Dağıstanda “Azərbaycan əsilli silahlı” öldürülüb

Xüsusi təyyinatlı qüvvələrin

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Əməliyyat Xasavyurt rayonunun Pervomayskoye kəndində martın 25-də keçirilib.

Ötən il Pyatiqorsk şəhərində baş vermiş partlayışın təşkilatçılarından biri olduğu deyilən Tural Atayev Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.

1988-ci ildə Azərbaycanda doğulan Atayev partlayışların təşkili, hüquq mühafizə orqanlarının əməkdaşlarına qəsd və sahibkarlardan təhdid yolu ilə böyük məbləğdə pul almaqda təqsirləndirilən "Xasavyurt bandit qrupu”nun başçısı olub, Rusiya Milli Antiterror komitəsi bildirir.

Çərşənbə axşamı günü Xasavyurt rayonunun Pervomayskoye kəndində Tural Atayevlə yanaşı fərdi evlərin birində mühasirəyə alınan daha 4 nəfər silahlının öldürüldüyü deyilir. Atışma vaxtı Rusiya təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub və daha biri xəsarət alıb.

"Öldüyündən xəbərsizəm"

Azərbaycan mətbuatına əsasən, Tural Atayevin atası oğlu ilə 3-4 il ərzində əlaqədə olmadığını deyib.

“Tural Bakıda kollecdə oxuyurdu. Bir neçə il əvvəl dərsə getmək adı ilə evdən çıxdı, sonradan səsi Dağıstandan gəldi. Turalın yaralı olduğunu eşitmişəm, ancaq öldüyündən xəbərsizəm”, Murtuzəli Atayev APA agentliyinə bildirib.

Balakənin Mahamalar kəndində anadan olmuş Tural Atayev silahlı qruplaşma üzvləri arasında “Yəhya” ləqəbi ilə tanınırmış, APA bildirir.

Rusiya hüquq mühafizə orqanlarının məlumatında Tural Atayevin ötən il Pyatiqorsk şəhərində törədilən bomba hücumunun təşkilatçısı olduğu bildirilir.

Yanvarın 15-də keçirilən daha bir əməliyyatda Pyatiqorsk hücumunun təşkilində əli olduğu deyilən Marat İdrisov da öldürülüb.

Ötən il dekabrın 27-də Pyatiqorsk şəhərindəki Yol Hərəkəti Təhlükəsizliyi Baş İdarəsi binasından 200 metr aralı saxlanılmış “Volqa” markalı avtomobilindəki quraşdırlmış bomba partlayışı nəticəsində yoldan keçən 3 adam həlak olmuşdu.