Nərmin Kamalın bloqu: Avropada yaşamağın bir yolu

Şəklin mənbəyi, PA
- Müəllif, Nərmin Kamal
- Vəzifə, Yazıçı, bbcazeri.com üçün
Bir kişi, olardı 45 yaşında, mənə yaxınlaşıb dedi: "Bacı, bağışlayın, bilirəm yeri deyil, yas yeridir, ancaq getməliyəm indi, üzr istəyirəm, ona görə elə burda çadırın yanında yaxınlaşdım, dərdimi deyim. Mənim üç qızım var, böyüyü bu il məktəbə gedəcək, yoldaşım müəllimədi, özüm orda-burda fəhlə işləyirəm. Özüvüz bilirsüz ki, çətindi... Mən xaricə getmək istəyirəm həmişəlik. Dedilər, siz gedib-gələnsiz. Mənə bir məsləhət verin, Avropaya necə köçə bilərik həmişəlik?"
Bu söhbətin səhəri gün... Əvvəlcə onu deyim ki, ölən adamın dünyaya səpələnmiş çoxlu dostları varmış. Kimisi Kanadadan, kimisi Malayziyadan gəlmişdi ki, onu son mənzilə yola salsın. Demək olar, hər beş adamdan üçü xaricdə yaşayan azərbaycanlı idi.
Harda qalmışdıq, söhbətin səhəri günü həyətdə oturmuşdum. Hamı bikef idi, hamı susmuşdu, təkcə samovarın səsi danışırdı. Həyətə bir gənc oğlan girdi, Almaniyada yaşayan azərbaycanlı qonağa yaxınlaşdı:
"Bağışdıyın, Almaniyanın hansı şəhərindəsiz?.. Berlinin özündə?.. Hə, lap yaxşı... Vəziyyət necədi orda? Mən ora getsəm iş tapa bilərəm?.. Vətəndaşlıq neçə ilə verirlər?"
Almaniyada yaşayan qonaq güldü: "Vallah, səhərdən neçə adam soruşub. Bayaq yaşılköynək oğlana da dedim, asan deyil. Mən özüm türklərnən inşaatda..."
Axşama doğru Avstraliyada yaşayan qonağın başına bir dəstə cavan oğlan yığışdı. "O düzdür ki, orda çoban bizim nazirdən çox qazanır?", "Ərazi çoxdur, özləri adam axtarır, ya necə?" - kimi cürbəcür suallar verirdilər.
Yasın iki mövzusu vardı: ölən adam və xaric. Hamı xaricə köçmək istəyirdi. Hamı ən yaxşı, ən mədəni ölkə sorağındaydı. Hamı evinin qapısını kilidləyib uzaqlara qaçmaq arzusundaydı. Yanlarında oturan adama suallar verməyə fürsət axtarırdılar.
Bakıda hava limanının çıxışında taksi sürücüləri təyyarədən enənləri yanladığı kimi yanlayırdılar xaricdə yaşayan azərbaycanlıları. Bəzi bədii əsərlərin sonunda monoloq deyən protaqonist kimi, məsələn, "Ölülər"-dəki Kefli İsgəndər kimi bir adam lazım idi, ortaya çıxıb desin:
"Ey qardaşlar, ey bacılar. Başa düşürəm, tək-tək öhdəsindən gəlinəsi məsələ deyil, amma bəlkə bir yerə yığışıb Azərbaycanın özünü Avropaya çevirəsiniz?! Hansı cəhətlərdir o ölkələrdə sizi cəlb edən, bəlkə onlardan öz ölkənizdə də yaradasınız?! Bir ölkədə beş-yeddi il vətəndaşlıq gözləyənə qədər yeddi ilə öz oturduğunuz yuvanı təmizləyəsiniz?!
"Avropada olmaq istəyirsiniz? Onda liftə tüpürməyin, küçədə qızlara sataşmayın, yaşıllıq salın, haqqınızı tələb edin, siyasətlə maraqlanın, ölkənin gündəmiylə maraqlanın, fəal olun, bir-birinizə hörmət edin, bir-birinizin üzünə gülümsəyin".
Yazıdakılar müəllifin şəxsi mülahizələridir.




