Fərhad Əliyev və qardaşı azadlığa buraxılır

İlham Aliyev
Şəklin alt yazısı, Prezident Əliyev seçkidən dərhal sonra əfv fərmanı imzalayıb.

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyev prezident İlham Əliyevin imzaladığı növbəti əfv fərmanı ilə azad ediliblər.

Ümumiyyətlə, isə əfv fərmanında həbsxana cəzalarına xitam verilən 134 məhbusun adları var.

Fərhad Əliyev 2005-ci il parlament seçkiləri ərəfəsində həbs edilmişdi. Onun hüquqlarını müdafiə edənlər Fərhad Əliyevin ölkədə monopolizmə qarşı çıxmaqla bəzi qüdrətli həmkarlarının maraqlarına toxunduğuna görə həbs edildiyini bildirirdilər.

Maraqlıdır ki, 9 oktyabr seçkisində bəzi medialar Fərhad Əliyevin 2 saylı koloniyada İlham Əliyevə səs verdiyi barədə xəbərlər yaymışdı.

O İlham Əliyevə səs verdikdən sonra, mətbuat üçün açıqlamasında demişdi: “Azərbaycanın müstəqilliyi, təhlükəsizliyi, sabitliyinə təminat verən prezidentə səs verdim. Yüksək istedadına, dövlətçilik və idarəçilik bacarığına bələd olduğum şəxsə səs verdim". ..

Bundan başqa bir sıra müxalifət qəzetləri hələ sentyabr ayında Fərhad Əliyevin əfvinin gözlənildiyini və bununla əlaqədar hakim komandada ikitirəliyin yarandığını yazırdılar.

Əfv olunacağı haqqında çox söhbət gedən keçmiş AXCP üzvü Daşqın Məlikovun adı isə əfv siyahısına daxil edilməyib.

Onun atası seçkidən bir neçə gün əvvəl BBC Azərbaycancaya bildirmişdi ki, oğlu partiya sıralarını tərk edib və İlham Əliyevə səs verəcəyini söyləyib.

Daşqın Məlikov üzvü olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarından çıxması üçün Əli Kərimliyə də müraciət etdiyini və “Azadlıq” qəzetində siyasi məhbusların şəkillərinin siyahısından öz şəklinin götürülməsini xahiş etdiyini bildirmişdi.