Nərmin Kamalın bloqu: London qayıqlarında yaşayanlar

Şəklin mənbəyi, narmin kamal
Londonun mərkəzinə yaxın Regent adlı təxminən 13 kilometrlik kanal var. Bir ucu Temza çayına açılır, o biri ucu başqa bir kanala.
Eni təxminən bizim Bakının köhnə Torqovı küçəsinin eni boyda. Kanalın hər iki sahilinə ard-arda rəngbərəng katerlər bağlanıb. Adamlar burda yaşayırlar.
Bəzi katerlərin üstündə çanaq antenləri, dibçəklər, göyərtəsində paltar ipləri, pəncərələrində süzülmüş güpür pərdə, qapılarının ağzında iki-üç cüt şəp-şəp, göyərtəsində çaydan, qazan, yarıaçıq qapıdan içəri boylananda birnəfərlik çarpayı, yarısı yerə sürüşmüş əzik mələfə görünür.
Bəzi katerlər daha səliqəli görünür, mətbəx əşyalarını bayıra qoymayıblar, göyərtəyə stol-stul düzüblər, dama velosipedlərini bağlayıblar.
Belə mənzərəni mən Azərbaycanda qaçqın vaqonlarına baxmağa gedəndə görmüşəm. Orda daha çox qadınlar və uşaqlar gözə dəyirdi, təcili kömək tələb olunan faciə kimi görünürdü.

Şəklin mənbəyi, NARMIN KAMAL
Londonun kater-evlərində isə kişilər, gənc oğlanlar, nadirən qızlar gözə dəyir, burada özünü subkultura, azadlıq, macəra mühitində hiss edirsən.
Solğun, yoxsul katerləri bir-bir geridə qoyub addımlayanda dəbdəbəli katerlərə çatırsan. Başqa sözlə, kanalın varlılar məhləsinə. Bu katerlər hündürdür, iki mərtəbəlidir, parlaqdır, lap qurudakı evlərə oxşayır, pəncərə-qapısı, divarları şəhər mülklərinin memarlığını xatırladır.
Qışda su donanda kasıbyana katerlərdə yaşayanlar içəridə tir-tir titrəyirlər, ona görə bəzi katerlərin üstünə qışa tədarük üçün odun yığıblar.
Təmirli katerlərdə yaşayanlarsa, həmin vaxt içəridə maykayla gəzirlər. Bakıda “kamin” kimi tanınan və dizellə işləyən ev ocağı, mərkəzi isitmə sistemi, hər şəraiti var bu evlərin.
Kater-evdə yaşamağın əsas romantikası gəzəri həyatdır. Şəhərdə işin varsa, yan al, dəmir at, neçə gün, neçə ay lazımdırsa qal, işin yoxdursa, açıl suya, çıx Temzaya, kefin istəyəndə başqa sahilə yan al. Bəzi kater-evlər həmişəlik bir nöqtədə qalmağı seçiblər, bəziləri isə özlərini daimi üzənlər (“continuous cruisers”) adlandırırlar.

Şəklin mənbəyi, narmin kamal
Dövlət-idarə-cəmiyyət isə həmişə var, suda yaşayanlar üçün də mövcuddur. Onlar da dövlət qayda-qanununa tabedir. Misal üçün, kater hara müvəqqəti yan alırsa, o yerə görə parkinq pulu ödəyir, əgər daimi bağlanırsa, həmin ərazinin bələdiyyəsindən icazə alır, kater sahibləri xüsusi vergi ödəyirlər, kateri kirayə verənlər təhlükəsizlik məsuliyyətinə girirlər.
Kater-evlərin öz maraqlarını təmsil eləyən təşkilatları var: biri Yaşayış Katerləri Sahiblərinin Assossiasiyasıdır (“Residential Boat Owners Assossiation”), o biri Daim Üzənlərin Assossasiyası (“The Assossiation of Continuous Cruisers”).
Bütün katerlərə pulsuz paylanan qəzetlər (“Soundings”) də var.
Həmin qəzetdə bu cürə elanlar çıxır: “2015-ci ilin yanvar ayında bələdiyyə üzvlüyünə seçki keçiriləcək, aşağıdakı dörd nəfər daimi üzən kater-ev sakini namizəddir...”
On səkkiz yaşı tamam olan bir sadə ingilis sərbəst yeni həyata başlamaq istəyir. Ona ev lazımdır. Nə etməlidir? Belə gənclərin arasında kater-evlərdə kirayə qalmaq populyardır. Kirayə yox, satış qiyməti isə təxminən Bakının mərkəzində 3-4 otaqlı mənzilin qiymətinə bərabərdir: 150 min funt ucuz, 300 min funt bahalı kater-evlərin qiymətidir.

Şəklin mənbəyi, narmin kamal
“Hazırda mərkəzi Londonun Oyster Pier su dayanacağında 2 yataq otağı, salonu, mətbəxi, ofisi, hamamları, geniş göyərtəsi olan əla təmirli kater-ev satılır. Daxili sahəsi 646 kvadrat fut. 1898-ci ildə istehsal olunmuş bu kater hələ də öz doğma mühərriki ilə işləyir. Keçmişdə bu kater Niderlanddan kənd təsərrüfatı məhsulları daşıyıb, sonra İkinci Dünya Müharibəsi vaxtı Holland Müqavimət Hərəkatına məxsus olub, böyük gəmilərə yanacaq daşıyıb, daha sonra Temza çayına köçüb gəlib, burda evə çevrilib. Qiyməti 275 min funtdur.”
Deməli, təxminən 350 min Azərbaycan manatı. Mərkəzi Londonda, bu katerin bağlandığı ərazidə torpaq üzərindəki adi evlərin qiymətilə müqayisədə bu kater-ev üç-dörd dəfə ucuzdur, odur ki, elandakı kimi kater-evlərə ən qısa müddətdə alıcı tapılır.
Belə evlər başqa bir neçə ölkədə də var. Siyasətçilərin evsizlik problemi dediyi vəziyyətin qarşısını xeyli alır. Çayı, dənizi olanlar ondan hər cür istifadə edirlər. Şaquli şəkildə çoxalmaq şəhərlərin yeganə imkanı deyil.




