Nərmin Kamalın bloqu: "Şəxsiyyət vəsiqəsi və şərh"
- Müəllif, Nərmin Kamal
- Vəzifə, Yazıçı, bbcazeri.com üçün
Azərbaycanda yaşayanda, cəmiyyətlə qaynayıb-qarışanda bir söz-söhbət var ki, onun hökmən şahidi olursan. Hansı çevrədə olursansa ol, tezliklə gəlib özünü yetirir.
Həmin söz-söhbət konkret bir ittihamdan ibarətdir: “Filankəs dalımca danışıb”.

Şəklin mənbəyi, Getty Images
İnsanlar kiminsə onların arxasınca danışdığını eşidəndə keflərini pozur, əsəbləşir, araşdırma aparır, ölçü götürməyə çalışır və qəti tələb qoyurlar: “Heç kəs arxamca danışmasın”, “Kimin sözü varsa, üzümə desin”.
Bu günlərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzovun elektron media ilə bağlı xüsusi tədbirlər görüləcəyini açıqlaması həmin populyar ittihamı xatırladır.
Siyavuş Novruzovun dediyinə görə, təkliflər gerçəkləşsə, istər saytlarda, istərsə də sosial şəbəkələrdə hər hansı istifadəçi əvvəl şəxsiyyət vəsiqəsinin seriya nömrəsini daxil edib sonra şərh yaza biləcək.
Hər iki məsələnin əsasında eyni model dayanır. Həm adi adamlar, həm də bu qərarı müzakirə edən komitə öz adlarının onların iradəsindən kənarda müzakirə olunmasını xoşlamır, nəzarət etmək istəyir.
Şəxsiyyət vəsiqəsinin seriya nömrəsini daxil et, sonra məni tənqid et, söy. Çünki bizi söyənin adını, yerini bilmək istəyirik, qoy bu bizim üçün asan olsun.
Şəxsiyyət vəsiqənin nömrəsini de, ondan sonra əgər cəsarətin çatırsa, sözünü yaz. Senzura deyil, həvəskar senzuradır. Biz inkişaf etməkdənsə, tənəzzül edirik.
Bu yerdə tək gücümün çatmadığını anlayaraq, məsələyə aidiyyatı olan dövrümüzün böyük şəxsiyyətlərinə müraciət edirəm:
“Deyilməsi mümkün olmayan sözlər yazılmalıdır, amma susulmamalıdır” – filosof Jak Derrida yazır.
“Əgər sən söyə, “F**k” deyə bilmirsənsə, hökuməti də söyə, “F**k the government” deyə bilməzsən” – satirik Lenny Bruce deyir.
“Arxanızca deyilmiş söz senzurasız ədəbiyyat kimidir” – başqa birisi deyir.
İnternet – mətbuat deyil
Belə hesab olunur ki, mətbuat – nizam, İnternet isə xaosun övladıdır. Nizam mövcud olan yerdə yalan, doğru, təhqir, qeyri-təhqir kimi anlayışlar qüvvədə olur, xaosda isə informasiya hədsiz dərəcədə çox olduğundan onun diskretliyi itir.
İnterneti düzən məntiqinin yalan-doğru, informasiya-dezinformasiya kimi anlayışlarıyla yarğılamaq olmaz. İnternetlə tanış olan insana dünya xaos kimi görünür, çünki bura sərhədsizdir, ölçüsüzdür, genişdir, müxtəlifcinslidir, daim də genişlənir.
Təsadüfi deyil ki, mətbuata senzura qoymaq üçün senzura idarəsi olurdu, qəzet çapa getməzdən əvvəl senzura idarəsinə gedirdi, orada bəzi materiallar kəsilirdi və sonra qəzet həmin material olmadan çapa gedib xalqa yayılırdı, - İnterneti isə xırdalıqlara getməklə cümləbəcümlə kəsib-doğramaq mümkün olmadığından, bəzi avtoritar xarici hökumətlər onu, yaxud sosial şəbəkələri tamam kəsirlər, yerli-dibli olmur.
İnternetdə şərh yazmağın şəxsiyyət vəsiqəsinin nömrəsilə bir araya gətirilməsi İnternetə mətbuat ölçülərilə yanaşmaqdır.
Bu, həm də dövlət idarələrinə kağız məktub göndərən sadə adamlara qoyulmuş tələbi xatırladır. Heç Bakıda hər hansı dövlət idarəsinə məktub göndərmisinizmi? Mən iki dəfə şahidi olmuşam, bir dəfə də öz başıma gəlib.
Zərfi poçta təqdim edəndə sizdən şəxsiyyət vəsiqəsi istəyirlər. Dövlət idarələrinə söyüş, təhqir, yaxud da yalan məlumatlar yazılmış məktub göndərənlərin qarşısını almaq üçündür bu tələb.
Madam ki, şəxsiyyət vəsiqəsinin adı bu qədər hallanır, gəlin Xose Saramaqonun gəncliyində yazdığı “Əşyaların həyatı” hekayələr toplusunu xatırlayaq.
Orda əşyalar hadisələrə müdaxilə edirlər. Məsələn, bir hekayədə idarənin qapısı onu açıb-örtən adamların əllərini sıxır, gündə neçə əl bu qapının arasında qalır, başqa bir hekayədə qırx il hakimiyyətdən əl çəkməyən diktatorun altındakı stul yavaş-yavaş çürüyüb dağılır, diktator oturduğu yerdə yerə yıxılır.
Əşyalar etiraz edirlər, əşyalar qisas alırlar. Şəxsiyyət vəsiqəsinin də beləcə İnternetlə calaq edilməsinə etirazı ola bilər; əlləri öz iti tinilə kəsə bilər.




