NİDA-çıların həbs müddəti daha 3 ay uzadıldı

Nəsimi rayon məhkəməsində ard-arda N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin iki üzvü Rəşadər Axundov, Üzeyir Məmmədli və koordinatoru Zaur Qaurbanlının həbs müddətinin uzadılması məsələsinə baxılıb.
“Mediaforum” saytının məlumatına görə, hər üç gənc fəalın həbs müddəti noyabrın 30-dək uzadılıb.
Rəşadət Axundovun vəkili Rəşid Hacılı deyib ki, Baş Prokurorluğun həbs müddətinin uzadılması ilə bağlı verdiyi vəsatət təmin edilib.
“Rəşadət özü də prosesdə iştirak edib. Babasının intiharı onu üzüb. Amma saxlanma şəraiti və səhhətindən şikayəti yoxdur.”
Üzeyir Məmmədlinin vəkili Fəxrəddin Mehdiyevin sözlərinə görə, hakim Etibar Hümbətovun sədrliyi ilə keçən prosesdə Məmmədlinin həbs müddətinin noyabrın 30-na kimi uzadılması haqda qərar verilib.
Sentyabrın 12-də N!DA Vətəndaş Hərəkatının həbsdə olan yeddi üzvü və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı Cinayət Məcəlləsinin 220.1-ci maddəsi (kütləvi iğtişaş törətmək) ilə yeni ittiham irəli sürülüb.
Bundan sonra cənab Axundovun babası nəvəsinə qarşı yeni ittihamın sürüldüyünə görə damarlarını kəsməklə intihara cəhd edib. Bir sutka xəstəxanada qalan Əyanət Axundovun həyatını xilas etmək mümkün olmayıb və o, sentyabrın 13-də gecə <link type="page"><caption> vəfat edib</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/09/130914_akhundov_died.shtml" platform="highweb"/></link>.
Gənc fəal babasının dəfnində iştirak edə bilməyib.
N!DA Vətəndaş Hərəkatının yeddi üzvü hazırda həbsdədir. Gənclər martın 10-da "Əsgər ölümlərinə son" aksiyasında zorakılığa çağırışda, narkotik və partlayıcı maddələrin qanunsuz saxlanmasında ittiham olunurlar.
N!DA yeni ittihamın irəli sürülməsi ilə əlaqədar bəyanatında bunu "tamamilə əsassız və heç bir hüquqi arqumentə söykənməyən" qərar adlandırıb.
“Amnesty International” həbs olunan gənc fəalları vicdan məhbusu kimi tanıyıb.
Hakimiyyət nümayəndələri Azərbaycanda gənclərin fəaliyyətinə məhdudiyyətlər olmadığını, yalnız "cinayətkarların" cəzalandırıldığını deyir.
Bu gün keçirilən məhkəmə prosesində istintaqın yaxın zamanlarda yekunlaşacağı haqda fikir səslənib. Gənclərin həbs müddəti artıq 3-cü dəfə uzadılır.




