"Sovetski" evlərinə görə təzminatın miqdarı dəyişmir

"Sovetski" ərazisində söküləcək evlərə görə təklif edilən təzminatdan narazı sakinlərin tələbləri ilə bağlı Köçürmə Komissiyası qərarını açıqlayıb.
Baş nazirin müavini Abid Şərifov deyib ki, ərazidə inventarlaşdırma aparılması iə bağlı razılıq əldə edilib.
“Kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər”, APA cənab Şərifovdan sitat gətirir.

Qərarı gözləyən yüzlərlə Sovetski sakini bu ərazinin mərkəzi hesab edilən 150 nömrəli məktəbin qarşısına yığışıb.
Sakinlərlə polis arasında ara-sıra qarşıdurma baş verib, hadisə yerindən fotojurnalist Əziz Kərimov BBC Azərbaycancaya deyib.
<link type="page"><caption> İki həftə</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2014/02/140218_sovetski_residents_meeting.shtml" platform="highweb"/></link> əvvəl, təzminatdan narazı sakinlər icra orqanları ilə geniş görüş keçirib və təkliflərini bildirib.
Onlar əsasən təzminatın artırılmasını, ərazinin sökülməsini zəruri edən rəsmi sənədin sakinlərə göstərilməsini və layihələndirmə və qiymətləndirmənin "damdan-dama, "divardan-divara" prinsipi ilə aparılmasını istəyib.

Bazar ertəsi baş nazirin müavini Abid Şərifov sovetskililərin 7 nəfərlik nümayəndəsinə bildirib ki, sakinlər üçün mərkəzində binalar tikilməsi "mümkün deyil".
“Çünki indi söküləcək ərazilərdə ev tikilməsi nəzərdə tutulmur. Əhali bilməlidir ki, indiki halda evlərə söküntü yox, yalnız siyahıya alma, inventarlaşdırma üçün gəlirlər”.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib ki, hər gün onlarla "kupçalı" sakin 1500 manatlıq kompensasiyaya razılıqlarını bildirən müraciətlər edir.
"Bir evə bir neçə iddialı varsa, biz yalnız onlar öz aralarında razılığa gələndən sonra müqavilə bağlayırıq”.
Cənab Şərifov deyib ki, evlərini satanlara əşyaların daşınması üçün 400 AZN və iki aylıq kirayə haqqı, 1000 manat verilməsi planlaşdırılır.

Evlərin "damdan-dama" prinsipilə ölçülməsi ilə bağlı baş nazirin müavini qeyd edib ki, evin sahəsinin hesablanması ilə bağlı qanunda belə nəzərdə tutulur. "Evin sahəsi divarın içindən hesablanır. Bu qaydanı pozmağa heç kimin haqqı yoxdur”.
O evlərini satmaq istəməyənlərin köhnə binada qala biləcəklərini deyib.
"Məcburi köçürülmə olmayacağını" deyən cənab Şərifov tezliklə məhəllənin baş planını hazırlayacağını bildirib.
Təşkilat Komitəsi bu dəfə də vurğulayıb ki, "satılan evlərdə söküntü işləri aparılarkən digər evlərin sanitar qovşaqlarının" olması diqqətdə saxlanılsın.

Daxili işlər nazirinin müavini Oruc Zalov isə sakinləri mümkün aksiyalarla bağlı hədələyib: "Heç kimin ailəsindən bir gəncin saxlanılmasını istəmirik. Kim qanunları pozacaqsa, qanuna müvafiq addımlar atılacağını da bilməlidir".
150 nömrəli məktəbin qarşısına toplaşan sakinləri isə polis əvvəlcə "pərən-pərən" salıb, fotojurnalist Kərimov deyir.
Daha sonra sakinlər Hacı Cavad məscidinin qarşısına toplaşıb və yolu bağlamaq istəsə də, polis imkan verməyib.
"İki nəfərin saxlanılması barədə məlumat verildi, amma sakinlər tələb etdi ki, onlar buraxılmasa, heç yerə getməyəcəklər".
Sovetski ərazisində fevralın 10-dan Yasamal Rayon İcra Hakimiyyəti söküləcək ərazilərin layihələndirməsinə başlayıb.




