi fəlakətlər get-gedə daha da sabitsizləşən durumda bundan da geniş böhrana gətirə bilər”, Zannier deyib.

Təhlilçilər nə deyir?

İqtidaryönümlü təhlilçi Rasim Musabəyov BBC Azərbaycancaya şərhində deyib ki, münaqişənin qızışdırılmasına səbəb Ermənistanın Azərbaycan ərazisində geniş miqyaslı və "təxribatçı" təlimlərin keçirilməsidir.

Ermənistan əsgərləri

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Dağlıq Qarabağda 2012-ci ildə keçirilmiş hərbi parad

"Ermənistan ora raket silahlarından tutmuş hərbi helikopterlərə qədər gətirib çıxarıb. Səbəb odur ki, həmin helikopter Azərbaycan ərazisinə hücumun imitasiyasını edirdi. Axı heç bir zaman bilmək olmaz bu imitasiyadır, yoxsa nədir? Azərbaycanın müdafiə xəttinə hücumu həyata keçirmək üçün manevr edəndə hazır olmalıdır ki, vertolyot vurula bilər", o bildirib.

Onun sözlərinə görə, vertolyotun Azərbaycanla sərhəddin yaxınlığında düşərək partlaması bir daha təxribatın Ermənistan tərəfinin törətdiyini göstərir.

Artsrun Hovhannisyanın isə bəyanatında deyib ki, vertolyotun "guya onların mövqelərinə hücum etməsi və onların yalnız buna cavab vermələri barədə Azərbaycan tərəfinin uydurmaları mənasızdır".

Londonda yerləşən Foreign Policy Centre (Xarici Siyasət Mərkəzi) tədqiqatçısı Kevork Oskanian deyir ki, hadisənin "müharibə dumanında" baş verdiyinə görə nəyin baş verdiyini demək çətindir.

"Amma təsəvvür edə biləcəyim bəzi ssenarilər var: deyilənə görə, hadisə kifayət qədər böyük bir hərbi təlim zamanı baş verib. Bildiyimə görə Ermənistan/Dağlıq Qarabağ tərəfindən təlimdə təxminən 17 000 əsgər iştirak edib. Ola bilsin hansısa qüsur baş verdi. Bəlkə onlar bilmədən səhv istiqamətdə atəş açdılar", deyə ekspert izah edir. "Eyni zamanda mümkündür ki, bu hansısa düşünülmüş provokasiyadır".

Cənab Oskanianın sözlərinə görə, Ermənistan tərəfi cavab vermək qərarına gəlsə "bu, nəzarət oluna bilməyən bir vəziyyətlə nəticələnə bilər".

"İndi hər şey hər iki tərəfin göstərəcəyi təmkinlilikdən asılıdır", o deyir. "Amma bu hadisə vasitəçilərin nə qədər vacib olduğunu göstərir, bu problemin həllini tapmağın vacibliyini göstərir".

"Provokasiya xarakterli uçuşlar"

Hadisə zamanı üç pilot ölüb və hazırda helikopter yanmaqdadır, erməni mənbələrinin məlumatında deyilir.

"Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib", Azərbaycan Müdafiə Nazirliyi deyir. "Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb".

Nazirliyin məlumatına görə, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı "düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirirlər".

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ müharibəsindən sonra 1994-cü ildə imzalanmış atəşkəsdən bəri bu, ilk belə hadisədir.

Avqust ayında cəbhə bölgəsində intensivləşən atışmalar nəticəsində hər iki tərəfdən azı 18 əsgər ölmüşdü. Azərbaycan və Erməni qüvvələri bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Hadisənin təfərrüatları araşdırılır, Qarabağdakı separatçı rəhbərlik bildirib.