"Min qəzəb, bir eşq" - iranlı azərbaycanlı rejissorun yeni filmi

Min bir öfkə, bir eşq
Şəklin alt yazısı, "Min qəzəb, bir eşq" filmindən kadr.

İranlı azərbaycanlı rejissorun yeni “Min qəzəb, bir eşq” adlı tammetrajlı filmi 2014-cü ilin fevralında keçiriləcək Berlin Kinofestivalına təqdim olunacaq.

Filmin rejissoru Vahid Azərnəvid BBC Azərbaycancaya müsahibəsində bildirib ki, “Min qəzəb, bir eşq” filminin son montaj işləri gedir.

Türkiyədə çəkilmiş 90 dəqiqəlik tammetrajlı filmin anonsu Türkiyə telekanallarında və YouTube saytında yayınlanıb.

Qəhrəmanın izi ilə

Hazırda Ankarada yaşayan Azərnəvid tezliklə Kanadaya mühacirət edəcəyini deyir.

Beləliklə o, öz filmindəki qəhrəmanın qədəmləri ilə gedir.

Baş qəhrəman Aydın da Türkiyəyə Avropaya köçmək üçün bir tranzit məntəqəsi kimi gəlir.

Qəhrəmanın İrandan mühacirət etməsinə səbəb isə, Tehran rejiminin milli azlıqlara, onların mədəniyyət və incəsənətinin təbliğinə dost olmayan münasibətidir.

Filmin personajları öz dillərində - Azərbaycanca danışırlar və subtitrlərdən istifadə edilir.

“Bu ölkə Hüseyn məscididir”

Açılış səhnəsində qəhrəmanı İran təhlükəsizlik müstəntiqinin qarşısında görürük.

O, Aydına qəzəbli və kinayəli bir şəkildə, farsca deyir: “Unutma ki, bu məmləkət bir Hüseyn məscididir”.

Aydının Türkiyədəki həyatı da ürəkaçan deyil, onu çox yerdə qəbul etmək, dərdini eşitmək istəmirlər və bu arada bir eşq romanı da yaşanır.

“Mən bu filmi həm də bir eşq hekayəti adlandırardım” – deyir rejissor.

Vahid Azərnəvid bizimlə söhbətində deyir ki, Türkiyədə Azərbaycan Respublikasından olanları yaxşı tanıyırlarsa da, İran azərbaycanlıları haqqında məlumatları çox azdır.

“Min qəzəb, bir eşq”in anonsundan görünür ki, film faciə ilə sonlanır.

Rejissor Vahid Azərnəvid deyir ki, onun məqsədi İrandakı azərbaycanlıların öz mədəniyyət və incəsənətlərindən "istədikləri şəkildə zövq almaq imkanından məhrum edilməsinə" diqqət çəkməkdir.

Vahid Azərnəvid həm də “Son qatar”, Azərbaycan Respublikasında cənubluların həyatını əks etdirən “Qara günlər” filmlərinin rejissorudur.

Bu filmlərin hamısı Azərbaycan mövzusundadır.

Rejissor deyir ki, onun filmlərinin mövzusunu şimal və cənuba bölmək düzgün deyil və o, Azərbaycanı daim "vahid bir anlayış kimi" qəbul edir.

Bundan əvvəl 2011-ci ildə onun “Dörd bir yanım Sibirdir” filmi Antalya Altın Portakal Film Festivalında finala yüksəlib.