Dayısı gey gəncin "ailəsilə problemləri olmadığını" deyir

Şəklin mənbəyi, Isa Shahmarli
İntihar etmiş Azad LGBT təşkilatının sədri İsa Şahmarlı cümə axşamı dəfn edilib.
Lakin Şahmarlının dostları yas mərasimindən "qovulub", jurnalist Pərviz Əzimov BBC Azərbaycancaya bildirib.
"Binə kəndinə girə bilsək də, məzarlığa getməyə qoymurdular. Deyirdilər ki, İsanı siz pozdunuz, gey elədiniz, kəndin adını batırıb o", jurnalistin sözlərinə görə, bu sözləri kəndin gənc və orta yaşlıları mərhumu yola salmağa gələn LGBT nümayəndələrinə deyib.
Əzimov deyir ki, jurnalistlərə də çəkiliş aparmağa da imkan verilməyib.
“Biri özünü İsa Şahmarlının əmisioğlu kimi təqdim etdi. Onlar bizə imkan vermədilər ki, dəfni çəkək. Orda bildirdilər ki, bir neçə dəqiqə bundan əvvəl İsanın bir neçə dostu da dəfn mərasimində iştirak etmək istəyib. Lakin onları da ordan qovublar”, ANS TV müxbiri Gülnar Orucova deyib.
Orucova bildirib ki, telekanalının kamerası sındırılıb, ANSpress yazır.
Hətta məzarlıqda bir gəncin uzaqdan çəkiliş aparmasına görə "dava düşüb".
Bundan sonra, təxminən 50-ə yaxın gənc "gizlənib" və ailənin məzarlıqdan getməsini gözləyib.
"Ailəsi getdikdən sonra, İsa ilə vidalaşdıq", Əzimov bildirib.
Cümə axşamı səhəri Şahmarlının dayısı BBC Azərbaycancaya dəfnetmə mərasiminin vaxtını "bilmədiyini" deyib.
"Niyə soruşursunuz? bilmirik", ad-soyadını demək istəmədən özünü Şahmarlının dayısı kimi təqdim edən şəxs BBC Azərbaycancaya deyib.
Çərşənbə günü yayılmış məlumata görə, dəfnetmə prosesi cümə axşamı günorta baş verməli idi.
Amma sonradan dostlarına deyilib ki, dəfnetmə zamanı 2-3 saat qabağa cəkilib.
Ailəsi iddiaları rədd edib
Həmin şəxs Şahmarlının ailəsi ilə problemləri olması barədə ittihamları rədd edib.
"Yalan söhbətdi, kimsə yayıb bunu, amma yalandı".
Şahmarlının atası isə mediaya danışmaq istəməyib.
1991-ci il təvəllüdlü Şahmarlı çərşənbə günü özünü asaraq intihar edib, Azad LGBT təşkilatı məlumat verib.
Onu xəstəxanaya çatdırmaq müvəffəq olmayıb, amma təcili tibbi yardım çağrılıb.
O, Şahmarlı intihar etməzdən təxminən 10-15 dəqiqə öncə Facebook profilində status paylaşıb.
“Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm...Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida”.
Dostlarının dediyinə görə, o özünü cinsi azlıqların təşkilatına məxsus bayraqdan asaraq intihar edib.
Polis intiharla bağlı araşdırılma aparıldığını deyir.
"Qınaq"
Dostları iddia edir ki, Şahmarlı cinsi mənsubiyyətinə görə, ailəsinin qınağıyla üzləşirdi.
"Ailəsilə problemləri var idi, evdən qovulmuşdu 1 il idi, son statusundan da görünür. Anası onu sıxışdırırdı, "üz qarası" deyirdi, atası ilə isə hər şeyin üstü açılandan sonra danışmırdı".
Məlumata görə, ailəsi bundan öncə Şahmarlını "müalicə etmək" istəyib.
Mərhumun ailəsi BBC Azərbaycancaya bu iddiaları rədd edib və "yalan" adlandırıb. Lakin onlar gəncin ölümü ilə bağlı cinayət işi qaldırılması üçün şikayət verəcəklərini bilmir.
Dostlarının dediyinə görə, ailə üzvləri İsa Şahmarlı intihar edəndən sonra onun yaşadığı evə gəlib. Bəzi məlumatlara görə, İsa Şahmarlının anası hadisə yerində huşunu itirib.
Hazırda hadisənin baş verdiyi İslam Səfərli, 59 ünvanında polis və tibbi ekspertiza əməkdaşları çalışır, polis bildirir.
İnternetdə İsa Şahmarlıya süni nəfəs verməyə çalışanların ilk tibbi yardım işçiləri olduğu görünür.
Qaynar xətt
Səbayel rayon 26 saylı polis bölməsinin rəis müavini Yalçın Yaqubov deyib ki, Şahmarlı bundan əvvəl ona qarşı hər hansı təzyiq və təhdid edilməsi ilə bağlı müraciət etməyib.
Rəis müavini deyib ki, onun intihar planı ilə bağlı öncədən məlumat daxil olmayıb.
"Araşdırma aparıldıqdan sonra, cinayət işinin açılıb-açılmamağı barədə qərar veriləcək", Yaqubov bildirib.
Azad LGBT təşkilatı isə açıqlamasında deyir ki, təşkilat üzvlərinin heç biri gəncin intihar edəcəyini bilməyib.
"Yeni layihələr üzərində çalışırdı, çox gümanki ailəsindəki problemlərə görə belə addım atıb, amma ekspertin cavabını gözləyirik".
Təşkilata görə, ola bilər ki, gənc mediada intihar xəbərlərinin "çoxluğuna görə" təsir altına düşüb.
"Düşünürük ki, Azərbaycan höküməti bunu nəzərə alacaq və tezliklə, dəstək üçün qaynar xətt açılacaq".
Nəfəs LGBT təşkilatı isə açıqlamasında deyilir ki, "nifrət cinayəti"nin qurbanı olmuş LGBT insanların ruhuna hörmət və ehtiram əlaməti olaraq 22 Yanvar tarixini Azərbaycanda "LGBT Fəxr günü" bəyan etdiyimizi bildiririk".
"İnsanların homoseksuallara barmaq arası baxmaları, bu sahədə olan savadsızlıq və məlumatsızlıq diskriminasiya hallarının çoxalmasına səbəb olur", təşkilat qeyd edir.
Azərbaycanda son ay ərzində bir neçə intihar hadisəsinin baş verməsi barədə məlumatlar yayılıb.




