Zaha Hadidin Heydər Əliyev mərkəzi layihəsi Britaniyada mükafata layiq görülüb

Bakı

Şəklin mənbəyi, pa

Şəklin alt yazısı, Heydə Əliyev mərkəzinin layihəsi Britaniyanın nüfuzlu "İlin ən yaxşı layihəsi" mükafatına layiq görülüb.

İraq əsilli məşhur britaniyalı memar Zaha Hadidin Bakıda layihləşdirdiyi Heydər Əliyev mərkəzi Britaniyada Design Of The Year müsabiqəsinin əsas mükafatına layiq görülüb.

Design Of The Year mükafatı uğrunda müsabiqə Londondakı Dizayn muzeyi tərəfindən təşkil edilir.

Zaha Hadid Britaniyada layihələşdirmə üzrə ən nüfuzlu sayılan Design Of The Year mükafatını qazanan ilk qadın olub.

Bir müddət öncə BBC-nin “Newsnight” proqramına müsahibəsində Heydər Əliyev mərkəzi barədə "bu bina tiranı şərəfləndirmirmi" sualına cavab verən Zaha Hadid deyib: "Bir var ictimai bina tikmək, bir də var şəxsi mülk tikmək. Mən şəxsi mülk tikmirəm".

Onun Bakıda 2007-ci ildə layihələşdirdiyi və ucaldılmasına rəhbərlik etdiyi Heydər Əliyev mərkəzi və muzey kompleksinin binası eyni zamanda London Dizayn Muzeyinin keçirdyini müsabiqənin arxitektura nominasiyasında da ən yaxşı layihə mükafatına layiq görülüb.

Müsabiqəyə müxtəlif nominasiyalar üzrə 70 əsər nümunəsi təqdim olunub, moda nominasiyasında 1-ci mükafata Prada geyim kolleksiyası, nəqliyyat nominasiyasında isə Volkswagen avtomobil modelləri layiq görülüb.

Müsabiqədə arxitektura, rəqəmli texnologiyalar, moda, mebel, qrafika, məhsul və nəqliyyat sahələri üzrə ilin ən gözəl modelləri seçilməklə yanaşı ilin ən yaxşı layihəsi üçün nəzərdə tutulan Design Of The Year mükafatının qalibi də müəyyən edilir.

Design Of The Year müsabiqəsinə təqdim olunmuş olunmuş layihə və modellərin sərgisi Londonun Dizayn muzeyində avqustun 25-dək nümayiş etdiriləcək.

Heydər Əliyev mərkəzinin arxitektura həlli barədə danışan memarlıq sahəsində nüfuzlu Stirling mükafatının ikiqat mükafatçısı Zaha Hadid binanın dalğavari cizgilərinin "ictimai tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş yeni diazyna malik məkanları kəşf etdiyini" qeyd edib.

Münsiflər heyətiniun sədri Ekow Eshun mükafatın təqdim edilməsi zamanı layihənin gözəlliyini qeyd edərək deyib: "Bu əsərin dahiyanə və diqqətəlayiq olması aydındır".