Azərbaycanın şəffaflıq qurumuna üzvlüyü sual altında ola bilər

Jonas Moberg deyir ki, məsələ hazırda müzakirə olunur

Şəklin mənbəyi, EITI

Şəklin alt yazısı, Jonas Moberg deyir ki, məsələ hazırda müzakirə olunur

Azərbaycanın dünyada mədən hasilatı ilə məşğul olan şirkətlərin şəffaflığını təmin etmək üçün çalışan EITI (Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü) təşkilatına üzvlüyü sual altında ola bilər.

QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması barədə narahatlıqları nəzərə alaraq demək mümkündür ki, Azərbaycan EITI qaydalarını pozub, EITI-ın beynəlxalq katibliyinin başçısı Jonas Moberg BBC Azərbaycancaya bildirib.

"EITI qaydalarından biri odur ki, vətəndaş cəmiyyəti EITI-da sərbəst fəaliyyət göstərə bilməlidir. Mümkündür ki, (Azərbaycan) bu qaydaları pozub. EITI bunu müzakirə etməlidir və bunun nə ilə nəticələnəcəyinə baxmalıdır", cənab Moberg deyib.

Azərbaycan Dövlət Neft Fondunun sözçüsü BBC Azərbaycancaya deyib ki, Azərbaycanda EITI "tətbiqi prosesi davam edir".

Hökümətə "təzyiq"

"Azərbaycan hər zaman olduğu kimi Şəffaflıq Təşəbbüsünün tətbiqində israrlıdır və yeni standarta uyğun hesabatlılığa keçiddə də ilk ölkə olmağa çalışır", Cəmalə Əliyeva BBC Azərbaycancanın sorğusuna cavab olaraq bildirib.

"Beynəlxalq təşkilatların bəyanatlarına gəldikdə isə bu tip bəyanatlar yalnız Azərbaycan hökumətinə təzyiq etmək məqsədi daşıyır", deyə Neft Fondunun sözçüsü əlavə edib.

Aydın Mirzəzadə

Şəklin mənbəyi, aydin mirzazadeh

Şəklin alt yazısı, YAP deputatı Aydın Mirzəzadə vurğulayır ki, Azərbaycanda "qanun qarşısında hamı bərabərdir"

Cümə günü Vaşinqtonda yerləşən Human Rights Watch insan haqları təşkilatı Azərbaycan hökumətinin "hüquq müdafiəçilərinə və qeyri-hökumət təşkilatlarına qarşı hücumlarına görə" EITI qurumunu Azərbaycanın üzvlüyünü ləğv etməyə çağırıb.

Bu barədə müzakirələr EITI rəhbərliyində müzakirə olunur, qurumun təmsilçisi BBC Azərbaycancaya deyib.

Ötən ay EITI Azərbaycanın QHT Koalisiyası fəaliyyətini dayandırmaq barədə qərar vermişdi. QHT Koalisiyası qərarını QHT-lərin bank hesablarına qoyulan həbslər və müraciət etdiyi hotellərdə seminarlarını keçirə bilməməsi ilə izah edib.

"Biz yeni bir vəziyyətdəyik, yeni problemlər var - bank hesabları ilə problemlər və sair ancaq bu yaxınlarda nəzərimizə çatdırılıb. Biz bu məsələləri hakimiyyətlə qaldırırıq", cənab Moberg deyir.

"(Problemlər) davamlı olsa, EITI ölkənin üzvlüyünü ləğv edə bilər. Məsələlər barədə lazımi addımlar atılmasa bu, son nəticədir, axırıncı çarədir", qurumun rəsmisi əlavə edir.

EITI

Şəklin mənbəyi, capture

Şəklin alt yazısı, Azərbaycan təşəbbüsü həyata keçirən ilk ölkələrdən biridir

Son həftələr ərzində Azərbaycanda bir sıra QHT rəhbəri həbs olunub, onlara qarşı vergidən yayınma və səlahiyyətlərini aşma kimi ittihamlar irəli sürülüb. Hakimiyyət isə deyir ki, onlar fəaliyyətlərinə görə deyil, qanunu pozduqlarına görə həbs olunur.

"Hər hansı siyasi qüvvəyə mənsub olmaq onlara xüsusi bir imtiyaz verilməsinə səbəb olmur", hakim Yeni Azərbaycan Partiyasının deputatı və Siyasi Şurasının üzvü Aydın Mirzəzadə BBC Azərbaycancaya deyib.

Cənab Mirzəzadə vurğulayır ki, Azərbaycanda "qanun qarşısında hamı bərabərdir".

İyulun 30-dan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev həbs olunub. Bundan savayı bir sıra QHT-nin bank hesablarına həbs qoyulub, ofislərində axtarış aparılıb.

Azərbaycanın Şəffaflıq Təşəbbüsü təşkilatından xaric edilməsinin mümkünlüyü barədə hökumətdən reaksiya almaq hələlik mümkün olmayıb.

EITI çərçivəsində Azərbaycan neft gəlirləri barədə hesabatlarını vaxtaşırı açıqlayır və bu təşəbbüsü ilk olaraq həyata keçirən ölkələrdən biri hesab olunur.