Avropa rəsmiləri fransız jurnalistlərin Bakıda "saxlanılması" barədə narahatdır

Şəklin mənbəyi, Premieres Lignes
Fransız jurnalistlərin Bakı aeroportunda saxlanılması və çəkdikləri materiallarının müsadirə olunması Avropa rəsmiləri tərəfindən tənqid olunub. Avropa Şurası və ATƏT rəsmiləri bu məlumatları şərh edərkən ölkədəki media üçün mühitin pisləşdiyini bildiriblər.
"Fransız jurnalistlərin Azərbaycanda saxıanılması və materiallarının müsadirə olunması barədə narahatam. Ölkədə #mediaazaqlığı və #insanhaqları vəziyyətinə daha bir zərbə", AŞ İnsan Haqları Komissarı Nils Muiznieks öz Twitter səhifəsində yazıb.
AŞ Baş katibi Thorbjorn Jaglandın ofisi həmçinin məlumata görə "narahat" olduğunu bildirib və cənab Jaglandın gələn həftə başlayacaq Bakı səfəri zamanı media və ifadə azadlığı məsələlərinin gündəmdə olacağını bildirib.
Məsələ ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic həmçinin bu hadisəni nümunə gətirərək Azərbaycanda media azadlığı mühitinin "pisləşməsinə" dair işarə olduğunu deyib.
Fransa prezidenti Francois Hollande-ın səfəri üçün Azərbaycana gələn fransız araşdırmaçı jurnalistlər Bakı aeroportunda saxlanılıb, onların çəkdikləri materiallar müsadirə ediləndən sonra onlar təyyarəyə buraxılıb.
Bu barədə BBC Azərbaycancaya məlumat verən "Premieres Lignes" tele-istehsal şirkətinin redaktoru Benoit Bringer deyib ki, onun iki araşdırmaçı jurnalisti Azərbaycandakı insan haqları və iqtisadiyyat mələlələri barədə informativ material hazırlamağa gəlmişdilər.
"Bu, daha uzun reportajın bir hissəsi olacaqdı", - cənab Bringer deyib və jurnalistlərin aeroportda bir saat saxlandıqlarını bildirib.
Onun sözlərinə görə jurnalistlər Laurent Richard və Emmanuelle Bach-ın bütün sənədləri yerində idi və onlar akkreditasiya almışdılar. "Onların vizalarında hələ bir neçə gün qalmışdı", - o deyib.
"Onu bilirəm ki, təyyarəyə minməzdən az öncə onları saxlayıblar və bir otağa aparıblar. Deyiblər ki, video materialları təhvil verməsələr, təyyarəyə minməyəcəklər".
Jurnalistlər Fransa prezidentindən öncə Bakıya gəlmişdilər. Cənab Hollande-ın iki günlük səfərindən sonra daha iki gün qalandan sonra isə Fransaya qayıdıblar.




