Xədicə İsmayılova: "Əsas problemimiz həqiqəti söyləyib sağ qalmaqdır"

Avropa Şurasının üzvü olan Azərbaycan kimi ölkədə çox vacibdir ki, siyasi məhbuslar problemi həll olunsun, hüquq müdafiəçisinin sözlərinə görə, bunu Fransa prezidenti deyib.
Azərbaycanda rəsmi səfərdə olan Francois Hollande hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycanda siyasi məhbuslar məsələsi haqda danışdığını deyən xanım Yunusun sözlərinə görə, Francois Hollande insanların işlərinə, fikirlərinə görə təqibinin "düzgün olmadığını" bildirib.
Jurnalist Xədicə İsmayılova isə Azərbaycanda jurnalistlərin əsas probleminin "həqiqəti söyləyib sağ qalmaq" olduğunu Fransa Prezidentinin diqqətinə çatdırdığını deyir.
Siyasi məhbuslar
"Dedim ki, prezident İlham Əliyev Brüsseldə Azərbaycanda siyasi məhbusların olmadığını deyəndən sonra mən siyasi məhbusların siyahısını açıqladım və bundan sonra mənə təqiblər başladı", - Leyla Yunus deyir.

Leyla Yunusun sözlərinə görə, Avropa Şurasının Nazirlər Kabinetində sədr olacaq Azərbaycanda 133 siyasi məhbus var.
Görüşdə iştirak edən AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılova isə BBC Azərbaycancaya deyib ki, cənab Hollande-a Azərbaycanda həbs olunmuş jurnalist və bloggerlər haqqında danışıb.
Jurnalistlər
"Dedim ki, bizim informasiyaya çıxışımızı xeyli məhdudlaşdırıblar, amma hazırda əsas problemimiz həqiqəti söyləyib sağ qalmaqdır, çünki buna görə həbsdə olan 14 jurnalist və bloggerlər var", - Xədicə İsmayıl deyir.
Xədicə İsmayılova Fransa Prezidenti ilə görüşdə həbsdə olan jurnalist Əvəz Zeynallının adını çəkdiyini bildirib. "Prezidentin intervyusunda söylədiyi yalanları ifşa elədiyindən sonra onu həbs ediblər", - o deyir.
Fransa Prezidentinə təklif verdiyini bildirən xanım İsmayıl deyib ki, cənab Hollande-nin bu təklifdən istifadə edəcəyinə ümid edir.
"Dedim ki, Fransa Prezidentinin indi imkanı var ki, "Siyasi məhbuslarsız Avropa" adlı yeni bir təşəbbüsə başlasın və bu təşəbbüs istiqamətində Fransa lider ölkə ola bilər. Ümid edirəm ki, Fransa bu imkanından istifadə edəcək".

Şəklin mənbəyi, president.az
Jurnlistin sözlərinə görə, cənab Hollande deyib ki, siyasi məhbuslar məsələsinə çox diqqətlə yanaşır.
"Fransa səfirliyinə də tapşırıqlar verdi ki, bu məsələni xüsusi diqqətdə saxlasın və dedi ki, Avropada siyasi məhbusların olması qəbul edilməzdir".
Xədicə İsmayılova görüşdə iştirak edən siyasətçilərin Azərbaycanda alternativ qüvvələrin təqibindən danışdığını söyləyib.
"Onların əsas mesajı bu idi ki, Azərbaycanda alternativ qüvvələr Qərb yönümlü qüvvələrdir və əslində biz siyasi məhbuslar siyahısına baxsaq, bunlar əsasən Rusiyanın Azərbaycan üzərindəki təzyiqinə qarşı çıxanlar qərb yönümlü siyasətçilərdir. Və dedilər ki, hökümət də qərbyönümlü qüvvələrin təmsilçilərini həbsə atır", - jurnalist deyib.
Məlumata görə, görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycn Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də iştirak edib.




