Ümid Partiyasından istefalar İqbal Ağazadənin İlham Əliyevi təbrik etməsinə görə olub

İqbal Ağazadə İlham Əliyevi prezident seçilməsi barədə təbrik etməsinə dair mövqeyinin partiya ilə razılaşdırılması məsələsinə şərh verməyib.
Prezidentliyə keçmiş namizədlərdən biri, Ümid Partiyasının sədri İqbal Ağazadənin qalib gəlmiş namizədə “uğurlar arzulaması” partiyadan istefalara səbəb olub.
İstefa verən tanınmış partiya üzvləri Aynur İmranova, partiyanın gənclər təşkilatının sədri Elvin Camalov və digərləri deyirlər ki, partiya sədri onların razılığı olmadan belə açıqlama verib.
Partiya sədri isə istefalara normal yanaşdığını deyir.
Mərkəzi Seçki Komissiyanın yekun nəticələrinə görə, oktyabrın 9-da keçirilən prezident seçkilərində 3-cü dəfə prezidentliyə namizədliyini irəli sürmüş İlham Əliyev səslərin 84, 5 faizini toplayaraq qalib gəlib.
Rəsmi nəticələr açıqlandıqdan bir gün sonra Ümid Partiyasının sədri yerli mediaya açıqlamasında İlham Əliyevi təbrik edib.
Partiya üzvü Aynur İmranova BBC Azərbaycancaya deyib ki,” istefasına səbəb İqbal Ağazadənin seçkinin nəticəsini tanıması və hazırda hakimiyyətdə olan İlham Əliyevin qələbə çalmasını dəstəkləməsi və ona uğur arzulamasıdır”.
Açıqlamalarından birində İqbal bəy deyib ki, “onların gedəcəyindən xəbərim var idi”.
"Saxta seçkini tanımaq fikrində deyilik"
Aynur İmranova isə bildirib ki, “partiyaya gəldiyim ilk gündən, həmişə demişəm ki, hakimiyyətin özündən və mövqeyindən istifadə edərək saxtakarlıq edəcəyi halda, qalib təbrik olunarsa, mən partiyada qala bilmərəm".
"Seçkilər keçirilən günün gecəsi məsləhətləşmələr aparılıb və uğurlar arzulanmayacağı, nə də təbrik edilməyəcəyi qərara alınıb. Bu partiyanın qərarı olsaydı belə, mən yenə də partiyadan gedərdim”.
“Demokratik ölkələrdə prezident seçkilərində yarışırsansa və uduzursansa qarşındakını təbrik etmək bir mədəniyyətdir, bir etikadır. Amma bizim hakimiyyətin seçki saxtakarlığı ilə keçirdiyi bir seçkidə yarışın qalibi və ya məğlubu müəyyən olunmur. Ümid Partiyasının müşahidəçiləri öz Facebook səhifələrində yetərincə saxtakarlıqla bağlı videolar paylaşıblar. Biz orda savaşmışıq mübarizə aparmışıq” – deyib xanım İmranova.
Partiya üzvü sədr müavini kimi yerli mediada və radio debatlarda çıxış etdiyini desə də, rəsmi olaraq müavin olmadığını bildirib:
“Avqust ayında partiyanın qurultayı keçirildi və sədr seçildi. Prosedurlara görə bütün müavinlər yenidən təyin olunmalı idi, yeni Rəyasət Heyəti formalaşdırılmalı idi. Amma seçkilərin nəticəsi gözlənildiyinə görə bu məsələ gecikdirildi. İki aydır partiya sədri müavinsiz fəaliyyət göstərirdi”.
Ağazadə təəssüf edir
Partiyanın Gənclər Təşkilatının sədri Elvin Camalovun da istefası da bu hadisə ilə əlaqədardır.
BBC Azərbaycancaya danışan gənc fəal deyib ki, “seçki qeyri-şəffaf keçirildiyindən Gənclər Təşkilatı seçkininin nəticələrini tanımır”.
“Ümid Partiyasının sədri İlham Əliyevə uğurlar arzulayıb və seçkinin nəticələrini tanıyıb. Bakıda olan gənclər təşkilatı buna etiraz olaraq istefa verib və təşkilat tamamilə dağılıb. Partiya sədri əvvəldən mövqeyimizi bilirdi, müzakirə olunmuşdu və hesab edirəm ki, biz doğru qərar vermişik” – deyib Elvin Camalov.
İqbal Ağazadə BBC Azərbaycancaya partiyadan olan istefalara “normal” yanaşdığını desə də, Gənclər Təşkilatı sədrinin istefası və təşkilatın özünü buraxması haqda məlumatlı olmadığını bildirib.
Cənab Ağazadə prezidentliyə keçmiş namizəd İlham Əliyevi təbrik etməsilə qərarı tək qəbul etməsinin səbəbi barədə suala qısa cavab verib: “Bu barədə şərh vermək istəmirəm. Çox təəssüf edirəm. Bu iddia doğru deyil”.




